2002-ci ildən başlayaraq hər il aprelin 6-da Ümumdünya Fiziki Aktivlik Günü qeyd edilir. Fiziki aktivlik əzələlər vasitəsilə yerinə yetirilən və enerji sərf olunan hər hansı bədən hərəkətidir. Fiziki hərəkətsizlik xroniki xəstəliklərin yaranmasının risk amilidir və dünyada ildə 2 milyondan çox insanın ölümünə səbəb olur.
Qlobal miqyasda yaşlıların orta hesabla hər üç nəfərindən biri fiziki cəhətdən yetərincə aktiv deyil. Bundan əlavə, süd vəzinin və yoğun bağırsağın xərçəngi xəstəliklərinin təqribən 21, diabet hallarının 27 və ürəyin işemik xəstəliyinin təqribən 30 faizinin əsas səbəbi fiziki hərəkətsizlikdir.
Müxtəlif yaş qruplarına mənsub olanlar üçün aktivliyin optimal səviyyəsi barədə tövsiyələr hazırlanıb, lakin azacıq da olsa fiziki aktivlik, ümumiyyətlə belə aktivliyin olmamasından daha yaxşıdır. Passiv həyat tərzi keçirənlər fiziki aktivliyin mövcud səviyyəsindən başlayaraq məşğələlərin müddəti, tezliyi və intensivliyini tədricən artırmalıdırlar.
Ölkəmizdə Ümumdünya Fiziki Aktivlik Günü hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, fiziki passivliyin, yəni fiziki aktivliyin olmaması və ya az olmasının sağlamlığa zərərli təsirləri barədə məlumat verilir.
Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.