Nəcib peşə sahibləri deyəndə təbii ki, ilk yada düşən həkimlər olur. Onları heç bir tərəddüdsüz sağlamlıq keşikçiləri də adlandıra bilərik. Amma unutmamalıyıq ki, bu nəcib peşə sahiblərinin ən yaxın köməkçiləri tibb bacılarıdır. Yəni insan həyatının ən qiymətli neməti olan cansağlığını tibb bacısız təsəvvür etmək mümkün deyil. Həkimlərlə müqayisədə tibb bacılarının fəaliyyəti bir qədər kölgədə qalmış kimi görünsə də, reallıqda onların əməyi həmişə yüksək qiymətləndirilib. Bunun bir bariz nümunəsi də müasir tibb bacısı peşəsinin qurucusu Florens Naytingeylin doğum günü – 12 mayın hər il dünyada Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd edilməsidir. Azərbaycanda da adını səhiyyə, tibb bacısı peşəsi tarixinə qızıl hərflərlə yazmış şəxslər çoxdur. İlk azərbaycanlı şəfqət bacısı isə Nigar Şıxlinskayadır.
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə bu şərəfli vəzifənin öhdəsindən uğurla gələnlərin sırasında ATU-nun klinikalarında çalışan tibb bacılarının məxsusi yeri var. Beynəlxalq Tibb Bacısı Günü ərəfəsində həmsöhbətimiz belə nəcib peşə sahiblərindən biri, ATU-nun Onkoloji Klinikasının baş tibb bacısı Kəmalə Zülfüqarovadır.
Məlumat üçün bildirək ki, 1988-ci ildə orta məktəbi bitirdikdən sonra 1 saylı Tibbi Kollecə daxil olan Kəmalə xanım axşam növbəsində təhsil alıb, gündüz növbəsində isə A. T. Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində tibb bacısı köməkçisi işləyib. 1990-cı ildə 1 saylı Tibbi Kolleci bitirərək əvvəlki iş yerində onkoginekologiya şöbəsinin böyük tibb bacısı vəzifəsində çalışıb. 2007-ci ildə ATU-nun Onkoloji Klinikasına işə dəvət olunub və klinikanın baş tibb bacısı vəzifəsinə təyin edilib.
“Tibb bacısı peşəsi mərhəmət, şəfqət və səbr, öz üzərində daim işləməyi tələb edən peşələrdən biridir” deyən K. Zülfüqarovanın sözlərinə görə, tibb bacısının əsas işi həkimə qədər xəstəyə tibbi yardım göstərmək, eləcə də laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini təmin etməkdir. Bundan əlavə, xəstənin müalicəsində, xüsusən stasionarda, tibb bacısı son dərəcə böyük rol oynayır. Həkimin təyinatlarını yerinə yetirmək, ağır xəstələrə qulluq etmək, bir çox əməliyyatları (bəzən olduqca mürəkkəb) yerinə yetirmək orta tibb işçisinin bilavasitə vəzifəsidir. Həmçinin tibb bacısı xəstənin müayinəsində, onun müxtəlif cür cərrahi əməliyyatlara hazırlanmasında iştirak edir, əməliyyat zamanı anestezist və ya əməliyyat bacısı kimi çalışır, reanimasiya və intensiv terapiya şöbələrində xəstələrə baxır. Bütün bunlar tibb bacısından nəinki bilik və səriştə tələb edir, həm də onun mənəviyyatına yüksək tələblər qoyur. O, kollektivdə özünü aparmağı, xəstələrlə və onların qohumları ilə rəftar etməyi bacarmalıdır”.
İxtisasartırma kurslarında, seminarlarda iştirakın vacibliyinə də toxunan Kəmalə xanım bildirib ki, təkcə nəzəri biliklər kifayət deyil, praktiki təcrübə peşəkar tibb bacısının fəaliyyətinin göstəricisidir: “2020-ci ildə Azərbaycan Tibb Universitetinin rektorunun təşəbbüsü ilə “Tibb bacısı işi” ixtisası üzrə bakalavr səviyyəsində ixtisasın açılması bir yenilikdir. Bakalavr pilləsi tibb bacılarına xüsusi bacarıqların aşılanması ilə fərqlənir. Bakalavr pilləsini bitirən tibb bacıları təşkilatçı, pedaqoq, müstəqil qərar qəbul edən klinik tibb bacıları olacaqlar. Məqsəd praktik biliyə və bacarıqlara sahib olan ixtisaslaşmış tibb bacısı hazırlamaqdır. Tibb bacısının bütün bacarıqları ilə yanaşı, çox vacib göstəricilərdən biri də xəstələrlə davranışıdır. Çünki bizim işimiz xəstə insanlara kömək etmək, onların əziyyətlərini azaltmaqdır. Yadda saxlamaq lazımdır ki, xəstə dərdinə əlac istəyir, onа bədbəxtçilik üz vermişdir, bəzən bu, çox ciddi olub onun səhhətinin, əmək qabiliyyətinin itirilməsinə, hətta ölümünə səbəb ola bilər. Tibb bacısı xəstənin dərdinə tamam şərik olarsa, vəziyyətini dərindən başa düşərsə onunla xəstə arasında gözəl ünsiyyət bağlana bilər. Müalicənin uğurlu olması üçün isə bu, son dərəcə vacib şərtdir”.
Xəstənin həssas münasibətə, mənəvi köməyə, mehribançılığa ehtiyacının heç də dərmandan az olmadığını vurğulayan tibb bacısı hələ yaxın zamanlara qədər tibb bacılarına şəfqət bacıları deyildiyini xatırladıb: “Bu söz nəinki onların işinin ixtisas cəhətini, həm də mənəvi cəhətini ifadə edirdi. Laqeyd, tez özündən çıxan, xəstənin dərdini başa düşməyə qabil olmayan adam tibb müəssisələrində işləməyə layiq deyildir. Tibb bacısı xəstə ilə danışdıqda, əziyyətli və ağrılı əməliyyatları yerinə yetirdikdə xəstənin fikrini yayındırmağa çalışmalı, ona ürək-dirək verməli, sağalacağına inam yaratmalıdır. O həm da psixoloq olmalıdır, yəni hər xəstənin fərdi xüsusiyyətlərini və həmin anda onun vəziyyətini nəzərə almalıdır: xəstənin birini azca dözməsi üçün dilə tutmalıdır (məsələn, ona belə deməlidir: “Bir az incidəcək, amma sonra yaxşı olacaq”), başqa bir xəstənin isə kənar söhbətlə başını qatımalıdır və s. Çox vaxt xəstələr tibb bacılarından öz diaqnozunu və sağalmasına ümid olub-olmamasını soruşurlar. Xəstəyə onun sağalmayacağını, xüsusən onda yaman şiş olmasını qətiyyən demək olmaz. Xəstənin proqnozuna gəldikdə isə, onu qəti inandırmaq lazımdır ki, sağalacaq. Lakin ağır xəstəyə onun xəstəliyinin “boş” bir şey olduğunu və “tezliklə evə buraxılacağını” deyib arxayınlaşdırmaq da olmaz, çünki çox vaxt belə xəstələr düçar olduqları xəstəliyin xarakterini pis bilmirlər və həddindən artıq xoş söz eşitdikdə səhiyyə işçilərinə inamı itirirlər. Onlara belə demək daha yaxşıdır: Doğrudur, sizin xəstəliyiniz yüngül deyil və uzun müddət müalicə olunmalısınız, lakin axırı yaxsı olacaq. Elə tibb bacısı peşəsinin qurucusu Florens Naytingeylin məşhur ifadəsini xatırlatsaq, Tanrının ən dəyərli hədiyyəsi olan həyat, çox vaxt tibb bacılarının əllərinə həvalə olunmuşdur”.