“May ayında toy olmaz” fikrini görəsən kimlər, nə məqsədlə uydurub?
Xalqın milli dünyagörüşünü əks etdirən frazeologizmlər – məcazi mənalı sözlər tibb sahəsində də kifayət qədərdir. Universitetimizin doğma “Təbib” qəzetinin əməkdaşı Arif Məmmədlinin mənə ünvanladığı bir sual bu məqalənin ərsəyə gəlməsinə səbəb oldu: doktor, el arasında belə məsəllər var ki, yazda qan qaynayır, yaz qanın qaynayan fəslidir və s. Bunu necə başa düşmək olar?
Hələ vaxtilə tələbəlik dövründə mərhum professor Zərifə Zeynalova mənə “Bakı şəhəri şəraitində neyrosirkulyator distoniyanın (vegetativ nevroz) yayılması, təsnifat növləri, yaş, cins xüsusiyyətləri” mövzusunda tələbə elmi işini tövsiyə etmişdi. Maraqlı fakt o olmuşdu ki, yaz və payız fəsillərində bu patologiyaya daha çox təsadüf edilir. Və o zaman litvalı tələbələrin konfransda “mövsümilik nə ilə əlaqədardır” sualına qaneedici belə bir cavab verildi: bir halda ki vegetativ nevrozlar ətraf mühitə adaptasiya pozğunluğu kimi qiymətləndirilir və nəzərə alsaq ki bizim regionda yazda meteoroloji şəraitdə kəskin dəyişikliklər izlənilir, o zaman bu belə ola bilər: bu fəsildə günün uzunluğunun artması ultrabənövşəyi şüaların bolluğu, rütubətdə dəyişikliklər, bir sözlə, dəyişən meteoroloji amillərə qarşı adaptasiya baş verir. Bir sıra xəstəliklər - bahar konyunktivitləri, pollinozlar meydana çıxa, onikibarmaq bağırsağın xorası, revmatik qızdırma, hipertoniya xəstəliyi, bir qisim ruhi patologiyalar isə bu zaman residivləşə bilir.
Uzun illər insanı təbiətdən ayrıca, əlahiddə şəkildə öyrənməyə çalışdılar. Təbiətin mühüm üzvi hissəsi olan insanı ətraf aləmdən ayırmaq nə dərəcədə düzdür?! Bahar fəslində təbiətə nəzər salsaq görərik ki, təbiət necə oyanır, bütün bitki və heyvanat aləmi necə “qaynayır”. Arılar, qarışqalar işə başlayır, ağaclar çiçəkləyir, çiçəklər tozlandırılır, yuvalar qurulur. Və s. və i.
Yoqa təliminə görə, qışda kristallik quruluşu özündə saxlayan su molekullarında “həyat eşqi” kimi dəyərləndirılən “pranalar” mövcuddur. Yazda həmin su molekulları bulaqlar şəklində üzə çıxır. Məhz həmin suyun içilməsi, necə deyərlər, həyatı oyadır.
Dədə Ələsgər demiş:
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Və bu fəsildə hipofizar sistemin insanda da stimulə olunması harmonik şəkildə müsbət pozitiv halların baş verməsinə səbəb olur. Endokrin sistem, necə deyərlər, qış sükunətindən çıxır. İnsanların əqli və fiziki aktivliyi yüksəlir, immunitetin güclənməsi, dəridə Günəş şüalarının təsiri ilə D vitamininin sintezi yüksəlir. Bəlkə də ulularımız “qanın qaynaması” deyəndə bunu nəzərdə tuturdular. Sadəcə, təbiətlə də, insanlarla da təmasda kəskin hərəkətlərə yol vermək olmaz. Burada da tədricilik, ifrata varmamaq, harmoniyanı saxlamağa ehtiyac var.
Bir haşiyə də çıxmaq yerinə düşərdi. İlin gözəl, qan qaynayan fəslində gənclərin nikah mərasimləri, toylar təxirə salınır. “May ayında toy olmaz” fikrini görəsən kimlər, nə məqsədlə uydurublar?! Mirzə Cəlil sağ olsaydı...
Və sonda: bu gün işğaldan azad olmuş ərazilərimizdə qanı qaynayan oğullarımız quruculuqla məşğul olur. Allah xalqımızı qan donduran hadisələrdən, olaylardan uzaq saxlasın!
Nağdəli Keştəkli (Zamanov)
III Daxili xəstəliklər kafedrasının dosenti