Azərbaycan Tibb Universitetində (ATU) “İqlim dəyişmələri kontekstində səhiyyə və gender məsələləri’’ mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti və bu il respublikamızda keçiriləcək COP29 konfransının əsas məqsədindən bəhs edib.
Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, dos., Dr.Fuad Hümbətov iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılması üçün mübarizə yollarından, müasir dünyada bu məsələlərə yanaşmalardan söz açıb. Daha sonra Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən “Qlobal iqlim dəyişmələrinə qarşı mübarizə prioritetləri və Bakıda keçiriləcək COP29-a hazırlıq işləri”, “İqlim dəyişmələrinə uyğunlaşmada dayanıqlı gender bərabərliyi”, “İqlim dəyişmələrinin insan sağlamlığına təsiri”, “İqlim dəyişmələrinin insan psixologiyasına təsiri və panik atak” mövzularında təqdimatlar keçirilib. Seminarda Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri, dos., Dr.Fuad Hümbətov, İqlim dəyişmələri mərkəzinin direktoru Sevinc Əhmədova, məsləhətçisi Nigar Mirkamilli və aparıcı mütəxəssisi Gülçin Əliyeva məruzələrdən sonra iştirakçıların suallarını cavablandırıblar. Sonda Milli Hidrometeorologiya Xidməti sual-cavab sessiyasında aktiv iştirak edən tələbələrə təşəkkürnamələr və ATU-nun rəhbərliyinə hava sertifikatlarını təqdim edib.