ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasında BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 çərçivəsində “İqlim dəyişikliyi və insan sağlamlığı” mövzusunda ekoloji maarifləndirici seminar keçirilib. Tədbir iştirakçıları əvvəlcə kafedranın girişində yaradılmış “Qarabağ Azərbaycandır!” guşəsi ilə tanış olublar.
Bundan sonra İctimai səhiyyə fakültəsinin Qidalanma və tibbi ekologiya kafedrasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” devizi altında baş tutan tədbirdə dövlət himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb.
Seminarın açılışında çıxış edən kafedranın müdiri, dosent Fəridə Əli ilk növbədə müxtəlif dövlət və qeyri-hökumət qurumlarının təmsilçilərini, media nümayəndələrini, ATU-nun professor-müəllim heyətini, tələbələrini salamlayıb və tədbirin təşkilinə verdiyi dəstəyə görə rektor, professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Dosent Fəridə Əli insanla təbiətin daim vəhdətdə olduğnu, təbiəti insansız, insanı təbiətsiz təsəvvür etməyin mümkünsüzlüyünü diqqətə çatdıraraq qeyd edib ki, elə bu səbəbdən təbiətdə baş verən iqlim dəyişiklikləri insana həm mənfi, həm də müsbət təsir göstərir: “Müasir dünyada bir çox qlobal problemlər, müharibələr, epidemiya və pandemiya təhlükələri, millətlərarası və dinlərarası konfliktlər və nəhayət bunlardan daha önəmlisi iqlim dəyişiklikləridir ki, bütün bunlar bəşəriyyətin gələcəyi, ümumilikdə yer kürəsinin mövcudluğu baxımından çox ciddi təhlükə mənbəyi hesab oluna bilər. İqlim dəyişikliklərinin və ekoloji tarazlığın pozulmasında əsas və ən başlıca səbəb ətraf mühitin, atmosfer havasının kimyəvi tullantılarla çirklənməsi və istixana effektinin yaranmasıdır ki, bu da iqlim dəyişikliklərinin əsas təzahürləridir. Kimyəvi maddələr bütün istehsalat sahələrində və insanların həyatında davamlı istifadə olunduğu üçün ətraf mühit müxtəlif formalarda çirklənməyə məruz qalır. Bu isə öz növbəsində ekoloji tarazlığın pozmasına, əsasən əhali sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Nəticədə insanlar arasında tənəffüs sistemi xəstəlikləri, kəskin və xroniki zəhərlənmələr, mutasiyalar, uşaqlar arasında fiziki və əqli inkişafdan geri qalmalar və s. müşahidə olunur”.
Tədbirin təşkilində əsas məqsədin qlobal problemlər arasında daha ciddi bəşəri təhlükə sayılan iqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması hallarının insan sağlamlığına təsirləri və təhlükəsi haqqında maarifləndirici söhbətlərin aparılması olduğunu deyən kafedra müdiri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional və qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açaraq vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Bakıda keçirilməsinin qərara alınması qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də bu sahədə aparılan misilsiz xidmətlərin bir göstəricisidir.
“Nə qədər ciddi problemlər, təhlükələr olsa da, böyük söz ustadı, xalq şairi Səməd Vurğunun dediyi kimi “Qalib gələcəkdir cahanda kamal!” – deyə Fəridə Əli çıxışını nikbin əhvalla bitirib.
Maarifləndirici seminarda Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də çıxış edərək mövzunun aktuallığına diqqət çəkib. Eyni zamanda BAMF-ın fəaliyyəti haqqında ətraflı məlumat verərək qurumun ekoloji problemlərə həsr olunmuş çoxsaylı layihələr həyata keçirdiyini deyib. Bu layihələr içərisində xüsusilə işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi istiqamətində davamlı icra olunan layihənin ətraf mühitin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Daha sonra Əməkdar jurnalist, yazıçı-publisist Akif Əli, şair Yusif Nəğməkar, ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva, Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Şahalı Səmədov, ATU-nun İctimai Nəzarət Şurasının sədr müavini, dosent Aidə Bəndəliyeva, Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Tariyel Eyvazov, “Təbib” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi qazisi Məğrur Əliyev, jurnalistlər Züleyxa Nadir, Əntiqə Qonaq, həkim-psixiatr Kənan Rəhimov, klinik psixoloq Gülçin Əliyeva və İctimai səhiyyə fakültəsinin Həmkarlar Təşkilatının sədri Səidə Hacıyeva mövzu ətrafında çıxış ediblər. Mövzunun aktuallığından söz açan natiqlər ölkəmizdə ekoloji problemlərin qarşısının alınması və həllinə böyük diqqət yetirildiyini, gələcəkdə də ictimaiyyət arasında geniş maarifləndirici tədbirlərin aparılmasının vacibliyini vurğulayıblar.