ATU-nun Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, Kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova ürək-damar xəstəliklərinin əsas səbəblərini və çıxış yollarını açıqlayır
Bildiyimiz kimi, yayılmasına və ölüm faizinə görə ürək-damar xəstəlikləri yenə də ön sırada gəlir. Bəs bu xəstəliklərin yaranma səbəbləri nədir, profilaktikası, müayinə və müalicəsi necə aparılmalıdır? Bu barədə suallarımızı ATU-nun Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, Kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova cavablandırıb.
- Doktor, ölkəmizdə geniş yayılan və daha çox ölümlə nəticələnən ürək xəstəlikləri hansılardır?
- Bütün dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan və ölümlə nəticələnən ürək xəstəliklərindən ilk növbədə arterial hipertenziya və ürəyin işemik xəstəliyini göstərə bilərik. Təsadüfi deyil ki, arterial hipertenziyanı “gizli qatil” adlandırırlar. Çünki bəzən xəstələrin özləri də onlarda arterial hipertenziyanın olduğunu bilmirlər. Yalnız müəyyən fəsadlar baş verəndən sonra həkimə müraciət edirlər. Arterial hipertenziyanın əsas fəsadları miokard infarktı, beyin insultu, həmçinin böyrək funksiyasının, periferik damarların spazması nəticəsində qan təchizatının, göz dibində damarların daralması səbəbindən görmə qabiliyyətinin pozulmasıdır. Bunların sırasında daha çox ölümlə nəticələnən xəstəliklər miokard infarktı və beyin insultudur. Ağır fəsadların qarşısını almaq üçün ilk növbədə arterial təzyiqin vaxtında aşkar edilərək dərmanlarla idarə olunmasının böyük əhəmiyyəti var.
Geniş yayılaraq ölümlə nəticələnən digər xəstəliklər ürəyin işemik xəstəlikləridir. Bu xəstəliklər özünü stenokardiya formasında büruzə verir. Stenokardiyanın ağırlaşmalarından biri də miokard infarktının yaranmasıdır. Həm arterial hipertenziyanın, həm də ürəyin işemik xəstəliyinin yaranma mexanizmləri eynidir. Hər iki xəstəliyin yaranmasının əsas səbəbi damarlarda gedən patoloji proseslərdir. Yəni qanın laxtalanması, xolesterinin miqdarının çoxalması və damarların daralması nəticəsində yaranan pozulmalar hər iki xəstəliyin əsasını təşkil edir. Əgər ürəyin işemik xəstəliyi özünü stabil stenokardiya formasında göstərirsə, bu xəstələrdə döş sümüyünün arxasında yandırıcı ağrılar olur. Tipik hallarda isə ağrı sol qola, sol çiyinə və epikastral nahiyəyə vurur. Xəstəlik vaxtında aşkar olunub müalicə edilmədikdə, koronar damarın tam tutulmasına gətirib çıxarır və miokard infarktı ilə nəticələnir. Miokard infarktının yaranması o deməkdir ki, ürəyi qidalandıran damar tamamilə tutulur, həmin zonada qan təchizatının pozulması işemiyaya və ürək əzələsinin məhv olmasına gətirib çıxarır. Ürəyin əsas funksiyası isə onun yığılma qabiliyyətidir. Ürək yeganə orqandır ki, orqanizmdə nasos funksiyasını yerinə yetirir. Miokard infarktı nəticəsində ürək əzələsi məhv olduqda, onun nasos funksiyası pozulur və xəstələrdə qısa müddətdə ürək çatışmazlığı inkişaf edir. Ürək çatışmazlığı isə ürəyin bütün funksiyalarını itirməsi deməkdir. Belə xəstələrdə təngnəfəslik və ödem kimi fəsadlaşmalar yaranır və vaxtında müalicəyə başlamadıqda həyatlarını itirirlər.
Ölümlə nəticələnən digər kardiovaskulyar xəstəliklər müxtəlif növ aritmiyalardır. Ürək çatışmazlığının fəsadı kimi meydana çıxan aritmiyalar səyrici aritmiyalardır ki, uzun müddət xəstədə müşayiət olunarsa, sol qulaqcığın genişlənməsinə və bu qulaqcıqda trombun yığılmasına səbəb olur. Bu tromblar hansı səbəbdənsə ürək damarını tutarsa miokard infarktına, beyinə gedən damarı tutarsa işemik insulta, ağciyər arteriyasını tutarsa qəfil ölümə və ağciyərin tromboenboliyasına gətirib çıxara bilər. Ona görə də bu kateqoriyalı xəstələrin vaxtında aşkar edilib müalicəyə cəlb olunması çox vacibdir.
- Son dövrlərdə gizli infarktların artdığı deyilir. Sizcə, bunun səbəbi nədir və hansı qabaqlayıcı tədbirləri zəruri hesab edirsiz?
- Doğrudan da bəzən insanlarda gizli infarktın baş verməsi haqqında vaxtaşırı xəbərlər eşidirik. Hətta sağlamlığından heç bir şikayəti olmayan şəxslərin qəfləti ölüm halları ilə də tez-tez rastlaşırıq. Bəs bu necə olur? Əslində “gizli infarkt” anlayışı yoxdur. Deməli, həmin şəxslərin infarktdan qabaq ürəklə bağlı hansısa problemləri olub. Lakin vaxtında sağlamlıqlarına fikir vermədiklərinə görə belə fəsadlaşma yaranıb. Çünki hər bir insan individualdır. Elə insan var ki, həssasdır, özündə hər hansı bir xəstəliyin simptomu yarananda dərhal həkimə müraciət edir, lazımi laborator və instrumental müayinələrdən keçir, diaqnozu da vaxtında qoyulur. Profilaktik tədbirlərin zamanında görülməsi “gizli” dediyimiz infarktın qarşısını alır. Xəstədə miokard infarktının genetik yaranma ehtimalını da nəzərə almaq lazımdır. Qanın laxtalanma sistemində baş verən problem və xolesterinin miqdarının yüksək olması da infarktın yaranma səbəblərindəndir. Miokard infarktına daha çox kişilərdə rast gəlinməsi də səbəbsiz deyil. Stress, siqaret çəkmək, spirtli içkilərin qəbulu əsas risk faktorlarıdır. Şəkərli diabet, arterial hipertenziyanın olması da xəstələrdə miokard infarktı riskini dəfələrlə artırır. Ağrıya qarşı reseptorların həssaslığının azalması və miokarda xas tipik ağrıları özündə hiss etməməsi səbəbindən şəkərli diabeti olan xəstələr çox zaman “gizli” infarkt keçirir. Ən yaxşı halda xəstəlik müayinə zamanı aşkarlanır. Ən pis halda isə xəstələri itiririk. Gizli olan hər bir miokard infarktının səbəbi damar daralmasıdır. Hər hansı ürək-damar patologiyası, xüsusilə ən yaxın qohumlarında stenokardiya, miokard infarktı olanlar risk qrupuna daxildir. Ona görə də sadaladığım risk faktorlarını azaltmaq, piylənmənin qarşısını almaq, qabaqlayıcı tədbir kimi qanın laxtalanmasını, onun lipid spektrini yoxlamaq və elektrokardioqramma, exokardioqrafiya müayinəsi aparmaq zəruridir. Risk qrupuna daxil olan insanlar ən azı ildə iki dəfə laborator və instrumental müayinələrdən keçməlidir ki, müalicəyə vaxtında başlanılsın və xoşagəlməz hadisələrin qarşısı alınsın.
- Cəmiyyətdə ürəklə bağlı istənilən narahatlıq ilk növbədə qan təzyiqi ilə əlaqələndirilir. Qan təzyiqinin pozulması ürəkdə hansı fəsadlar yaradır və bu fəsadların aradan qaldırılması üçün nələr vacibdir?
- Əvvəl də qeyd etdiyim kimi, yüksək qan təzyiqi bütün ürək, qan-damar xəstəliklərində ölümün ilk səbəbidir. Arterial qan təzyiqinin qalxmasının iki əsas amilindən biri birincili və yaxud esensial hipertenziyadır. Gündəlik rastlaşdığımız arterial təzyiqli insanların 95 faizi esensialdır, yəni bu xəstələrdə əvvəlcə arterial təzyiq qalxır, sonradan hansısa orqanlarda fəsadlaşma yaranır. 4-5 faiz xəstələrdə isə simbtomatik arterial hipertenziyadır. Hansısa bir orqanda problemin yaranması nəticəsində arterial təzyiq bir simptom kimi üzə çıxır. Simbtomatik arterial hipertenziyanın müalicəsi ilk olaraq təzyiqi yaradan səbəbin aradan qaldırılmasına yönəlir. Çünki o səbəbi aradan qaldırmasaq, təzyiq aşağı düşməyəcək. Hansısa endokrin patologiya, böyrəküstü vəzin şişi, böyrək arteriyalarından qaynaqlanan hansısa problem nəticəsində yaranan hipertenziyanın müalicəsində ilk növbədə o problemin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Birincili hipertenziya ilk növbədə hədəf orqanlara öz mənfi təsirini göstərir. Sonra bütün orqanizmdə distrofik proseslər gedir. Son anda miokard infarktı, beyin insultunun yaranması, periferik qan təchizatının pozulması baş verir. Əsas hədəf orqanlardan beyin, ürək, periferik damarlar, böyrəklər və göz dibi zərbə alır. Ən asan və vacib yol arterial təzyiqi ölçüb daim nəzarətdə saxlamaq, təzyiq yüksək olduqda həkimə müraciət edib müəyyən tədbirlər görməkdir. Hazırda 120/80 normal təzyiq, 140/90-dan yuxarı arterial hipertenziya hesab olunur. Səviyyəsindən asılı olaraq hipertenziyalar 3 dərəcəyə bölünür. Ən yüksək dərəcə 3-cü dərəcədir: 180/110. Əgər sakit vəziyyətdə ölçərkən təzyiq 140/90-dan yuxarıdırsa, mütləq həkimə müraciət olunmalıdır. Həkim də ilk mərhələdə dərman təyin etmir. Çalışır ki, dietaterapiya və digər vasitələrlə risk faktorlarını aradan götürsün. Bu tədbirlər nəticə vermədikdə, müalicəyə başlanılır. Bütün fəsadlaşmaların qarşısını almaq üçün dərman preparatları mövcuddur. Amma ən vacib şərt həmin dərmanları həkim məsləhəti ilə qəbul etməkdir. Hər dərmanın öz təsir mexanizmi olduğunu heç vaxt unutmamalıyıq.
Yüksək qan təzyiqi ilk növbədə ürəyin ən böyük hissəsi olan sol mədəciyin hipertrofiyasına gətirib çıxarır. Yüksək arterial təzyiq ürəyə gələn qanın miqdarını artırdığından ürək daha yüksək iş rejimində işləyir. Ona görə də kompesator mexanizmlər ürəyi vadar edir ki, bütün gücü ilə işləsin. Nəticədə ürək əzələsi də qalınlaşaraq hipertrofiyaya uğrayır və çalışır ki, böyük təzyiqlə gələn qanı bütün orqanizmə nasos kimi çatdırsın. Amma illər keçdikcə arterial təzyiqin səviyyəsi aşağı düşmürsə, qalınlaşmış ürək əzələsinin qan təchizatı da pozulur. Orqanizmdə olan koronar damarların qalınlaşmış miokardı qidalandırmağa gücü çatmır. Beləliklə, ürək əzələsinin oksigenə olan tələbatı ilə təchizatı arasında balans itir. Ürək əzələsi yavaş-yavaş boşalır, genişlənir, bir fəsad kimi ürək çatmamazlığı yaranır. Büzülmüş damarlarda olan yüksək təzyiq ürəyin işini çətinləşdirir, buna cavab olaraq ürək əzələsi qalınlaşır və bu qalınlaşmaya damarlar dözmür. Nəticədə stenokardiya, miokard infarktı, müxtəlif növ aritmiyalar, ürək çatmamazlığı əmələ gəlir.
- Hansı əlamətlər ürəyin müayinə və müalicəsini zərurətə çevirir? Nə vaxt mütəxəssisə müraciət etmək mütləq lazımdır?
- Nəslində ürək patologiyaları olan insanlar öz orqanizminə xüsusilə diqqət yetirməlidir. Hər hansı baş ağrıları, baş gicəllənməsi, ürəkdə döyüntü, döş sümüyünün arxasında yandırıcı ağrılar, qeyri-ritmik ürək döyüntüləri, təngnəfəslik, ayaqlarda ödem, qarın şişməsi kimi əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır. Ürək döyüntülərinin ya çoxalması, ya azalması, ya da qeyri-adi vurması, hava çatışmazlığı aritmiyanın, ürək nahiyəsində diskomfort hissi, sıxılma, ödemlər ürək çatmamazlığının, döş sümüyün arxasında yandırıcı ağrılar stenokardiyanın əsas əlamətləridir.
Yeri gəlmişkən, bəzən insanlar bəlli bir yaşdan sonra profilaktik məqsədlə müəyyən dərmanlar, xüsusilə də qandurulducu dərmanlar içməyin vacibliyini düşünürlər. Xatırladım ki, bunu ancaq mütəxəssis təyin edə bilər. Və bu, yaşdan asılı deyil. Həm cavan, həm yaşlı şəxslər dərman preparatlarını qəbul etməzdən əvvəl müayinədən keçməlidir. Özbaşına içilən dərmanlar mədə-bağırsaq problemi olan insanlarda qanaxma, yüksək qan təzyiqli xəstədə beyinə qansızma riskini artırır. Bir vaxtlar belə bir fikir vardı ki, 40 yaşdan sonra hamı kardioaspirin içməlidir. Bu fikir özünü doğrultmadı. Artıq sübuta yetirilib ki, qanlaxtalanma sistemində heç bir problem olmadıqda, qandurulducuya, həmçinin profilaktik məqsədlə digər dərmanları qəbul etməyə ehtiyac yoxdur. Ən yaxşı profilaktik tədbir xəstəliklərin yaranmasına səbəb olan risk faktorlarını aradan qaldırmaq, düzgün həyat tərzi, düzgün qidalanma və fiziki aktivlikdir.