ATU-nun Kardiologiya Akademiyası (ATUKA) iyunun 5-də növbəti interaktiv elmi tədbirini keçirib. “Gəlin birlikdə müzakirə edək” adı altında keçirilən tədbirə kardioloqlar, nevropatoloqlar, terapevtlər və həkim-rezidentlər qatılıblar.
Tədris Terapevtik Klinikanın Ürək Damar Mərkəzində çalışan gənc kardioloqların təşəbbüsü ilə yaradılan Kardiologiya Akademiyasın tədbirində artıq 3-cü dəfədir ki, iştirak etdiyini vurğulayan klinikanın direktoru, professor Surxay Musayev qısa müddətdə görülən işləri yüksək qiymətləndirib. O, gənc kardiolaqların təqdim etdiyi mühazirə formatının sovet dönəmindəki ənənəvi mühazirə formatından tamamilə fərqləndiyini deyərək bildirib ki, burada aparılan müzakirələr də akademik xarakter daşıyır. Yəni konkret sual, nümunə əsasında aparılan müzakirələr auditoriyanın iştirakı ilə dəyərləndirilir ki, bu cür interaktiv tədbirləri diskussiya klubu da adlandırmaq olar.
Həyatda hər şeyin almazla, yalnız insanın öyrənməklə cilalandığını xatırladan professor S.Musayev bütün iştirakçıların buradan nəsə öyrənərək, cilalanaraq çıxacağına əminliyini ifadə edib və mühazirəçilərə uğurlar arzulayıb.
Bundan sonra Ürək Damar Mərkəzinin rəhbəri Fərid Əliyev “Sinkoplu xəstəyə yanaşma”, həmin mərkəzin invaziv kardioloqu Elnur İsayev isə “Sinkopu birlikdə müzakirə edəkmi?” mövzusunda mühazirə ilə çıxış ediblər. Auditoriya ilə canlı ünsiyyət qurulub və müxtəlif yaş kateqoriyalarına aid olan real xəstələrin yaşadığı kliniki hallar müzakirə edilib.
Xəstəyə yanaşmanın, qoyulan diaqnozların ayrı-ayrı variantları müzakirəyə çıxarılıb. Sinkoplu xəstənin ilkin olaraq kardioloqa, yoxsa nevropatoloqa müraciət etməsi ilə bağlı sual geniş diskussiyaya yol açıb.
Mütəxəssislərin xüsusi fəallıq göstərdiyi müzakirələrin gedişində mövzu ilə bağlı sualları düzgün cavablandıran həkimlərdən Ələsgərli Şahənə və Yusif Ağayev ATUKA-nın idarə heyəti tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, “Sinkop” qısa müddət davam edən və spontan tam bərpa ilə xarakterizə olunan müvəqqəti qlobal beyin hipoperfuziyasının səbəb olduğu Müvəqqəti Huş İtməsi, Bayılmadır. Adətən 20 saniyədən uzun davam etmir. Bəzi hallarda 2-3 dəqiqə ola bilər.