Bu gün Ümumdünya Allergiya ilə Mübarizə Günüdür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il iyulun 8-i bütün dünyada allergiya ilə mübarizə günü kimi qeyd olunur. Bu günün keçirilməsi ilə bağlı ilk dəfə 2005-ci ildə allergiya və immunopatologiya üzrə ümumdünya təşkilatları qərar qəbul edib.
«Allergiya» anlayışı tibbi terminologiyada 1906-cı ildə meydana gəlib və onun müəllifi avstriyalı pediatr Klemens Fon Pirke hesab edilir. Lakin bu problemin özü daha qədim tarixə malikdir. Hələ qədim Misir dövründə hazırda allergiyanın klinik əlamətləri kimi nəzərdən keçirilən simptomlar təsvir olunub. Ancaq təbabət bu xəstəliyi yalnız 19-cu əsrdə - sənayenin intensiv şəkildə inkişaf etdiyi və bununla əlaqədar olaraq ətraf mühitin çirklənməsi dövründə öyrənməyə başlayıb, təbiətdə isə bu vəziyyətin təzahürləri yalnız 20-ci əsrin sonunda tədqiq edilib.
Allergiya - canlı orqanizmin müəyyən maddəyə və ya maddələrə (allergenlərə) qarşı yüksək həssaslıq vəziyyətidir ki, bu vəziyyət həmin maddələrin təkrar təsirləri zamanı inkişaf edir. Allergiyanın fizioloji mexanizmi orqanizmdə əkscisimlərin əmələ gəlməsindən ibarət olub, onun həssaslığının yüksəlməsinə və ya artmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpgiləri, ümumi halsızlıq və digər simptomlar şəklində təzahür edir.
Dünyada ekoloji tarazlıq nə qədər çox pozulursa, allergiya da bir o qədər geniş miqyasda yayılır. Allergiya indi dünyada çox geniş yayılmış xəstəliklərdən biri sayılır. ÜST-ün məlumatına əsasən, Yer kürəsinin 40%-ə qədər əhalisi bu vəziyyətdən əziyyət çəkir. Bu rəqəm daim artdığından, böyüklər və uşaqlar arasında allergik xəstəliklərin durmadan yüksəlməsi qeydə alınır. Meqapolislərdə bu xoşagəlməz xəstəliyə 30%-dən 60%-ə qədər əhali məruz qalır. ÜST-ün proqnozlarına əsasən, XXI əsr allergiya əsri olacaq.
O da həyəcan doğurur ki, allergiya bir sıra xroniki xəstəliklərin səbəbi sayılır (məsələn, bronxial astma) və onlar hazırda ciddi tibbi-sosial və iqtisadi problem təşkil edirlər. Allergiyanın tez-tez rast gəlinən təzahürləri arasında rinit, dermatit, bronxial astma mühüm yer tutur. Ən geniş yayılmış allergenlər bunlardır: bitkilərin tozcuqları, qida məhsulları, məişət tozunun gənələri, kif, məişətdə işlədilən kimyəvi maddələr, dərmanlar, heyvanların epitel qişaları, yunu, dəri kəpəkləri və həyat fəaliyyətinin məhsulları.
Son 30 il ərzində allergik xəstəliklər, o cümlədən bronxial astma bütün dünyada çox sürətlə yayılan xəstəliklərdən olub. Bu zaman onların artması həm böyüklər arasında, həm də uşaqlar arasında qeydə alınır. Hazırda Avropa ölkələrində hər 3-cü uşaq allergiyadan, hər 10-cu uşaq isə bronxial astmadan əziyyət çəkir. Onu xüsusi qeyd etmək lazımdır ki, Rusiyada hər üçüncü böyük yaşlı sakin və hər 4-cü uşaq allergik xəstəliklərə mübtəladır və onların tezliyi durmadan artır.
Çox təəssüf ki, insanların əksəriyyəti bu xəstəliyə etinasız münasibət bəsləyir və ona elə də böyük əhəmiyyət vermirlər. Çoxları hətta xəstə olduğunu bilmir və allergiyanın simptomlarını digər xəstəliklərin simptomları kimi qəbul edirlər. Bəzən insanlar məhz xəstəliyin simptomları, müalicə üsulları və metodlarını bilməməsi üzündən əziyyət çəkirlər. Təkcə əhali arasında deyil, həm də tibb işçiləri arasında lazımi dərəcədə məlumatlılığın olmaması və bu problem barədə informasiya kasadlığı ona gətirib çıxarır ki, düzgün aparılmayan və vaxtında başlanmayan müalicə ciddi və bəzən həyat üçün təhlükəli vəziyyətlərin ortaya çıxmasına səbəb olur.
Ümumdünya Allergiya ilə Mübarizə Gününün məqsədi əhalinin geniş təbəqələri arasında bu xəstəlik barədə biliklərin yayılmasına nail olmaq, onun ciddi qəbul edilməsinin, profilaktik və müalicə-diaqnostik tədbirlərin vacibliyini hər kəsin nəzərinə çatdırmaqdır. Bundan başqa, müvafiq dövlət orqanları, tibb sahəsində çalışan mütəxəssislər və səhiyyə təşkilatçılarının diqqətinin bu problemə cəlb edilməsi də zəruri sayılır.
Tahirə Pənahova
Pediatr-allerqoloq, II Uşaq xəstəlikləri kafedrasının dosenti