Yay tətilindən sonra uşaqların məktəbə adaptasiyası

Şagirdlərin sağlamlığı və yüksək iş qabiliyyəti yuxu rejimindən geyimədək bir çox faktorlardan asılıdır

Yay tətili bir göz qırpımında gəlib keçdi. Artıq böyüklər də, uşaqlar da yeni dərs ilinin astanasındadır. Heç kimə sirr deyil ki, uzun istirahətdən, sərbəstlikdən, fiziki fəallıqdan sonra uşaqların tədris şəraitinə uyğunlaşması heç də asan olmur. Yuxudan erkən oyanmalar, dərslər, ev tapşırıqları, hər cür dərnəklər və s...

Bütün valideynləri yeni dərs ilinə hazırlıq, uşaqların məktəbə adaptasiyası, sağlamlıqlarının qorunması kimi suallar düşündürür. Bu məsələlərlə bağlı ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva valideynlərə bir neçə məsləhət verib.

O bildirib ki, hər şey valideynlərin övladlarına məktəbli geyimi, çanta və dərs ləvazimatları almasından başlayır: “Düzgün seçim uşağın təlim prosesi zamanı təhlükəsizliyini və rahatlığını təmin edir. Məktəbli paltarı və ayaqqabısı alındıqda, onların nişanlanmasına fikir vermək lazımdır. Nişanlanmada parçanın tərkibinə xüsusi diqqət yetirilməlidir. Çünki uşaq geyimlərinin ən azı 50%-ni təbii materiallar təşkil etməlidir. Məktəbli paltarının gigiyenik keyfiyyət sertifikatı olmalıdır. Məktəbli forması uşaqlar üçün komfort olmalı, sərbəst hərəkətə maneə yaratmamalı və bədəni sıxmamalıdır.

Ayaqqabıların təhlükəsizliyi istifadə olunan materialların rəng sabitliyi, həmçinin ayrılan zərərli maddələrin konsentrasiyası və bir sıra fiziki-mexaniki xassələrlə (çəki, elastiklik, alt hissələrin bərkidilmə gücü, pəncənin deformasiyası, dabanı və dəri məmulatlarının tutacaqlarının bərkidilmə yerlərinin qırılma yükü) ölçülür. Ayaqqabılar ciddi şəkildə ölçüsünə görə seçilməlidir – düzgün seçilmiş ayaqqabıda baş barmaqla ayaqqabının ön hissəsi arasında 5-7 mm məsafə olur. Ayaqqabılar bioloji və mexaniki təhlükəsizlik tələblərinə cavab verməli, ayağı tərlətməməli, su keçirməməli, altlığı sərt, dabanı 3-5 sm-dən çox olmamalıdır.

Məktəbli portfelləri və kürək çantaları davamlı materialdan hazırlanmalı, boş vəziyyətdə çəkisi 0,7-1 kq-dan çox olmamalı, öndə, yan səthlərdə və üst qapaqda əks rəngli materiallardan hazırlanmış işığı əks etdirən elementlərə malik olmalı, kürək çantaları kürəyin formasına uyğun arxa hissə ilə təchiz olunmalı, kəmərləri enli və davamlı olmalıdır”.

Sözünə davam edən mütəxəssis bildirib ki, görmədə problemlərin yaranmaması üçün məktəblilərə rəsmi nəşriyyatlar tərəfindən buraxılmış dərslik və dərs vəsaitləri alınmalıdır: “Məktəblilərin sağlamlığının möhkəmləndirilməsi və yüksək iş qabiliyyətinin saxlanılması məqsədi ilə valideynlər uşaqların gün rejiminin düzgün təşkili və ona riayət edilməsini ciddi nəzarətdə saxlamalıdırlar. Tədrisə başlamamışdan əvvəl valideynlər uşaqların gün rejimini tədricən uyğunlaşdırmalıdırlar. İlk növbədə vacib rejim elementlərindən biri olan yuxu qaydaya salınmalıdır. Yuxu bütün fizioloji sistemlərin, ilk növbədə baş-beyin qabığı hüceyrələrinin fəaliyyətinin tam funksional bərpasını təmin edir. Kiçik yaşlı məktəblilər sutka ərzində 9-10 saat, yeniyetmələr isə 8- 9 saat yatmalıdırlar. Tədqiqatlar göstərir ki, uşağın yuxusu nə qədər az olursa, iş qabiliyyəti də bir o qədər azalır. Nəticədə, məktəblilərdə müvəffəqiyyət göstəriciləri aşağı düşür. Rejim elə təşkil edilməlidir ki, uşaqlar kifayət qədər yuxudan sonra, səhər evdən çıxmağa ən azı 1 saat qalmış oyansınlar. Bu 1 saat onların şəxsi gigiyenasına və səhər yeməyinə sərf olunmalıdır”.

1-ci növbədə oxuyan məktəblilər mütləq səhər yeməli, ikinci növbədə oxuyanlar isə nahar edib məktəbə getməlidir. Səhər yeməyi zülalla bol olmalı, əsas yer süd və süd məhsullarına, pendir, yumurtaya verilməlidir. Səhər yeməyində mütləq isti yemək (sıyıq, qayğanaq və s.) olmalıdır. Bu zaman uşağın sevdiyi yemək növlərinə üstünlük verilməlidir. Gün ərzində uşaqların menyusunda heyvan, balıq, quş əti və digər zülallı qidalar olmalıdır. Zülallı ərzaqlar təzə tərəvəz, göyərti, pomidor, xiyar ilə yaxşı uyğunlaşır. Valideynlər uşaqların məktəbdə qidalanmasını da təşkil etməlidirlər. Kiçik yaşlı məktəblilərə məktəbdə qəlyanaltı etmək üçün mövsümdən asılı olaraq təzə və ya quru meyvələr, çərəzlər, keks və ya digər kremsiz, tez xarab olmayan şirniyyat, pendirli buterbrod və bu kimi ərzaqlar, eləcə də mütləq təmiz su qoyulmalıdır.

Məktəbdən gəldikdən sonra uşaqlara isti nahar verilməlidir. Ümumiyyətlə, kiçik yaşlı uşaqlar gün ərzində ən azı 4 dəfə qida qəbul etməlidir: səhər yeməyi, qəlyanaltı, nahar və şam.

Şəhla xanımın sözlərinə görə, məktəblilərin fiziki fəallığını artırmaq üçün gün ərzində hərəki oyunlara kifayət qədər vaxt ayrılmalıdır: “Uşaqlar üçün ən əlverişli və sağlamlaşdırıcı vasitə açıq havada hərəkətli oyunların təşkil edilməsidir. Kiçik yaşlı uşaqlar hər gün 2-2,5 saat, yeniyetmələr isə ən azı 1-1,5 saat açıq havada dinamik istirahət etməlidirlər. Yaxşı olar ki, bu, dərs məşğələləri qurtardıqdan sonra təşkil olunsun. Valideynlər uşaqların ev tapşırıqlarına sərf etdiyi vaxtı düzgün müəyyənləşdirməlidirlər. Kiçiklər üçün bu, 1-1,5 saat, orta siniflər üçün 1,5-2 saat, buraxılış sinifləri üçün isə 2,5-3,5 saatdır. Axşam yuxusundan qabaq uşaqlar üçün 1- 2,5 saat asudə vaxt ayrılmalıdır. Bu zaman uşaqlar öz maraqlarına uyğun fəaliyyətlərlə məşğul ola bilər. Əlbəttə ki, yuxudan qabaq həyəcanlandırıcı fəaliyyətlər, kompüter oyunları məqsədəuyğun deyil. Bu, onların çətin yuxuya getməsinə və yuxunun tam dəyərli olmamasına səbəb olur. Valideynlər nəzərə almalıdır ki, rejimin əsas şərtlərindən biri bütün fəaliyyətlərin hər gün eyni vaxtda başlamasıdır. Bu dinamik stereotipin yaranmasına səbəb olur və hər bir fəaliyyət (yuxu, qidalanma, məşğələ və s.) daha az enerji sərf etməklə daha asan yerinə yetirilir”.

Dosent Ş.Balayeva yuxarıda qeyd olunanlara ali məktəb tələbələrinin də riayət etməsini məsləhət görüb. Tövsiyə edib ki, artıq uşaqlıq dövrünü başa vuraraq gəncliyini yaşayan tələbələr tədris müddətində sağlamlıqlarını qorumaq, yüksək iş qabiliyyətini saxlamaq, uğurlar əldə etmək istəyirlərsə, mütləq normal qidalanmalı, yuxu, dərs və istirahət rejimlərini düzgün qurmalıdırlar.