Yer kürəsində minlərlə dil olsa da, lal-karların ünsiyyət forması birdir - baxış və jestlər dili
Yer kürəsində 2500 dil var. Onların içərisində biri tam fərqlidir: baxış və jestlər dili. Hər il sentyabrın son bazar günü bütün dünyada Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir. 1958-ci ildə təsis olunmuş bu günün başlıca məqsədi karların üzləşdikləri gündəlik problemlərə cəmiyyətin diqqətini yönəltməkdir.
Mövzu ilə bağlı ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti Şirazi İbrahimovla söhbətləşdik. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatı sənədinə əsasən, eşitmə qabiliyyətinin pozulmaları beş dərəcədə qiymətləndirilir: 1-ci yüngül, 2-ci orta, 3-cü ağır, 4-cü çox ağır və 5-ci isə karlıq sayılır: “Ağıreşitmənin dərəcəsini müəyyən etmək üçün elektroakustik cihaz vasitəsilə müayinə aparılır. Bu müayinə üsulu tonal audiometriya adlanır. Xəstənin qulağına müxtəlif gücdə tonlar verilir. Tonlar desibellərlə (dB) ölçülür. Normada eşitmə qabiliyyəti 25 dB gücündə olur. Ağıreşitmənin 1-ci dərəcəsində bu göstərici 26-40, 2-ci dərəcədə 41-55, 3-cü dərəcədə 56-70, 4-cü dərəcədə 71-90 dB olur, karlıq zamanı isə 91 dB-dən yuxarı qalxır.
Karlıq 2 formada olur. Tam və sosial karlıq. Sosial karlıq zamanı xəstələr daim çox yüksək tonlarda səs və küyləri eşidirlər (partlayış, maşın siqnalı və sair). Bu şəxslər müəssisələrdə çalışa bilmir və beləliklə sosial əlil sayılır. Tam karlıq
zamanı isə xəstələrdə ümumiyyətlə eşitmə qabiliyyəti itirilmiş olur. Ağıreşitmənin 1-ci dərəcəsini xəstələr hiss etməyə bilər. Onların özü ilə yanaşı, ətrafdakı şəxslər də bunu hiss etmir. İlk şikayətlər ağıreşitmənin 2-ci dərəcəsində başlayır və qulaqlarda küylə bağlı olur. Bundan əlavə, xəstələr yüksək tezliklərdə olan səsləri və küyləri eşitmirlər. Bir sıra şəxslər nitqi eşidirlər, lakin sözləri ayırd edə bilmirlər. Müraciət edən xəstələrin bəziləri qulaqda dözülməz küydən şikayət edir və bu küylər gecə vaxtı daha da artır. Ağıreşitmənin 3-cü dərəcəsində xəstələr həddən artıq əziyyət çəkirlər. Adətən yüksək tonlarda nitqləri eşidir və özləri də yüksəkdən danışırlar. Bu dərəcədə adətən əmək qabiliyyəti itirilir”.
Həkim deyir ki, lokalizasiyaya görə ağıreşitmənin 3 forması ayırd edilir: konduktiv, sensonevral və qarışıq. Konduktiv ağıreşitmə səsi nəql edən aparatın xəstəliyidir. Bu aparata xarici və orta qulaq daxildir. Konduktiv ağıreşitməyə aid olan bir çox xəstəlikləri müalicə olunur. Sensonevral ağıreşitmə səsi qəbul edən aparatın xəstəliyidir. Bu isə daxili qulaq və eşitmə sinirindən ibarətdir. Sensonevral ağıreşitmə əksər hallarda müalicəyə tabe olmur. Belə hallarda eşitmənin protezləşməsi həyata keçirilir. Protezləşmə eşitmə cihazları və implantlar vasitəsiylə icra olunur. Bu əməliyyat koxlear implantasiya adlanır. Ağıreşitmənin qarışıq formasında isə hər iki aparatın xəstəlikləri birgə müşahidə edilir. Məsələn, uzun müddət çəkən orta qulağın iltihabı xəstəlikləri sensonevral ağıreşitməyə səbəb olur və beləliklə, qarışıq ağıreşitmə ortaya çıxır.
Ş.İbrahimov bildirir ki, eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır: “Yenidoğulmuşlarda sensonevral ağıreşitmənin aşkar edilməsində audioloji diaqnostika qızıl standart sayılır. Ağıreşitmənin yaranma səbəbi və dərəcəsindən asılı olmayaraq, eşitmə
qabiliyyətinin kəskin formada azalması uşaqlarda nitqin pozulmasına gətirib çıxara bilər. Ümumiyyətlə, insanın lal olmağının səbəbi onun eşitməməsidir. Əgər haçansa eşidərsə, mütləq danışacaq.
Onu da qeyd edim ki, dərəcəsindən asılı olaraq, kəllə-beyin travmaları da ağıreşitmənin, hətta karlıq dərəcəsində belə yaranmasına səbəb ola bilər.
Eləcə də fizioloji olaraq yaş artdıqca bir çox koqnitiv funksiyalar azalır. 50-60 yaşdan sonra insanın orqanizmində involusiya prosesləri baş verir. Bu yaşlardan sonra eşitmə qabiliyyətinin pozulması istisna olunmur. Yaşla əlaqəli eşitmə qabiliyyətinin azalması presbiakusis adlanır. Xəstəlik tədricən inkişaf edir və qocalıqda karlığa keçə bilər. Adətən belə xəstələr yüksək tezlikli səsləri eşitmir və alçaq tezlikli səsləri ayırd edə bilirlər”.
Ölkəmizdə də eşitmə qüsurlu insanların az olmadığını qeyd edən həkim, dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün bir sıra işlərin görüldüyünə diqqət çəkib: “Ölkəmizdə ilk dəfə belə bir məktəb 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 1969-cu ildə ikinci məktəb açılıb. Biri 1 saylı, digəri isə 3 saylı respublika xüsusi internat məktəbi adlandırılıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə onlar birləşdirilərək 3 saylı respublika xüsusi internat məktəbi yaradılıb. İnternat məktəbində dama, futbol, rəsm dərnəyi fəaliyyət göstərir. Bununla yanaşı, məktəbin şagirdlərindən ibarət rəqs qrupu da var. Bundan başqa, defektoloq üzrə müəllimlərə ehtiyac yarandığından, 1990-cı ildə ADPU-da Defektologiya fakültəsi açılıb. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayda uşağa koxlear implantasiya əməliyyatı icra olunur. Əməliyyatdan sonra danışan körpələr isə təkcə valideynlərin deyil, tibb personalın da sevinc mənbəyidir”.