Bu gün Beynəlxalq Görmə Günüdür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il oktyabrın ikinci cümə axşamı Beynəlxalq Görmə Günü kimi qeyd olunur. Həmin gün görmə qabiliyyəti zəif olan insanlara ictimai diqqəti yönəltmək üçün uyğun kampaniyalar keçirilir, ödənişsiz müayinələr, profilaktik tədbirlər aparılır, maarifləndirmə işləri görülür.
Bəs bu günü bizim oftalmoloqlarımız necə qeyd edir?
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində olduq. Şöbə müdiri Qurban İsmayılovun bildirdiyinə görə, dünyada olduğu kimi, bu əlamətdar gün ölkəmizdə də xüsusi qeyd olunur: “Klinikamız dünya oftalmologiyasının istifadə etdiyi müasir cihazlarla təchiz olunub və bu cihazları idarə edən peşəkar həkimlərimiz var. Həmin cihazlar vasitəsilə xəstəlikləri vaxtında aşkarlamaq və müalicə etmək mümkündür”.
Şöbə müdirinin dediyinə görə, ATU rəhbərliyinin göstərişinə əsasən, hər il klinikada müxtəlif xeyriyyə tibbi aksiyaları təşkil edilir: “Valideyn himayəsindən məhrum tələbələr, şəhid, qazi ailə üzvləri üçün eksimer lazer əməliyyatı pulsuz icra olunur. Bu il 28 aprel görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və 10 may Ulu Öndər Heydər Əliyevin doğum günləri münasibəti ilə xeyriyyə aksiyaları keçirdik. Builki aksiya 67 nəfərə şamil olundu. Şəhid, qazi, imkansız ailələrin övladlarına eksimer lazer əməliyyatı icra etdik”.
Mütəxəssis bildirdi ki, hazırda dünyada korluğa səbəb olan iki xəstəlik qrupu var. El arasında adı vahimə ilə çəkilən qlaukoma (qarasu) və şəkərli diabet: “Dünya təcrübəsinə və öz klinik təcrübəmizə əsasən, yaş qrupundan asılı olmayaraq, şəkərli diabet olan hər kəsin ən azı 3-6 aydan bir oftalmoloq tərəfindən göz dibi müayinəsi aparılmalı, onlar nəzarətdə saxlanılmalıdır.
Qlaukoma xəstələrində isə, gözün daxili təzyiqi mütəmadi ölçülməli, görmə sinirinin vəziyyətinə nəzarət olunmalıdır. Zərurət yaranarsa, pasiyentə uyğun müalicə tətbiq edilməlidir”.
Şöbə müdiri ilə söhbətdən sonra pasiyentlərin fikrini öyrənirik. Surxay Qurbanovun danışığından hiss olunur ki, Q.İsmayılova ilk dəfə müraciət etmir: “Qurban həkimi 15 ildir tanıyıram. Göz sahəsində ən gözəl və inandığım həkimlərdəndir. Məhz ona görə, Gəncədən bura gəlmişəm. İlk dəfə həyat yoldaşımı müayinə üçün gətirmişdim. Hansı ki, onu Gəncədə yoxlatmışdım, həkimlər demişdi ki, əməliyyat olunmalıdır, gözlərində mirvari suyu var. Qurban həkimə müraciət etdim. Müayinə zamanı mirvari suyu aşkar olunmadı, əməliyyatsız müalicə ilə həyat yoldaşım sağaldı. Hazırda özünü normal hiss edir.
Məndə isə problem sağ gözümdə görmə qabiliyyətinin zəifləməsi idi. Həkimin məsləhəti ilə əməliyyat olundum. Əməliyyatdan öncə insanları tor görürdüm, indi aydın şəkildə görə bilirəm”.
Narıngül Orucova isə Şəmkirdən gəlib. Əməliyyatdan sonra təkrar müayinə olunur: “Həkimin yanına ilk dəfə nəvəmi gətirmişəm. Nəvəmin anadangəlmə hər iki gözündə çəplik var idi. 5-ci sinifdə oxuyanda Qurban həkim onu əməliyyat etdi. Nəticəsi uğurlu oldu, əməliyyatdan sonra gözləri düzəldi. Hazırda nəvəm orta məktəbi bitirib, eynək taxır. Gözlərində çəplik yoxdur. Həkimin dediyinə görə, eynəyi də yaxın vaxtlarda çıxaracaq, istifadə etməyəcək. Sonra bura başqa nəvələrimi də gətirmiş, nəticəsini görmüşük. Bizim vasitəmizlə qohum-əqrəbadan da Qurban həkimə müraciət edənlər olub, razı qalıblar.
Məndə də problem mirvari suyu idi. Əməliyyata qədər 3 faiz görürdüm. İndi görməm xeyli yaxşılaşıb, 40 faizə çatıb. Həkim deyir, daha da yaxşı görəcəksən”.
Pasiyent Elmira Hüseynova həm mirvari suyu, həm də şəkərli diabetdən əziyyət çəkir. Klinikaya ilk dəfə müraciət edir. Qurban həkim barədə tanışlardan eşidib. Hələ müayinə tam bitməmişdi. Amma həkimin bildirdiyinə görə, əməliyyat olunma ehtimalı var, buna pasiyent özü qərar verəcək.
Oftalmologiya şöbəsinin həkimi Mina Həsənova pasiyent Telman Abbasovu əməliyyatöncəsi müayinə edir. Dediyinə görə, onda spekulyar mikroskopiya müayinəsi aparır: “Şöbəmiz ən müasir aparatlarla təchiz olunub. Biz həmin cihazlar vasitəsilə xəstələrimizin tam, dəqiq müayinəsini həyata keçiririk. Hazırda xəstəmiz üzərində aparılan müayinə əməliyyatdan öncəki prosedurdur. Xəstə əməliyyata hazırlıq mərhələsindədir. Bu müayinə vasitəsilə əməliyyat zamanı və əməliyyatdan sonra hansı fəsadların baş verəcəyini dəyərləndiririk, zamanında tədbir görmək imkanlarımız olur”.
Xəsələrin Oftalmologiya şöbəsi ilə bağlı xoş sözləri və şöbənin önündə olan növbədən hiss edirik ki, gözlərimizin sağlamlığını etibar edəcəyimiz peşəkar həkimlərimiz var. Məhz onların sayəsində gözlərimiz həmişə aydın görəcək.