Dosent Nigar Mehdiyeva: Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicəsi də bir o qədər effektiv və uğurlu olar
Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən hər ilin oktyabr ayını “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” elan edib. Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən bu ay hər il ölkəmizdə də qeyd olunur və müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, baş həkim, dosent Nigar Mehdiyeva ölkəmizdə və dünyada bu xəstəliyə tutulma səbəbləri, nəticələri və eləcə də müalicə üsulları barədə məlumat verib.
- Nigar xanım süd vəzi xərçənginə ən çox hansı yaş qruplarında rast gəlinir?
- Süd vəzi xərçəngi dünyada ən çox yayılmış onkoloji xəstəlik növlərindən biridir. Ona istənilən yaşda rast gəlinə bilər. Lakin bu xəstəliyin ən çox təsadüf etdiyi yaş 50-dən yuxarıdır. Düzdür, son 5-10 ilin göstəricilərinə nəzər saldıqda, bu xəstəliyin gəncləşdiyini müşahidə edirik. Bunun da əsas səbəbi dünya standartlarına uyğun erkən diaqnostikanın aparılmasıdır. Nəticədə, xəstəliyin aşkarlanması tezləşib. Eyni zamanda, bu artım xəstəliyin çoxaldığını da göstərir. Təəssüf ki, diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların sayı artmaqdadır.
- Bəs ilkin əlamətləri hansılardır və əgər erkən aşkarlanıbsa, qarşısını almaq mümkündürmü?
- Əfsuslar olsun ki, xəstəliyin erkən mərhələdə qeydə alınan spesifik simptomları yoxdur, ümumiyyətlə ilkin əlamətləri olmaya da bilər. Lakin əgər qadın süd vəzində hər hansı törəmə hiss edirsə, xüsusilə gilədən qanlı ifrazat gəlirsə, ölçülərin böyüməsi və ya kiçilməsi, şişkinlik, daimi ağrılar, qızartı, qoltuqaltı və körpüüstü nahiyələrdə törəmə və ya limfa düyünlərində dəyişiklik hiss olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Bundan əlavə, gilə və ariolada hər hansı bir dəyişikliyin, pulcuqlamanın, yaralanmanın olması, dərinin, gilənin içəriyə çəkilməsi də xərçəngin simptomları arasındadır. Burada əsas məsələ xəstələrin özlərinə qarşı diqqətli olmasıdır. Biz xəstələrimizlə və əhali arasında daim maarifləndirmə işləri aparanda ilk öncə bunu deyirik.
Nəzərə almaq lazımdır ki, süd vəzində baş verən istənilən dəyişiklik ilk baxışda nə qədər təhlükəsiz görünsə də, bu xəstəliyin əlaməti ola bilər. 35-40 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Əgər xəstəlik aşkarlanarsa, diaqnozun vaxtında və düzgün qoyulmasına, həmçinin müalicə taktikasının seçilməsinə köməklik göstərmiş olur. Müasir terapiyaların köməyi ilə xəstəlikdən əziyyət çəkənlər yaşamaq şansı əldə edirlər.
- Süd vəzi xərçəngi ilə bağlı Onkoloji Klinikada aparılan diaqnostik müayinə və müalicə üsulları haqda məlumat verərdiniz.
- Əksər xərçəng növlərində olduğu kimi, süd vəzi xərçəngi də nə qədər tez aşkarlanarsa, müalicə də bir o qədər effektiv və uğurlu olar. Bizim klinikada bu sahədə çox böyük işlər aparılır. Əlbəttə ki, erkən diaqnostikanın əsaslarından biri xəstənin düzgün məlumatlandırılmasıdır. Klinikamızda süd vəzinin müayinəsi üçün hər cür şərait var. O cümlədən çox müasir mamoqrafiya aparatımız mövcuddur. Məlum olduğu kimi, mamoqrafiya dünyada süd vəzi xərçənginin qızıl standartı sayılır. Klinikamızda SVX-nin ən müasir müayinəsi, o cümlədən skrininqi, son diaqnostik nailiyyətlərin istifadəsi ilə aparılan tru-cut biopsiya, əllənməyən şişlərin tellərlə işarələnməsi, kimyəvi dərman terapiyadan öncə törəmələrə kliplərin qoyulması və s. həyata keçirilir.
Klinikada böyük bir komanda təşkil edən mamoloqlarımız çalışır. Onlar mütəmadi olaraq xarici ölkələrdə konqres və konfranslarda iştirak edirlər. Bundan əlavə, xaricdə təhsil alan və yaxud işləyərək təcrübəsini artırıb yenidən ölkəmizə qayıdan və köməyini xəstələrdən əsirgəməyən bir çox mütəxəssislərimiz var. Bütün bunlarla yanaşı, klinikamız tərəfindən maarifləndirmə proqramları işlənib hazırlanır və rayonlarda tədris mərkəzilərinə göndərilir.
Hər il olduğu kimi, bu il də panlaşdırdığımız tədbirlərdən biri və ən önəmlisi Onkoloji Klinika və kafedramızın təşkilatçılığı ilə III Bakı Beynəlxalq Süd Vəzi Xərçəngi Konqresidir. Bu böyük tədbir artıq üçüncü dəfə ölkəmizdə keçiriləcək. Hamımızın hazırlaşdığımız COP29-la bağlı konqres noyabrın 29-30-da baş tutacaq. Konqresə Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası və Azərbaycan Onkoloqlar Cəmiyyəti də dəstək verəcək. Tədbirdə ölkəmizin aparıcı mütəxəssisləri ilə yanaşı, dünyanın 50-dən çox ölkəsindən dəvət olunmuş və bu sahədə tanınmış mütəxəssislər iştirak edəcək. Bundan başqa, konqres çərçivəsində Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan regional toplantısı təşkil olunacaq ki, bu da bizim üçün əlamətdar bir hadisədir.
- Sonda bir mütəxəssis olaraq qadınlara məsləhətlərinizi eşitmək istərdik.
- Məsləhətim odur ki, 35-40 yaşdan başlayaraq, ildə bir dəfə süd vəzi mamoqrafiyasından, 6 aydan bir isə mamoloqun baxışı və ultrasəs müayinəsindən keçsinlər. Bundan başqa, maqnit rezonans tomoqrafiyası müayinəsi həmin yaşa qədər olanlarda xəstəliyi müəyyən edən bir metoddur. Eləcə də qadınlarımız Milli Onkologiya Mərkəzində yaradılan səyyar mamoqrafiya xidməti, rayonlarımızın bir çoxunda, iri şəhərlərdəki diaqnostika mərkəzlərində fəaliyyət göstərən mamoqrafiya aparatlarından yararlana bilərlər.
Ümumiyyətlə, 40 yaşdan yuxarı qadınlarımız özünümüayinə metodlarına yiyələnməlidir. Güzgü qarşısında, əllər beldə, sonra isə başın arxasında olmaqla iki proyeksiyada (öndən və yandan), o cümlədən uzanıqlı vəziyyətdə süd vəzinə baxış aparmalı, əllərlə özünü müayinə etməlidirlər.