Peyvənd və sadə qaydalara əməl etməklə, onların bir çoxundan yan keçmək mümkündür
Payız fəslinin gəlməsi ilə soyuqdəymə, qrip və digər mövsümi xəstəliklər də baş qaldırıb. Xüsusilə uşaqlar daha tez-tez xəstələnirlər. Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova ilə söhbətləşdik.
K.Cəfərova bildirdi ki, sağlamlıq məsələsində böyüklərlə müqayisədə daha həssas olan uşaqlarda ilin fəslindən asılı olaraq bəzi xəstəliklərin ağırlaşması, davametmə müddətinin uzanması və geniş vüsət alması müşahidə edilir: “Nəzərə almaq lazımdır ki, insanların mövsümlə bağlı fiziki aktivliyi dəyişir. Belə ki, isti fəsillərdə fiziki aktivlik daha yüksək olur. Mövsümi geyimlərə keçid də ətraf mühitə adaptasiyanın mərhələlərindən biridir. Qışda ağır, yayda yüngül paltarların geyinilməsi də insan davranışında mövsümi dəyişikliklərə səbəb olur. Bəzi tədqiqatlarda göstərilir ki, uşaqların bədəninin daim geyimlərlə örtülməsi onlarda D vitamini defisitinə gətirib çıxarır.
Uşaqlarda mövsümi xəstəliklərlə bağlı ətraflı məlumatların olması, vaxtında profilaktik-müalicəvi tədbirlərinin aparılması valideynlərin, eləcə də uşaqlara qulluq göstərən mütəxəssislərin qayğısının xeyli azalmasına imkan verir”.
Bəs payızda hansı xəstəliklər daha çox özünü büruzə verir? K.Cəfərova qeyd etdi ki, bu mövsümdə təkcə respirator virus infeksiyaları, qrip deyil, başqa patologiyaların güclənməsi və geniş yayılması müşahidə olunur: bakterial konyunktivit, sinusit, sinir pozuntuları. Mövsümi qrip viruslarının isə 4 növü var - A, B, C və D. A və B qrip virusları dövr edir və mövsümi xəstəlik epidemiyalarına səbəb olur. Onun sözlərinə görə, qripə ilk yoluxma halları artıq avqustun sonlarından qeydə alınır: “Ən effektiv qoruyucu tədbir peyvənddir ki, onun nəticəsində yoluxma halları və ağırlaşmaların tezliyinin azaldılmasına nail olunur. Əsas simptomları isə bədən hərarətinin qəfil qalxması, öskürək (adətən quru), baş ağrıları, əzələ və oynaq ağrıları, ümumi əzginlik, boğaz ağrıları, zökəmdir. Valideynlər uşaqlarını qorumaq üçün onları insanların sıx olduğu yerlərdən kənar tutmalı, ictimai yerlərdə əllərin dezinfeksiyasına xüsusi diqqət yetirməlidirlər”.
Bakterial konyunktivitə toxunan müsahibimiz söylədi ki, payızda havaların soyuq keçməsi, uşaqların tətildən bağça və məktəblərə qayıtması yoluxma tezliyini artırır: “Konyunktivitin iltihablaşması baş verərsə, dərhal oftalmoloqa müraciət etmək lazımdır. Əsas profilaktik tədbir əl gigiyenasına diqqət etmək, ictimai yerlərdə hara gəldi toxunmaqdan çəkinməkdir”.
Sinusit isə, yuxarı tənəffüs yollarının kəskin və ya xroniki iltihablaşması zamanı ilkin zökəm infeksiyasının müalicəsinə lazımi diqqət yetirmədikdə, baş verir. Hər hansı mənşəli burun axıntısı 3 gündən çox davam edərsə və adi vasitələrlə aradan qaldırılması mümkün olmazsa, mütləq diaqnoz və müalicə üçün həkimə getmək lazımdır.
Mütəxəssisin dediyinə görə, daha bir mövsümi patologiya olan sinir pozuntuları xəstəlikləri gündüz saatlarının qısalması və soyuq havalar səbəbindən immunitetin zəifləməsi fonunda baş verir. Bunu önləmək üçün balanslaşdırılmış qida qəbuluna əməl olunmalı, təzə meyvə-tərəvəz, göyərtilər, balıq məhsulları rasiona daxil edilməlidir. O cümlədən normal yatmaq və stresdən uzaq durmaq vacibdir. Uzun müddət davam edən depressiya halında isə psixoterapevtə müraciət olunmalıdır.
Beləliklə, xəstəliklər və ağırlaşmalardan uzaq olması üçün uşaqlar vaksinasiya tədbirlərindən keçirilməli, onlar arasında əllərin düzgün yuyulması, burun, ağız boşluğu gigiyenası üzrə təlimlər aparılmalıdır. Eləcə də onların mövsümə uyğun geyinməsinə diqqət yetirilməli, infeksion xəstəliklərdən əziyyət çəkənlərlə təması azaldılmalıdır. Sadə qaydalara əməl etməklə uşaqların sağlam qalmasına və hər mövsümdən zövq almasına nail ola bilərik.