İflic və ölümə səbəb olan ağır xəstəlik

Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

Hər il oktyabr ayının 24-də bütün dünyada insanların diqqəti poliomielitin qlobal səviyyədə aradan qaldırlmasının vacibliyinə yönəlir. Poliomielitə yoluxma halları, xəstəliyin simptomatikası və onunla mübarizə yolları barədə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru, Elmi tədqiqatların idarə olunması departamentinin Elmimetrik araşdırma və elmi əməkdaşlıq şöbəsinin müdiri Fatimə Seyidbəyova məlumat verib.

O bildirib ki, Ümumdünya Poliomielitlə Mübarizə Gününün oktyabrın 24-ü seçilməsi heç də təsadüfi deyil. Belə ki, poliomielitə qarşı tapılan peyvəndin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir: “Poliomielitə uşaqlarda rastgəlmə tezliyi dünya üzrə genişmiqyaslı peyvənd kampaniyaları səbəbindən son onillikdə xeyli azalıb. ÜST-ün məlumatına görə, hər 200-cü infeksiya halı geridönməz iflicə gətirib çıxarır. Həmin insanların 5-10%-də isə tənəffüs əzələlərinin iflici inkişaf edir ki, bu da ölümlə nəticələnir.

Poliomielit (poliovirus səbəbindən) kəskin yoluxucu viral xəstəlikdir və sinir sisteminə təsir göstərərək iflic, əzələ zəifliyi və ya ölümə səbəb ola bilər. Daha çox uşaqlarda müşahidə edilsə də, peyvənd olunmayan böyüklərdə də rast gəlinə bilər. Poliomielit, əsasən, qeyri-qənaətbəxş sanitariya şəraitində yaşayan cəmiyyətlərdə yayılmağa meyillidir.

Poliomielit tarix boyu ciddi sağlamlıq problemi olmuşdur. Lakin 1950-ci illərdə ilk peyvəndlərin inkişaf etdirilməsi bu xəstəliklə mübarizədə mühüm dönüş nöqtəsi oldu. Poliomielitə qarşı peyvəndlərin biri olan inaktiv poliovirus peyvəndi (İPV) amerikali alim Conas Solk tərəfindən 1955-ci ildə kəşf edildi. Bir neçə il sonra Albert Sabin tərəfindən hazırlanan oral poliomielit peyvəndi (OPV) daha geniş istifadə olundu və xəstəliyin qlobal miqyasında azalmasına böyük təsir göstərdi”.

Poliomielitə yoluxma yollarından bəhs edən mütəxəssis vurğulayıb ki, poliovirus daha çox fekal-oral yolla yayılır. Virus nəcis vasitəsilə, çirklənmiş su və qida məhsulları ilə də keçə bilər: “Virusun insandan insana ötürülməsi də mümkündür. Xüsusilə sanitariya şəraitinin qeyri-qənaətbəxş olduğu ərazilərdə xəstəlik daha sürətlə yayılır. Virus əvvəlcə udlaq və bağırsaqlarda çoxalır, daha sonra orqanizmə yayılaraq qan dövranına daxil olur. Qanla sinir sisteminə çatan virus, sinir hüceyrələrini zədələyir və iflicə səbəb olur.

Xəstəliyin inkubasiya dövrü ortalama 9-12 gün çəkir. Amma 23-46 günə qədər uzana bilər. Ümumi KRVİ və ya bağırsaq infeksiyası kimi başlayan poliomielit geridönməz nəticələrə, iflicə və ölümə gətirib çıxara bilər.

Növü, şiddəti və gedişatından asılı olaraq poliomielitin bir neçə forması var. Poliomielit tipik (mərkəzi sinir sisteminin zədələnməsi ilə) və atipik (mərkəzi sinir sisteminə zərər vermədən) növlərə bölünür. Atipik növə 72% daha çox rast gəlinir və boğaz ağrısı, baş ağrısı, qusma, yüksək hərarət, yorğunluq kimi özünü göstərir və ya simptomsuz keçə bilər. Qeyd etmək lazımdır ki, atipik poliomielitlə olan uşaqlar infeksiyanın əsas mənbəyidirlər. Poliomielitin tipik növünün ilk simptomları atipik formadakına bənzəyir. Lakin bir həftədən sonra uşağın vəziyyəti ağırlaşır.

Reflekslərin itirilməsi, əzələlərdə şiddətli spazm və ağrılar, boş və sallanan əzələlər (bəzən bədənin bir tərəfində), bədən üzvlərinin (omba, topuq və ayaqlar) deformasiyası poliomielitin tipik növünün simptomlarıdır. Post Poliomielit Sindromu (PPS) xəstəlik tam sağalma ilə başa çatsa və ya asimptomatik olsa belə, 15-40 ildən sonra inkişaf edə bilər.

PPS-in simptomları proqressiv əzələ və oynaq zəifliyi, getdikcə ağrıların şiddətlənməsi, əzələ istifadəsi artdıqca ağrıların daha da artması, yorğunluq, əzələlərin atrofiyası, nəfəsalmada çətinlik, soyuğa və istiyə tolerantlığın aşağı olması, depressiya, diqqətin və yaddaşın pozulması və sairədir".

Xəstəliklə mübarizə yollarından danışan professor qeyd edib ki, poliomielitə qarşı ən effektiv vasitə peyvənddir: “İki əsas növ peyvənd istifadə olunur. İnaktiv poliovirus peyvəndi və oral poliovirus peyvəndi. İPV iynə vasitəsilə vurulur. Bu peyvənd bədəndə qan dövranında güclü immun cavab yaradır və poliovirusun sinir sistemini zədələməsinin qarşısını alır. OPV isə ağız vasitəsi ilə qəbul olunur və bağirsaqlarda lokal immunitet yaradır.

Uşaqların immunizasiyası üzrə təlimat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və yeni peyvənd təqviminə əsasən 2, 3, 4 aylarda uşaqlara Heksavaksin (difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofil infeksiya, poliomielit), 6 və 18 aylarda isə OPV verilir.

Azərbaycan Respublikası 1988-ci ildə ÜST, UNİSEF, Rotary İnternational beynəlxalq təşkilatları tərəfindən Qlobal Poliomielit Eradikasiya Təşəbbüsü (GPİE) adlı genişmiqyaslı proqrama qoşulub. Bu proqramın məqsədi poliomielit xəstəliyini dünya üzrə tamamilə aradan qaldırmaqdır.

1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyi qeydə alınmayıb və 2002-ci ildən Azərbaycan poliomielitdən azad region statusu alib”.