Könül İsmayılova: Prediabetin profilaktikası və müalicəsi prosesini aktivləşdirmək vacibdir
Noyabrın 14-ü ümumdünya diabetlə mübarizə günüdür. Bu günlə bağlı fikirlərini “Təbib” qəzeti ilə bölüşən ATU-nun II Daxili xəstəliklər kafedrasının assistenti, həkim-endokrinoloq Könül İsmayılova bildirib ki, diabetlə mübarizə ilk növbədə prediabetdən başlamalıdır. Yəni elmi dildə prediabet adlanan xəstəlik diabetdən əvvəlki dövrə deyilir və belə xəstələr gizli şəkər xəstəsi kimi qəbul edilir.
O müasir təbabətin təkcə infeksion xəstəliklərlə deyil, həm də pandemiyaya çevrilmiş xroniki metabolik xəstəliklərlə mübarizə aparmaq məcburiyyətində qaldığını söyləyərək qeyd edib ki, onlardan biri də dünyada ən geniş yayılmış endokrin xəstəlik olan 2-ci tip şəkərli diabetdir: “Hazırda yer kürəsinin 20-79 yaş aralığında əhalisinin hər 10-cu nəfərində şəkərli diabet var. Diabetli xəstələrin ümumi sayı 537 milyonu keçıb. Proqnozlara görə, bu rəqəm 2030-cu ildə 643, 2045-ci ildə 783 milyon olacaq. Şəkərli diabet ildə təxminən 7 milyon insanın ölümünə səbəb olur ki, bu da hər 5 saniyədə 1 nəfər deməkdir. Şəkərli diabetlə mübarizə artıq təbabətin problemindən daha çox, sosial bir problemə çevrilib. Bu savaşdan qalib çıxmaq üçün şəkərli diabetin sələfi olan vəziyyətlər də diqqətdən qaçmamalıdır. Belə hallardan ən geniş yayılmışı prediabetdir. Prediabet qanda şəkər göstəricisinin xəstəlik halına çatmayan yüksək rəqəmlərinə deyilir. Bura həm aclıq plazma şəkərinin artması, həm də qlükozaya tolerantlığın pozulması halları daxildir”.
Həkim-endokrinoloq xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, plazma aclıq qlükozası 110-125 mq/dl, Amerika Diabet Assosiasiyasına görə, 100-125 mq/dl olduqda, pozulmuş aclıq qlükozası (yəni acqarına şəkərin yüksək olması), hər iki rəhbərliyə görə isə 75 q qlükoza ilə Oral Qlükoza Tolerantlıq Testindən 2 saat sonra qlükoza 140-199 mq/dl olarsa, qlükozaya tolerantlığın pozulması hesab olunur. Hər iki hal diabetönü vəziyyət kimi dəyərləndirilir: “Prediabet 2-ci tip şəkərli diabetə şərait yaradan metabolik pozğunluqdur. İlk dəfə 1959-cu ildə prediabet termini bugünkü anlamda işlədilmiş, 1979-cu ildə Qlükozaya Tolerantlığın Pozulması faktı elmə daxil olmuşdur. Prediabet dünya əhalisinin təxminən 1/3-ni əhatə edir. Prediabeti olan adamlarda şəkərli diabetdən başqa diabetsiz belə retinopaya, nefropatiya, neyropatiya, ürək-damar xəstəlikləri (ÜİX 1.9, işemik insultlar 2.2 dəfə), qaraciyərin qeyri-alkohol mənşəli piylənməsinin rastgəlmə tezliyi dəfələrlə çoxdur. Qlikemik göstəriciləri şəkərli diabetin diaqnostik göstəricilərinə yaxın olan adamlarda prediabetin aşkar şəkərli diabetə transformasiya riski çox yüksəkdir. Aclıq plazma şəkərinin 110-124 mq/dl və HbA1C-nin 6,0-6,4 faiz göstəricilərinin müştərəkliyi şəraitində yaxın 5 ildə şəkərli diabetin inkişaf tezliyi 100 faizə yaxınlaşır. Prediabeti olanların 3-5 il ərzində 25 faizində, ömrün sonuna qədər isə 70 faizində şəkərli diabet inkişaf edir”.
K.İsmayılova onu da vurğulayıb ki, şəkərli diabetin gecikmiş ağırlaşmalarının həyat keyfiyyətini kəskin aşağı salması, səhiyyə sisteminin və ümumilikdə cəmiyyətin üzərinə düşən yükü artırmasını nəzərə alaraq, prediabetin profilaktikası və müalicəsi prosesini aktivləşdirmək vacibdir. Bunun üçün normal bədən çəkisinə nail olmaq və onu stabil saxlamaq, gündə 30 dəqiqə orta intensiv fiziki aktivlik, tütündən imtina və sağlam qidalanmaq, həmçinin vaxtında həkimə müraciət etmək əsas şərtlərdir.