Dosent Aygün Babayeva: Tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq akkreditasiya və reytinqlərdə yer qazanmaq əsas fəaliyyət sahəmizdir
İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsi Azərbaycan Tibb Universitetində 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Şöbə rektorun birbaşa tabeçiliyində fəaliyyət göstərən struktur bölmə olmaqla, universitetin təhsil, elm, əməkdaşlıq, infrastruktur üzrə keyfiyyət siyasətini, eləcə də akkreditasiya və dünya reytinqlərində yer tutmaq fəaliyyətini həyata keçirir. Şöbənin gördüyü işlərlə bağlı onun rəhbəri, dosent Aygün Babayevanın fikirlərini öyrəndik.
Onun sözlərinə görə, şöbənin əsas məqsədi keyfiyyət menecmenti sisteminin düzgün işləməsini və inkişafını təmin etməklə universitetin fəaliyyətinin təkmilləşməsinə nail olmaq, universitetin tanınma və keyfiyyət siyasətini həyata keçirməkdir: “Rektor, professor Gəray Gəraybəyli təhsildə mükəmməlliyə nail olmaq üçün şöbə qarşısında qabaqcıl tədqiqatlara meyarların tətbiq olunması, təkmilləşdirmə işlərinin aparılması və eləcə də davamlı olaraq universitetin fəaliyyətini qiymətləndirmək tələblərini qoyub. Qeyd etdiyim tələbləri yerinə yetirmək üçün ATU-da ildə iki dəfə professor-müəllim heyəti, təhsilalanlar, məzunlar və işəgötürənlər arasında sorğular keçiririk. Sorğular Python kimi proqramlar ilə analitik təhlil olunur.
Tələbələrimizi yüksək peşəkarlığa malik səhiyyə işçisi kimi yetişdirmək məqsədilə onları zəruri bilik, bacarıq və etik dəyərlərlə təmin edən hərtərəfli tibbi təhsil proqramı həyata keçiririk. Buna görə “Sillabusların tərtib olunmasına dair təlimat” hazırlanıb. Həmin təlimata uyğun innovativ metodların tədrisə tətbiqi işi kafedralarla birgə aparılıb. Hər fənnə uyğun innovativ metod seçilib və sillabusda öz əksini tapıb. Tədris metodları olaraq tapşırıq-əsaslı öyrənmə, klinik təqdimatla öyrənmə, problem-əsaslı öyrənmə, hadisə-əsaslı öyrənməni vurğulaya bilərəm”.
Dosent A.Babayeva qiymətləndirmədən və davamlı təkmilləşdirmə sahəsində görülən işlərdən də danışıb. Bildirib ki, qiymətləndirmə formativ (semestr ərzində) və summativ (semesterin sonunda) şəkildə aparılır: “Nəzəri, təməl və laborator fənlərdə formativ olaraq sərbəst iş Essay (tezis) və ya layihə-əsaslı formalaşdırılıb. Sərbəst işlərin qiymətləndirilməsi hazırlanmış meyarlar (matrix) üzrə aparılır və hər birinə olan tələblər sillabuslarda öz əksini tapır. Klinik kafedralar isə formativ qiymətləndirməni yalnız bacarığın qiymətləndirilməsi ilə aparırlar. Kafedraların seçimindən asılı olaraq, klinik fənlərdə bacarıq “Mini klinik qiymətləndirmə tapşırığı”, “Prosedur bacarıqlarının birbaşa müşahidəsi” və ya “Situasiya, klinik hala əsaslanan müzakirə qiymətləndirilməsi” ilə müəyyənləşdirilir”.
Şöbə davamlı təkmilləşdirmə sahəsində də işlər görür. Buna misal olaraq, “Effektiv strateji planlaşdırma və proqram qiymətləndirilməsi”, “Effektiv kurrikulumun, sillabusun yaradılması” təlimlərini göstərmək olar: “Qeyd edim ki, “Effektiv strateji planlaşdırma və proqram qiymətləndirilməsi” üzrə təlim struktur bölmə rəhbərləri və onların əməkdaşları üçün keçirilib. “Effektiv kurrikulumun, sillabusun yaradılması” üzrə təlim isə tədris prosesində iştirak edən heyət üçün tətbiq edilib. Hər bir təlim 10 həftə çəkib.
Həmçinin şöbənin təşkilatçılığı ilə “İnstitusional akkreditasiya meyarları” üzrə təlim də keçirilib. Təlimdə akkreditasiya meyarlarının metodologiyası ilə tanışlıq baş tutub. 30-dan çox əməkdaşımız bu təlimlərdə iştirak edib və sertifikatlarla təltif olunub.
Bundan başqa, ATU olaraq, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində BMT-nin İnkişaf Proqramı və Avropa Komissiyasının birgə təşəbbüsü olan Kapuçinski İnkişaf Mühazirələri (Kaptalks) ilə “Mürəkkəb dünyada necə yaşamalı: planetar sağlamlıq çıxış yolu kimi” mövzusunda seminar təşkil etdik. Tədbirdə Sanvey Universitetinin Planetar Sağlamlıq Mərkəzinin icraçı direktoru, professor Cəmilə Mahmudun mühazirəsi dinlənildi. Seminarda səhiyyə və təhsil sahəsinin mütəxəssisləri, ekspertlər, alimlər, tələbələr, hakimiyyət orqanlarının nümayəndələri, diplomatlar iştirak edirdilər”.
A.Babayeva bildirib ki, şöbənin funksiyalarından biri də yerli və beynəlxalq akkreditasiyalara hazırlıq və müvafiq prosesin ATU-da keçirilməsini təmin etməkdir. Keçən tədris ili ərzində universitetimiz institusional akkreditasiyadan və beynəlxalq akkreditasiyanın monitorinqindən uğurla keçib.
“Bildiyiniz kimi, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə 2016-cı ildən bəri ATU bir çox nailiyyətlər qazanıb, uğurlara imza atıb və yeni strateji planda nəzərdə tutulan yol üzrə transformasiyaya başlayıb. Bu plan artıq üç təhsil proqramının (Tibb, Stomatologiya və Əczaçılıq) beynəlxalq akkreditasiyadan keçməsi və Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə olaraq nüfuzlu “Times Higher Education Impact Ranking”də iştirak etmək imkanı ilə nəticələnib. Bu il universitetimiz həmin reytinq cədvəlində sağlamlıq üzrə göstəriciləri müəyyənləşdirən SDG 3 – “Good health and wellbeing” kateqoriyasında ölkə birincisi olub. Burada ATU-nun ölkəmizdə səhiyyənin və tibb elminin inkişafına, təhsilin bütün pillələrində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə, sağlam həyat tərzinin təşviqinə, əhaliyə pulsuz tibbi yardım üzrə xeyriyyə aksiyalarının keçirilməsinə və bununla da əhalinin rifah halının yüksəldilməsinə verdiyi töhfələr əsas götürülüb” – deyə şöbə müdiri fikirlərini yekunlaşdırıb.