Boğaz xəstəlikləri: əlamətlər oxşar olsa da, səbəblər müxtəlifdir

Afaq Şadlinskaya bildirir ki, boğazdakı ərpi silməyə çalışmaq böyük yanlışlıqdır

“Havaların soyuması ilə boğaz xəstəlikərinin artması da müşahidə olunur. Onlardan ən çox faringit, angina və laringitə rast gəlinir. Faringit - udlağın arxa divarının, angina damaq badamcıqlarının, laringit isə qırtlağın iltihabi xəstəliyidir. Hər üç xəstəliyin kəskin və xroniki forması olur. Soyuq havalarda əsasən kəskin formaları geniş yayılıb”. Bunları “Təbib” qəzetinə açıqlamasında ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Afaq Şadlinskaya söyləyib.

Onun sözlərinə görə, kəskin faringitin əsas simptomları boğazda qıcıqlanma, ağrı, xüsusən boş udqunma zamanı ağrının artması və qulağa irradiasiya etməsi, boğazda quruluq hissi, yad cisim hissiyyatı, 38 dərəcədən yuxarı olmayan subfebril hərarət və quru öskürəkdir. Kəskin faringitin 70% hallarda törədicisi virus infeksiyasıdır - qrip, paraqrip, adenavirus, rinovirus və streptokokk. Az hallarda patoloji göbələk, allergik reaksiyalar, travma (məsələn, yad cisim), kimyəvi vasitələr (turşu, qələvi, isti mayelər) səbəb ola bilər.

Rastgəlmə tezliyinə görə boğaz xəstəliklərindən daha çox yayılanı anginalardır. “Angina” sözü latın dilində “angere”, mənası isə boğmaq, sıxmaq deməkdir. Angina badamcığın kəskin iltihabı ilə keçən ümumi infeksion xəstəlikdir. Törədiciləri beta hemolitik streptokokklar, stafilakokklar, virus, adenoviruslardır. Anginalar birincili və ikincili olaraq iki qrupa bölünür. Birinciliyə tez-tez rast gəldiyimiz kataral, follikulyar, lakunar anginalar aiddir. Kataral anginalar zamanı infeksiyalar damaq badamcığının selikli qişasını zədələyir. Boğazda ağrı, əsasən udqunma zamanı müşahidə olunur. Badamcıqlar şişkinləşir, lakin irin və ya ərp qeyd olunmur, temperatur subfebril olur. Kataral angina yüngül gedişli olsa da, follikulyar və lakunar anginalar zamanı gedişat daha ağır keçir. Yüksək hərarət, baş, boğaz, oynaqlarda və bütün bədəndə ağrılar olur, yuxu və iştaha pozulur, əsnəyin hiperemiyası, badamcıqların hipertrofiyası, irin və ərplə örtülməsi qeyd olunur. İkincili anginalara infeksion xəstəliklər və qanın sistem xəstəlikləri zamanı yaranan anginalar aiddir.

Həkim bildirib ki, müalicəni düzgün aparmaq üçün anginaların formalarını differensasiya etmək lazımdır: “Bunun üçün mütəxəssisə müraciət etmək, qanın ümumi analizi mütləqdir. Belə ki, anginaların müxtəlif formalarında badamcıqların üzərini örtən ərp rənginə, yayılma sərhədinə görə fərqli olur və buna müvafiq müalicə aparılır. Sadə və ya banal anginaların müalicəsində çoxlu maye qəbulu, limonlu, zoğallı çay, qar-qaralar, müxtəlif antiseptik tərkibli boğaz spreylərindən istifadə edilir. Ağırlaşmış hallarda antibiotiklər qəbulu mütləqdir. Qanın kliniki analizi xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirir və analizin cavablarına əsaslanaraq spesifik müalicə aparılır. Bəzən xəstələr boğazdakı ərpi silməyə çalışırlar. Bu çox böyük yanlışlıqdır. Xüsusən valideynlər uşaqların boğazındakı ərpi silirlər, bu zaman xəstəlik daha da ağırlaşır, infeksiya udlaqarxası sahəyə keçir və udlaqətrafı abses əmələ gəlir.

Ümumiyyətlə, ildə 3-4 dəfədən artıq yüksək hərarətlə müşahidə olunan angina ilə xəstələnmək, gələcəkdə ümumi fəsadlara - revmatizmin əmələ gəlməsinə, ürəyin, böyrəyin zədələnməsinə, oynaqlarda problemlərə gətirib çıxara bilər”.

Digər tez-tez rast gəldiyimiz boğaz xəstəliyi laringitdir. Laringit zamanı əsas simptomlardan boğazda ağrı, qaşınma hissi, quruluq, səsin xırıltılı olmasını qeyd etmək olar. Xəstəliyin əvvəlində olan quru öskürək getdikcə bəlğəmli öskürəyə keçir və bəzən də xırıltılı səsin tam batması müşahidə olunur.

Boğaz xəstəliklərinin yaşla əlaqəsindən danışan Afaq xanım əlavə edib ki, kiçik yaşlı uşaqlarda kəskin formalı boğaz xəstəlikləri daha ağır keçir: “Xüsusən kəskin laringitdə adətən 5-7 yaşa qədər uşaqlarda səs büküşaltı nahiyənin quruluş xüsusiyyəti ilə əlaqədar, kövşək toxumanın çoxluğu, qırtlağın darlığı stenoza səbəb olur. Buna yalançı inağ deyilir. Xəstəlik KRVİ fonunda subfebril hərarət və öskürəklə başlayır. Uşağın vəziyyəti gündüz kafi olduğu halda, gecə qəflətən boğulma tutması, hürücü öskürəyə keçir.

Müalicə prinsipi xəstəliyin formasindan və gedişatından asılıdır. Xəstə olan otaqda pəncərələri acıb, rahat tənəffüs üçün şərait yaratmaq və mütəxəssisə müraciət etmək lazımdır. Xəstəyə vaxtında yardım edilməzsə, vəziyyət daha da ağırlaşar, nəticədə xəstə intubasiya və ya traxeostomiya oluna bilər”.

Mütəxəssis sonda qeyd edib ki, özümüzü və uşaqlarımızı patogen mikroorqanizmlərdən tam qoruya bilməsək də, orqanizmimizin infeksiyalara qarşı müqavimətini artıra bilərik. Bunun üçün düzgün qidalanma, təmiz havada çox gəzmək, stresdən uzaq olmağa çalışmaq, soyuqdan qorunmaq, qapalı yerlərdə maskalardan istifadə etmək lazımdır.