ATU-nun Şüa diaqnostikası kafedrasının assistenti, süd vəzi üzrə multimodal radioloq, tibb üzrə fəlsəfə doktoru Günel Əliyeva süd vəzi xəstəlikləri, onların yaranma səbəbləri, erkən aşkarlanması mövzusunda “CBC” radiosuna açıqlama verib
G.Əliyeva bildirib ki, yaranma səbəblərinə dərindən baxıldıqda, süd vəzi orqan kimi reproduktiv sistemin bir hissəsidir: “Qeyd edim ki, qadın sağlamlığına təsir edən bir çox faktorlar var. Qadın orqanizmi istər gənc, istərsə də yuxarı yaşlarda həmişə hormonal dəyişikliyə uğrayır. Əgər gənc bir xanımın süd vəzində sıx toxuma elementləri çox müşahidə edilirsə və bu onun üçün norma hesab oluna bilərsə, müəyyən yaşdan sonra isə hansısa xəstəliyin əlamətləri ola bilər. Hətta mən törəmə şəklində olan proses yox, sadəcə hormonal sferada baş verən dəyişikliklərdən danışıram. 20 yaşlı gənc qadında hormonal vəziyyət bir başqadırsa, orta yaşda, hamiləlik dövründə tamam başqa proseslər baş verir. Menopauzaya keçdikdən sonra estrogenin azalması ilə piy toxumasının artması meydana çıxır”.
Əməkdaşımız qeyd edib ki, süd vəzi qadın ana olduqdan sonra övladı qidalandırmaq funksiyası daşıyır. Onun sözlərinə görə, bu dövr uzandıqca, süd vəzi xərçənginin yaranma riski azalır: “Ümumiyyətlə, bu, kompleks bir məsələ olub, qadının nə vaxtsa aldığı şüa terapiyası, keçirdiyi xəstəliklər, müəyyən həyat tərzi və gen mutasiyalarınadək çox multifaktorlu bir xəstəlikdir. Xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, ilk dövrlərdə klinik əlamətlərlə aşkar olunmur və simptomlarına erkən mərhələlərdə rast gəlinmir. Xəstəlik gizli şəkildə gedən simptomsuz bir prosesdir”.
G.Əliyeva diaqnostikadan söhbət açaraq, bildirib ki, xəstəliyin aşkar olunmasında müayinələrin rolu böyükdür: “2021-ci ilə dair Milli Onkoloji Mərkəzin verdiyi statistikaya görə, süd vəzi xərçəngi xəstələrinin 44 faizində 3-4-cü mərhələlərdə aşkar olunub. Bu təəssüfləndirici haldır. Qadınlar heç olmasa, ildə bir dəfə ultrasəs və mamoqrafiya müayinəsindən keçməlidir. Ehtiyac yaranarsa, MRT müayinə də məsləhət görülə bilər. Süd vəzi xərçənginin erkən aşkarlanması üçün 40 yaşdan etibarən onun üzərində skrininq müayinələr də aparılmalıdır. Əgər biz xəstəliyi ilkin mərhələdə aşkarlaya bilsək, xəstənin 98 faiz sağalma ehtimalı olur”.
Azərbaycanda skrininq proqramının olmamasından təəssüflənən G.Əliyeva qeyd edib ki, inkişaf etmiş ölkələrdə bu proqram dövlət səviyyəsində tətbiq olunur və qadınlara vaxtında aşkarlanma ilə bağlı məktub şəklində məlumatlar göndərilir. Beləliklə, onlar vaxt itirmədən müayinələrdən keçir və aşkarlanan xəstəliyin zamanında müalicəsi öz müsbət nəticəsini göstərir.