Dekan Fərəh Mədətli: Tibbi sığorta hesabına dərman təminatının bir sıra üstünlükləri var

Bu günlərdə Milli Məclisin plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub. Yeni dəyişikliyə görə, ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq.

Tibbi sığorta hesabına dərmanların təminat mexanizminin necə olması, dərmanların keyfiyyətində hər hansı dəyişiklik gözlənilməsi və s. ilə bağlı İctimai televiziyada mütəxəssislərinin müzakirəsi təşkil olunub. Verilişdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli də iştirak edib.

Onun sözlərinə görə, Avropa ölkələrində ambulator şəraitdə müalicə olunan xəstələr 90 faiz dərman vasitələri ilə təmin olunur. Ölkəmizdə də ambulator şəraitdə veriləcək dərman vasitələrinin icbari tibbi sığortaya salınması təqdirəlayiqdir: “Əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış, yaxud cərrahi əməliyyata götürülmədən müalicə almasını təmin etməkdir. Vətəndaşlarımız ambulator müalicə alan zaman onlara təyin edilmiş dərmanları da tibbi sığorta ilə əldə edəcəklər.

Əhalinin aztəminatlı təbəqəsi dərman vasitələri ilə təminatdan daha çox yararlanacaq. Belə ki, tibbi sığorta olmasına baxmayaraq, aztəminatlı xəstələr çox vaxt həkimə müraciət etmirdilər. Fikirləşirdilər ki, həkimə müraciət etsələr, onlara təyin edilən dərman vasitələrini ala bilməyəcəklər. Amma qanun tətbiq olunandan sonra problem aradan qalxacaq ki, bu da əhalinin ümumi sağlamlığının qorunmasına səbəb olacaq.

Özəlliklərdən biri də odur ki, dərmanlar elektron reseptlə veriləcək. İzləmə sistemi olacaq. Bilinəcək ki, xəstələr dərmanlarını ala bildilər, ya yox”.

F.Mədətli bu yeniliyin bir əhəmiyyətli məqamına da toxunub. Bildirib ki, izləmə sisteminin olması statistikanın aparılmasına və dərman vasitələrinin ölkəyə idxalının proqnozlaşdırılmasına imkan verəcək: “Bu yolla bilinəcək ki, ölkə əhalisi ən çox hansı xəstəlikdən əziyyət çəkir. Sağalma prosesi necə gedir? Hansı dərman vasitələrinə ehtiyac daha çoxdur?

Yəqin ki, xəstələrə təyin ediləcək dərmanların siyahısı olacaq. Həkimlər siyahı əsasında xəstələrə dərman yazacaqlar. Ola bilsin, gələcəkdə dərman vasitələrinin tapılmasında çətinliklər yarana, əczaçılıq müəssisələrinin maddi təminatı bir az ləngiyə bilər. İlk mərhələdə qeyd etdiklərim gözləniləndir. Əgər bu, baş verərsə, hesab edirəm ki, tədricən, zamanla aradan qaldırmaq mümkün olacaq. 

Dünya praktikasında nadir xəstəliklərə tətbiq olunan dərmanların qiymətinin bir qismini sığorta öz üzərinə götürür. Hesab edirəm ki, bizdə də belə olmalıdır. Bundan başqa, klinik protokolların tətbiqi də mövcud problemlərin aradan qaldırılmasına şərat yaradar, düzgün müayinə və müalicənin aparılmasına kömək edər”.