Azərbaycan Pediatrlar Assosiasiyası silsilə tədbirlər keçirir

Gəncədə təşkil olunan, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim-pediatrlarının da iştirak etdiyi “Pediatriyanın aktual problemləri” mövzusunda konfrans Azərbaycan pediatriyasının inkişafına xidmət edən ən önəmli görüşlərdən biri kimi yadda qalıb

200-ə yaxın iştirakçının qatıldığı və “Lasomed Group” şirkətinin texniki dəstəyilə təşkil olunan konfransda Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin alim və praktik həkimləri, uşaq sağlamlığı sahəsində çalışan mütəxəssislər pediatriyanın müxtəlif sahələrinə dair aktual məsələləri işıqlandırıblar.

Tədbirin əsas məqsədi regionlarda uşaq sağlamlığının qorunmasında mövcud problemləri müəyyənləşdirmək və onların həlli istiqamətində yeni yanaşmalar təqdim etmək, eyni zamanda pediatrik xəstəliklərin erkən diaqnostikası və effektiv müalicəsinə dair strategiyaları müzakirəyə çıxarmaq olub.

Konfransı giriş söz ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə APA-nın tarixi və səhiyyəmizdəki rolu haqqında qısa məlumat verib. Qeyd edib ki, 1930-cu ildə yaradılmış Assosiasiya ölkədə ana və uşaq sağlamlığı sahəsində standartların hazırlanması, tibbi xidmət, təhsil proqramları və maarifləndirmə kampaniyalarının təşkili işində əvəzsiz rol oynayır. Xüsusilə uşaq səhiyyəsinin inkişafına strateji önəm verən Ulu Öndər Heydər Əliyevin Assosiasiyanın fəaliyyətinə dəstəyi sayəsində APA ölkədə uşaq sağlamlığının qorunması və pediatriyanın inkişafında mövqe nümayiş etdirən əsas təşkilatlardan birinə çevrilib. Ulu Öndərin irsi bu sahədə hələ də yolgöstərici əhəmiyyətə malikdir.

APA sədri bildirib ki, gələn il 95 illiyini qeyd edəcək təşkilat ötən illər ərzində təkcə yerli deyil, həm də beynəlxalq miqyasda tanınıb, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində mühüm işlər görüb.

Alim konfransda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Ekologiyanın - ətraf mühitin uşaq sağlamlığına təsiri” və “Uşaqlarda kəskin bağırsaq infeksiyası” mövzularında məruzələrlə çıxış edib.

Konfransda həkim-pediatr Qoşqar İsmayılov “Uşaqlarda Eritema Multiforme”, dosent Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsinə müasir yanaşma”, dosent Fəxriyyə Məmmədova “Erkən yaşlı uşaqların qidalandırılması: yeni aspektlər və yanaşmalar”, dosent Lalə Hidayətova “Postinfeksion sindromunun gastrointestinal təzahürləri”, dosent Nigar Hacıyeva “Kəskin respirator viruslar və ətraf mühit”, professor Mir Eldar Babayev “Pediatrik praktikada sümük illiyinin depressiyası ilə müşayiət olunan xəstəliklərin differensial diaqnostikası” və dosent Səbinə Cəfərova “COVID-19 keçirmiş uşaqlarda multisitem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri” mövzularında və digər mütəxəssislər çıxışlar ediblər.

Sonra Assosiasiyanın həkimləri region mütəxəssislərinə pediatrik praktikada ən çox rast gəlinən xəstəliklərlə bağlı master-klass keçiblər. Həmçinin həkim-mütəxəssislərə yeni pediatriya dərsliyi və hematoloji patologiya üzrə metodik tövsiyələr paylanılıb.        

Elmi məruzələrdən əlavə, mütəxəssislərin uşaqlar arasında yayılmış xəstəliklərin erkən diaqnostikası və müalicəsi, peyvənd proqramlarının effektivliyinin artırılması, genetik və irsi xəstəliklərə yanaşmalar, qidalanma problemləri və onların təsirləri, yenidoğulmuşlarda reanimasiya və intensiv terapiya yeniliklərinə dair təcrübə paylaşımı ilə konfrans daha məhsuldar olub.

Konfransın nəticələrinə gəldikdə, APA-nın 95 illik yubileyi çərçivəsində bu regional tədbir ölkədə pediatriya sahəsinin inkişafı üçün yeni perspektivlər müəyyən edib. Burada müzakirə olunan məsələlər gələcəkdə uşaq sağlamlığına dair strategiyaların hazırlanmasına və tətbiqinə təkan verəcək.

Tədbirin yekununda regionlarda pediatrik xidmətlərin genişləndirilməsi üçün dövlət proqramlarının gücləndirilməsi, ixtisaslı kadrların yetişdirilməsi və regionlarda çalışmaları üçün stimullaşdırıcı tədbirlərin görülməsi, müasir texnologiyaların regionlara gətirilməsi, maarifləndirici kampaniyaların keçirilməsi və uşaqlar üçün peyvənd proqramlarının genişləndirilməsi kimi yeni təkliflər irəli sürülüb.