Hərbi tibb fakültəsinin məzun rezidentləri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində rezidentlərin buraxılış mərasimi keçirilib.

Öncə Ulu öndər Heydər Əliyev və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.  Dövlət Himnimiz səsləndirildikdən sonra aparıcı Mələk İmanova Hərbi tibb fakültəsinin həyatında çox əlamətdar bir günün olduğunu qeyd edib. Bildirib ki, 22 nəfər hərbi həkim Hərbi tibb fakültəsinin Rezidentura və tətəkmilləşdirmə kursunda dərin biliklərə yiyələnərək tibb sahəsində ixtisaslaşıb, yeni təyinatla ordu sıralarına yollanırlar.

Məzun rezidentləri təbrik etmək üçün  fakültənin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Məharət Rzayev öz ürək sözünü söyləyib. Bildirib ki, fakültə 2000-ci ildə yaradılıb. Bunu Ulu öndər Heydər Əliyevin Azərbaycan təbabətinə verdiyi ən böyük töhfələrdən biri kimi dəyərləndirib: “Bu onun uzqaqgörən siyasətinin nəticəsi idi.  Ulu öndər bilirdi ki, torpaqlarımızın işğaldan azad olunması üçün bizim hərbi həkimlərə böyük ehtiyacımız var. Onun layqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsini Böyük Zəfərlə başa çatdırdı. Qələbənin əldə edilməsində bizim fakültəmizin əməkdaşları və məzunlarının da xüsusi payı var. Onlar döyüş zamanı böyük əzmkarlıq və cəsarət nümayiş etdirərək çoxsaylı yaralı hərbçinin həyatını xilas etdi, təxliyyəsi ilə məşğul oldular. Bugün tədbirdə iştirak edən zabit və rezidentlərin çoxu Vətən müharibəsinin iştirakçılarıdır”

Milli Müdafiə Universitetinin rektor müavini, Elmi Tədqiqat İnstitutunun direktoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, general-mayor Arif Həsənov da öz çıxışında  Hərbi tibb fakültəsinin Ulu öndər tərəfindən yaradılmasının çox böyük tarixi əhəmiyyətə malik olduğunu bildirib:” Bu fakültənin yaradılması əvvəlcədən atılmış strateji addımlardan biri idi. Sizin kollektiviniz kiçik olmasına baxmayaraq, digər təhsil müəssisələri ilə müqayisədə mühüm və vacib tapşırıqları yerinə yetirən məzunların yetişdirilməsi ilə məşğuldur.

Dünyada toxunulmaz üç sahə var ki, həmin sahələrə heç vaxt güzəşt etmək olmaz. Bu sahələrə güzəşt etmək xəyanətə bərabərdir. Onlardan biri təhsil, o biri tibb, digəri isə hərbi xidmətdir. Biz həkimlərdə bunların üçü də birləşib. Təhsil müəssisəsini yeni bitirmisiniz, həkim və zabitsiniz. Buna görə sizin çiyinlərinizə ağır və qürurverici bir məsuliyyət düşür.

Hərbi tibb fakültəsi 24 ildir yaranıb. Təhsil müəssisələri həmişə 50, 100 ilə ancaq öz bəhrəsini verə bilir. Amma Hərbi tibb fakültəsi qısa bir zaman kəsiyində təkcə bir təhsil müəssisəsi kimi deyil, həm də çiyin-çiyinə döyüşməklə özünü göstərə bildi.

Biz qloballaşan bir dövrdəyik. Kiçik dövlətlər ya qloballaşmaya tab gətirmir, itir, ya da qloballaşmaya töhfə verərək inkişaf edir. Biz qloballaşmaya öz elmimiz, mədəniyyətimiz ilə töhfə verə bilərik. Bu səbəbdən siz hərbi həkimlərin də üzərinə böyük məsuliyyət düşür və öz elmi araşdırmalarınız, ixtiralarınız, Vətənə sevginizlə töhfələrinizi verə bilərsiniz. Bu yolda sizə uğurlar arzu edirəm”.

Rezidentura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva da çıxışı zamanı Ulu öndərin Azərbaycan xalqına verdiyi çoxsaylı töhfələrdən söhbət açıb. Bildirib ki, Ulu öndərin ən böyük töhfələrdən biri də Milli Ordunun, ali hərbi məktəbin yaradılması və milli hərbi kadrların yetişdirilməsi olub:” Fəxr edirəm ki, siz tarixdə sözünü demiş qalib ordunun qalib zabitlərisiniz. Təbii ki, hərbi və hərbi tibbi kadrların yetişdirilməsi üçün xeyli zaman və gərgin əmək sərf olunub. Azərbaycan Tibb Universitetinin, Rezidentura şöbəsinin sizin hərbi tibbi kadr kimi yetişməyinizdə xidmətləri danılmazdır. Arzu edirəm ki, indən sonrakı dövr sülh şəraitində keçsin, siz də sülh dövrünün zabitləri kimi Vətənə xidmət edəsiniz”.

Sonra Ədliyyə nazirliyi hospitalının rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov çıxış edib. Bu günün onun üçün əziz və özəl bir gün olduğunu diqqətə çatdırıb:” Bu gün mənim üçün ən əziz günlərdən biridir. Mən bu ilin avqust ayında ordudan tərxis olunmuşam, burada əyləşən rezident məzunların təhsil aldıqları dövr mənim Hərbi tibb fakültəsinin rəisi olduğum dövrə düşüb. Ona görə mənim üçün özəl bir gündür. Sizin ixtisaslı hərbi həkim kimi yetişməyinizdə əlimizdən nə gəldisə, nə bacardıqsa, onu etdik. Ən yaxşı mütəxəssislərin yanında, ən öndə olan klinikalarda təcrübə keçdiniz. Bundan əlavə, sonuncu kursda təhsil alanlar Türkiyənin aparıcı tibb müəssisələrində də öz bilik və bacarıqlarını təkmilləşdirdilər. Hazırlıqlarının mükəmməl olduğuna əminəm.  Aranızda kifayət qədər elmi araşdırmalar ilə məşğul ola biləcək gənclər də var. İstərdim ki, bu istiqamətdə də özünüzü sınayasınız. Sizə uğurlar arzulayıram”.

Məzun rezidentlər adından tibb xidməti kapitanı Rəhman Hüseyzadə çıxış edib. Bildirib ki, həm həkim, həm hərbçi kimi iki ən ali peşəyə yiyələndiyimiz üçün, bu peşənin yükünü çiynimizdə vicdanla daşımağı özümüzə borc bilirik:” Hərbi tibb fakültəsi təhsil və təcrübə qazanmağımız üçün istər ölkəmizdə, istərsə də qardaş Türkiyənin Gülhanə Eyitim və Araşdırma Xəstəxanasında təhsil və təcrübə qazanmağımız üçün hər cür şərait yaratdı. Hərbi həkimlərimiz 44 günlük Vətən müharibəsində yaralılara tibbi yardımı güllə yağışı altında göstərərək bu müqəddəs peşənin öz həyatlarından belə üstün olmasını əyani şəkildə göstərə bildi. Öz vəzifə borclarından daha artıq iş görərək, yaralılara birbaşa döyüş meydanında tibb yardım göstərib, təxliyyəsi ilə məşğul oldular. Məhz həkimlərimizin fədakarlığı sayəsində digər müharibə etmiş ölkələrə nisbətən bizdə şəhidlərimizin sayı az oldu”.

R.Hüseynzadə çıxışının sonunda onların hərbi həkim kimi yetişməsində zəhməti keçən hər kəsə dərin təşəkkürünü bildirib.

Tədbir zamanı məzun rezidentlərin hazırladığı video-rolik də nümayiş olunub.

Sonda fakültə rəisinin ideoloji iş və mənəvi-psixoloji təminst üzrə baş köməkçisi, polkovnik-leytenant Yaqub Qasımov səhiyyə nazirinin əmrini oxuyub. Məzunlara plalaket və döş nişanları təqdim olunub.