Yanvarın 10-da ATU-nun Dermatovenerologiya kafedrasında həkim-rezidentlər üçün ənənəvi elmi-praktik konfrans keçirilib
Kafedranın müdiri, professor Fərid Mahmudov bu cür konfransların davamlı olaraq keçirildiyini və rezidentlərin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Təqdim edilən məruzələrin qiymətləndirilməsi zamanı keyfiyyət, aktuallıq, dizayn və vaxt bölgüsü amillərinin əsas meyar kimi nəzərə alındığını deyən kafedra müdiri, çıxışçıların mövzuların seçiminə və təqdimatına məhz bu kriteriyalarla yanaşdıqlarını bildirib.
Bundan sonra məruzələrin təqdimatına başlanılıb. Əvvəlcə III kurs rezidenti İlahə Abdullayevanın “Eritema multiforme” (Çox formalı eksudativ eritema) mövzusunda məruzəsi dinlənilib. Eritema multiformenin (EM) kəskin başlayan, hədəfəbənzər elementlərlə özünü göstərən, residivləşməyə meyilli, infeksion-allergik təbiətli dərinin və selikli qişaların polimorf xəstəliyi olduğunu söyləyən məruzəçi xəstəliyin etiologiyası, patogenezi və formaları haqqında da məlumat verib. Bildirib ki, bu xəstəliyə bədənin müxtəlif yerlərində rast gəlinir. Çox zaman ağız ətrafında su toplanması şəklində görünür və bir neçə forması var. Hətta bəzən dodaqlarda su qabarcıqları və yaralar olur. Bütün yaş dövürdə müşahidə edilən Eritema multiformenin çox nadir hallarda rast gəlinir major forması zamanı ağız, gözlər və cinsiyyət nahiyəsində qızartı, su qabarcıqları və yaralar görünür. EM major selikli qişalara təsir edərək şiddətli ola bilər. Stevens Johnson sindromu (SJS) və zəhərli epidermal nekroliz (TEN) dərmanlar və infeksiyaların səbəb olduğu epidermis və selikli qişaların ayrılması ilə xarakterizə olunan nadir, həyati təhlükəsi olan xəstəliklərdir. EM-nin səbəbi tam aydın deyil, lakin viral infeksiyalar, qəbul olunan dərmanların qəbulu, ağciyər infeksiyaları, güclü soyuqdəymə və digər xəstəliklər fonunda kəskinləşir. Xəstəliyin diaqnostikasının ilk növbədə düzgün toplanmış anamnez əsasında qoyulduğunu diqqətə çatdıran məruzəçi, müalicəsi zamanı isə yüksək riskli və az riskli, eləcə də heç bir risk təhlükəsi olmayan dərmanlardan istifadə edildiyini vurğulayıb.
I kurs rezidentləri İsmaeel İsmaeelin “Phosphodiesterase 4 inhibitors treatment in atopic dermatitis” və Əfsanə Quliyevanın “Буллезный епидермолиз. Новое в лечении” adlı məruzələri də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Geniş diskussiya şəraitində keçən elmi-praktik konfransda məruzəçilər təqdim etdikləri mövzulara dair sualları da cavablandırıblar.
Tədbirdə iştirak edən ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva konfransın gedişindən məmnun qaldığını vurğulayıb. Rezidentlərin narahat olduğu məqamlara toxunaraq qeyd edib ki, onlar xəstə müayinə etsələr də, praktik fəaliyyətlə daha çox məşğul olmaq, eyni zamanda tədqiqat işləri aparmaq istəyirlər. Bütün dünyada olduğu kimi, səhiyyənin ölkəmizdə, o cümlədən universitetimizdə davamlı olaraq inkişaf etdiyini vurğulayan şöbə müdiri, bu istiqamətdə görülən işlərin önəmindən söz açıb. O, rezidentlərin təkcə seminarlarla, konfranslarla kifayətlənməyərək, öz tədqiqatlarının nəticələrini elmi məqalələrdə üzə çıxarmasının vacibliyini önə çəkib: “Bizim kafedralardan istəyimiz odur ki, tədqiqat işlərinin yekununda heç olmasa ildə 2-3 məqalə hazırlansın. Təbii ki, bu istək bütün kafedralara aiddir. Xatırladım ki, hər bir rezident üçün xüsusi qovluqlar hazırlanır və rezidentlərin seminar və konfranslardakı çıxışlarını, daxili və xarici rotasiyalarını, aldıqları sertifikatları özündə əks etdirən həmin qovluqlar sonda Səhiyyə Nazirliyinə təqdim olunur”.
Çıxışında müharibədən qalibiyyətlə çıxan bir ölkə olduğumuzu, artıq islahatlar dövründə yaşadığımızı xatırladan dosent İ. Mustafayeva, rezidentləri onlar üçün yaradılan şəraitdən maksimim yararlanmağa çağırıb və xarici ölkələrdə təhsil alan uzmanlara göstərilən etimadın öz rezidentlərimizə də göstərilməsini arzulayıb. Yaxın gələcəkdə bu arzunun reallaşacağına, rezidentlərimizin nüfuzunun daha da yüksələcəyinə əminliyini ifadə edib.