Xocalı faciəsinə dair mühüm ədəbi-bədii salnamə

ATU-nun İnsan anatomiyası və terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə dair “Xocalı harayı” kitabını çap etdirib.

Əslən Xocalıdan olan və soyqırımı aktına canlı şahidlik edən professor M.Allahverdiyev kitabında doğma yurdun zaman-zaman başına gətirilən müsibətləri təsvir edib.
ATU-nun “Təbib” nəşriyyatında işıq üzü görən kitabda müəllifin iki poeması və bir neçə müxtəlif səpkili şeirləri toplanıb. Ermənilərin əsil xarakterini hər addımda ifşa edən müəllif onların tarix boyu bir millət olaraq daim güclülər qarşısında qorxaq, fağır və əzabkeş, zəiflərə qarşı isə vəhşi, qudurğan, zalım və qaniçən olduqlarını vurğulayır. Poemanın əsas süjeti doğma Azərbaycanın əzəli torpaqlarında yaradılan erməni dövlətinin və ona havadarlıq edən imperialist qüvvələrin haqsız əməlləri üzərində qurulub. Müəllif hər iki əsərində dünya ictimaiyyətini bu ədalətsizliyə göz yummamağa, torpaqları işğal olunan, insanları qətl edilən bir ölkənin haqq səsini eşitməyə çağırır. Bəşəriyyəti erməni şərindən uzaq olmağa, “Xocalı söyqırımı”nın yaralarını sarımağa, ən əsası, insanlığa qarşı gülləbarana münasibət bildirməyə haraylayır.
“Xocalı təəssüratları” poemasında Azərbaycanın bir parçası olan cənnət Qarabağın dünəni, bu günü və başına gətirilən müsibətlər təsvir edilib. Poema vəhşi hayların öz havadarlarının köməkliyi ilə törətdikləri soyqırımında şəhid olan günahsız insanlara həsr olunub. “Yaşa, şəhid bacılarım” poeması isə Azərbaycanın Milli Qəhrəmanı olan iki şəhid bacımızın, həmçinin diriykən “şəhidləşən” bütün ana və bacıların müqəddəs ruhlarına ithaf edilib. Nəzərə çatdırılır ki, Xocalıda baş verənlər dinc əhaliyə qarşı bir genosid aktı idi.
Lakin hər iki əsərin sonu nikbin notlarla başa çatır. Belə ki, kitabda Ali Baş Komandanın, igid əsgər və zabitlərimizin fədakarlığı sayəsində Xocalının qisasının alınması, xalqımızın düşmən üzərində böyük qələbəsi öz əksini tapıb.