"Patolojik diş sürtünmələri” mövzusunda seminar maraqla qarşılanıb
Yanvarın 17-də ATU-nun Ortopedik stomatologiya kafedrasında rezidentlər üçün növbəti seminar baş tutub
 Əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açan Rezidentura və magistratura şöbəsinin müdir muavini, assistent Namiq Xəlilov bildirib ki, ənənəvi seminarlar universitetdə 2013-cü ildən başlasa da, Tədris Stomatoloji Klinikada 2019-cu ildən təşkil olunur. O, qeyd edib ki, ötən müddət ərzində təkcə rezidentlərin seminarlarda fəal iştirakı deyil, onların nizam-intizamı da həmişə diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva bütün dünyada olduğu kimi, ölkəmizdə də səhiyyənin davamlı olaraq inkişaf etdiyini vurğulayıb. İlhamə xanım çıxışında diqqətə çatdırıb ki, rezidentlər universitetdə onlar üçün yaradılan hərtərəfli şəraitdən maksimim dərəcədə yararlanmalı, yalnız seminarlar, konfranslarla kifayətlənməməli, öz tədqiqat işlərinin nəticələrini elmi məqalə şəklində çap etdirməyə də çalışmalıdırlar.

O əlavə edib ki, gələcəkdə daha böyük uğurlara imza atmaq istiqamətində yeni- yeni layihələrin işlənib hazırlanması üçün şöbə tərəfindən bir sıra mühüm işlər görülməkdədir. Şöbə müdiri bu cür tədbirlərin təşkilindən və aparılmasından məmnun qaldığını bildirib.

Bundan sonra Ortopedik stomatologiya kafedrasının dosenti Hanifə Musayeva "Patolojik diş sürtünmələri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, dişlərin sürtünməyə məruz qalması bütün ömür boyu davam edir, onun intensivliyi qidaların xarakterindən və digər amillərdən asılıdır. Sürtünmə normal və patoloji baş verə bilər: “Normal, yəni fizioloji sürtünmə çeynəmə zamanı dişlər bir-birinə kontakt edərkən baş veririr və çox az nəzərə çarpır. Patoloji sürtünmədə isə bir qrup, yaxud bütün dişlərdə minanın hətta dentinin sürətlə kəsilmiş (yonulmuş) kimi qüsuru yaranır. Ağızda dişlərin sayı azaldıqda digər dişlərə artıq çeynəmə yükünün düşməsi, protezləşmənin yanlış aparılması, daim birtərəfli çeynəməyə adət etmək, yatarkən dişləri bir-birinə bərk qıcamaq və digər amillər səbəbindən patoloji sürtünmə baş verir. Bu zaman ön dişlərin çöl səthində dibi hamar çökəklik formasında mina və denti əhatə edən qüsur yaranır. Bu daha çox artıq eroziyaya məruz qalmış üst dişlərdə müşahidə olunur. Mütəxəssislər bunun səbəbini turş mühitə malik şirələr, sitrus meyvələrindən çox istifadə, bəzi dərman preparatlarının uzun müddətli qəbulu və s. kimi amillərlə də əlaqələndirirlər”.

Həkim çıxışında bildirib ki, erkən patoloji sürtünmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Dişlərdə həssaslıq və ya başqa bir narahatlıq müşahidə olunursa, profilaktik müayinə üçün diş həkiminə müraciət etmək lazımdır.

Tədbirdə Ortopedik stomatologiya kafedrasının rezidentləri iştirak ediblər.