Həkim-rezidentin təqdimatı maraqla qarşılanıb
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün növbəti seminar baş tutub.
Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov davamlı tibbi təhsilin rezidentlərin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu, müzakirəyə çıxarılan mövzunun aktuallığını diqqətə çatdırıb. Qeyd edib ki, xərçəng xəstəliyi dünyada ürək-damar xəstəliklərindən sonra ən çox ölümə səbəb olan ikinci xəstəlikdir: “İstər genetik, istərsə də digər faktorların təsirindən yaranan bu xəstəliyin erkən diaqnostikası çox önəmlidir. Xərçəng xəstəliyində onkomarkerlərdən diaqnoza kömək, müalicəyə cavabın izlənilməsi, erkən residivlərin aşkar olunması məqsədilə istifadə olunur. Eyni zamanda şiş xəstəliyinin tam və dəqiq diaqnozunun qoyulması üçün onkomarkerlərlə yanaşı, digər instrumental müayinələr də vacibdir”.
Klinik-diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova seminarın mövzusunu məhz bu amilləri nəzərə alaraq seçdiklərini, Bəsti Məmmədovanın elmi rəhbərliyi ilə II kurs rezidenti Lətif Lətiflinin “Şiş xəstəliklərinin erkən diaqnostikasında onkomarkerlərin rolu” mövzusunda maraqlı bir təqdimat hazırladığını bildirib.
Həkim-rezident Lətif Lətifli öz məruzəsində şiş xəstəliklərinin bütün dünyada olduğu kimi, Azərbaycanda da günü-gündən artdığını, bu xəstəliklərin vaxtında aşkarlanmasında onkomarkerlərin təyininin böyük rolu olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, onkomarkerlər şiş hüceyrələri tərəfindən sintez olunan maddələrdir. Bu maddələri qanda, sidikdə, nəcisdə, şiş toxumasında təyin etmək mümkündür. Onkomarkerlərin təbiəti haqqında məlumat verən məruzəçi bu maddələrin heç birinin təkbaşına diaqnoz qoymadığını, həkimlər üçün klinik bir rəhbər olduğunu söyləyib. Həmçinin spesifik olaraq AFP; CA-125; CA 19-9; CA 15-3; CEA və PSA kimi geniş istifadə olunan onkomarkerlərin şiş və şiş olmayan durumlarda yüksəlməsi barədə məlumat verib. O öz təcrübələri üzrə onkomarkerlərin testləri barədə statistik nəticələri də paylaşıb.
Bundan sonra mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, şiş xəstəliklərinin diaqnostikası və müalicəsinə dair suallar cavablandırılıb.
Seminarda klinik diaqnostik laboratoriyanın həkimləri, ATU-nun I və II kurs rezidentləri, Rezidentura və magistratura şöbəsinin müdir müavini, dosent Ləman Əlizadə iştirak ediblər.