Doğuşun düzgün idarə edilməsi həm ana, həm də dölün sağlamlığı üçün vacibdir

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti seminar təşkil olunub. Tədbiri ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva açaraq bildirib ki, vaxtaşırı keçirilən bu cür seminarlar rezidentlərin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Aktual mövzuların müzakirəyə çıxarıldığı seminarlarda gənc həkimlərlə yanaşı, tanınmış mütəxəssislərin çıxış etməsinin təcrübə mübadiləsi baxımından təqdirəlayiq olduğu vurğulanıb.

Mamalıq-ginekologiya kafedralarının professor-müəllim heyəti və mamalıq-ginekologiya ixtisası üzrə təhsil alan rezidentlərin qatıldığı seminarda “Ön və arxa ənsə gəlişində doğuşun diaqnostikasının təkmilləşdirilməsi” mövzusunda müzakirələr aparılıb.

Mövzuya dair fikirlərini rezidentlərlə bölüşən klinikanın Mama-ginekologiya şöbəsinin müdiri, professor Səadət Sultanova hamiləlik və doğuşun fizioloji bir proses olduğunu xatırladaraq qeyd edib ki, bəşər həyatı mövcud olduğu andan doğuş hər bir qadının reproduktiv yaş dövrünün qaçılmaz vəziyyətidir. Onun sözlərinə görə, mamalıqda prioritet istiqamətlərdən biri vaginal doğuşların populyasiyasıdır: “Vaginal doğuşun düzgün idarə edilməsi həm ana, həm də dölün sağlamlığı üçün vacibdir. Hər bir mama-ginekoloq hər bir fərdin mamalıq situasiyasını düzgün qiymətləndirməyi, doğuşun idarə olunmasını planlı şəkildə əsaslandırmağı bacarmalıdır. Bu sadalananlar perinatal xəstələnmə və ölüm səbəbini azaltmağa səbəb olur. Qeysəriyyə kəsiyi əməliyyatına nisbətən vaginal doğuş təhlükəsiz hesab edilir və üstünlükləri olduqca çoxdur. Belə ki, induksiya prosesi sürətlə simulyasiya olunur, çarpayı günlərinin sayı azalır və sair”.

Müzakirələr zamanı doğuş mərhələlərinin vaxtında və düzgün diaqnostikasının vaginal doğuş prosesində yarana biləcək fəsadların qarşısının alınmasında da mühüm rol oynadığı, hər bir mama-ginekoloqun öz işinə məsuliyyətlə yanaşaraq mamalığın “sağlam ana, sağlam uşaq” prinsipinə əməl etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Seminarın sonunda geniş diskussiya aparılıb, rezidentlərin sualları cavablandırılıb.