Rezidentlər üçün “Qida pozuntuları” mövzusunda seminar keçirilib

ATU-nun Psixiatriya kafedrası Rezidentura və magistratura şöbəsi ilə birgə 2 saylı Klinik Psixiatriya Xəstəxanasında rezidentlər üçün növbəti seminar keçirib.

Tədbiri giriş sözü ilə açan Psixiatriya kafedrasının Rezidentlərlə iş üzrə məsul şəxsi, professor Zəfər Əliyev bildirib ki, seminarın mövzusu "Qida pozuntuları"dır (elmi rəhbər Cəmilə Əmrəhova). Z.Əliyev qeyd edib ki, müasir tibbin imkanları qida pozuntularında dəqiq diaqnozun qoyulması və effektiv müalicə strategiyalarının hazırlanmasında mühüm rol oynayır.

Sonra psixiatriya üzrə I kurs rezidenti Aygün Məmmədova çıxış edib. Məruzəçi bildirib ki, qida pozuntuları cəmiyyətimizdə geniş yayılan və günü-gündən çoxalan bir problemdir: “Bu pozuntuların erkən diaqnostikası və düzgün müalicəsi xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və uzunmüddətli sağlamlıq problemlərinin qarşısının alınması baxımından son dərəcə vacibdir. Qida davranışı pozuntularının əsas növləri – anoreksiya nevroza, bulimiya nevroza, həddindən artıq yemək pozğunluğu və qida qəbulu problemləridir”. O, həmçinin bu pozuntuların yaranma səbəblərini, onların fiziki və psixoloji təsirlərini, eləcə də müalicə üsullarını izah edib.

Seminarda məruzə çərçivəsində statistik göstəricilər də təqdim olunub. Araşdırmalara əsasən, gənc qadınların 5,5–17,9%-i, gənc kişilərin 0,6–2,4%-i qida pozuntularından əziyyət çəkir. Xüsusilə anoreksiya nevroz qadınların 0,8–6,3%-də, kişilərin isə 0,1–0,3%-də müşahidə olunur; bulimiya nevroza qadınların 0,8–2,6%-də, kişilərin isə 0,1–0,2%-də rast gəlinir; həddindən artıq yemək pozğunluğu isə qadınların 0,6–6,1%-də, kişilərin 0,3–0,7%-də qeydə alınıb. Bu göstəricilər problemin nə qədər geniş yayıldığını göstərir. Bildirilib ki, qida pozuntuları, xüsusilə gənclər və qadınlar arasında geniş yayılmış bir problem kimi aktualdır.

İnteraktiv formada keçən seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov mövzuya dair fikirlərini bölüşüb və gələcək seminarlarda rezidentləri fəal olmağa, həmçinin nizam-intizam qaydalarına daha ciddi riayət etməyə çağırıb. Davamlı tibbi təhsilin rezidentlər üçün əhəmiyyətindən danışan N.Xəlilov universitet rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi islahatlardan da bəhs edib. O, universitetdə rezidentlər üçün yaradılan şəraitə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib.

Seminarın sonunda iştirakçılar mövzu ilə bağlı geniş müzakirələr aparıb, məruzəçiyə suallar verib və öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, belə maarifləndirici tədbirlər insanların məlumatlılığını artırmaq və sağlam həyat tərzinin təşviq olunmasında böyük rol oynayır.