ATU-nun professoru Ümumdünya Səhiyyə Təşkilatında yüksək vəzifəyə təyin olunub

ATU-nun Məhkəmə təbabəti kafedrasının professoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, tibb və hüquq elmləri doktoru Vüqar Məmmədov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun “Əlillik və sağlamlıq” (Disability and Health) Texniki-Məsləhət Şurasının (TMŞ) həmsədri təyin olunub.

Avropa Regional Bürosunda ilk dəfə olaraq yaradılan bu ekspert qrupunun qarşısında duran vəzifə əlilliyi olan insanların maraqlarını nəzərə alan milli səhiyyə sistemlərinin inkişaf etdirilməsi üçün Avropa regionunda ÜST-ün fəaliyyəti üçün əsasın hazırlanmasıdır. Qərbi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və İsrail daxil olmaqla, regionda ÜST-ə üzv dövlətlərin sayı 53-dür. Yeni ekspert qrupu 13 noyabr 2024-cü il tarixində keçirilən texniki iclasda rəsmi olaraq yaradılıb və müvafiq beynəlxalq və milli qurumlarla məsləhətləşmələrdən sonra ötən ilin dekabrında fəaliyyətə başlayıb.

Şura ÜST-ün Avropa Regional Komitəsinin 2022-ci ildə keçirilən 72-ci sessiyasında yekdilliklə qəbul edilmiş “Əlilliyi olan insanlar üçün ən yüksək sağlamlıq səviyyəsinə nail olmaq məqsədilə 2022/2030 illər üzrə ÜST-ün Avropa Fəaliyyət Çərçivəsi”-nin həyata keçirilməsi məsələlərinə dair təşkilatın Avropa regional direktoru ilə konkret məsləhətləşmələr aparacaq.

Bu yeni məsləhət qrupunun kollektiv biliyi və təcrübəsi hökumətlərin, əlilləri təmsil edən təşkilatların və digər maraqlı tərəflərin əlilliyi əhatə edən səhiyyə sistemlərini gücləndirmək üçün birlikdə həyata keçirə biləcəkləri strategiyalar və tədbirlər üçün təkliflərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcək.

TMŞ-ya Avropa regionunun 23 ölkəsindən növbəti 2 il ərzində fəaliyyət göstərəcək ekspertlər daxildir. Onlar əlillik və sağlamlıqla bağlı statistika, inklüziv siyasətlər və hüquqların qorunmasından tutmuş, əlilliklə bağlı həyat təcrübəsi, abilitasiya/reabilitasiya və sosial inteqrasiya ilə bağlı yaşanmış təcrübələrə qədər geniş spektrli fənləri təmsil edir.

TMŞ üzvləri alim və tədqiqatçı kimi, öz fərdi qabiliyyətləri çərçivəsində xidmət edir, həmçinin səhiyyə orqanları, milli ictimai səhiyyə institutları və vətəndaş cəmiyyəti təşkilatlarından faydalı təcrübəni fəaliyyət arenasına gətirirlər. Şuranın iki həmsədrindən biri təyin olunduqdan sonra professor Vüqar Məmmədov ÜST-ün rəsmi saytına verdiyi müsahibəsində qeyd edib ki, bölgəmizdə bir çox əlilliyi olan insanların tibbi xidmət və səhiyyə sahəsində qarşılanmamış ehtiyacları var, ona görə də bu problemin həlli üçün daha geniş siyasət və fəaliyyətə ehtiyac var.

TMŞ-nin mandatı ÜST/Avropa-ya əlilliyi olan insanların sağlamlığının möhkəmləndirilməsinə təsirli və innovativ yanaşmalar və bunların 53 ölkədə səhiyyə sistemlərində əlillik siyasətinin işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsində necə təkrarlana biləcəyi barədə təlimat verməkdən ibarətdir.

İxtisasca məhkəmə təbabəti üzrə ekspert olan V.Məmmədov həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tibb və hüquq məsələləri üzrə nüfuzlu mütəxəssis kimi tanınır. O, dünyanın 54 ölkəsində məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika mövzularında mühazirələr oxuyub, seminarlar keçirib, Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Çin, Böyük Britaniya, Pakistan, İran, İndoneziya, Qazaxıstan, Ukrayna və Litva kimi ölkələrin 18 universiteti tərəfindən dəvət olunmuş professordur. O cümlədən 360 elmi əsər, monoqrafiya və dərsliklərin müəllifidir. 

O, tibbi hüquq üzrə dörd dünya konqresinin - 23-cü (Bakı, 2017), 25-ci (Tokio, 2019), 27-ci (Vilnüs, 2023) və 29-cu (İstanbul, 2025) konfranslarının elmi proqramlarına rəhbərlik edib. 2024-cü ildə Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib.