Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 95 illik yubileyi ərəfəsində Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzində konfrans keçirib.
“Pediatriyanın aktual problemləri” mövzusuna həsr olunmuş konfransda milli pediatriyanın qarşılaşdığı çətinliklər, ana və uşaq sağlamlığının mühafizəsi və müalicə sahəsində yeniliklər, uşaqların sağlamlıq vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş proqramlara dair müzakirələr aparılıb.
200-dən artıq iştirakçının qatıldığı tədbirdə Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə tədbirin açılışını edərək, assosiasiyanın tarixi uğurları haqqında danışıb: "APA 95 illik tarixi ərzində ana və uşaq sağlamlığı sahəsində ölkə miqyasında əhəmiyyətli tədbirlər həyata keçirib. Bu illər ərzində assosiasiya çoxsaylı təlimlər təşkil edərək fəaliyyətinin bir istiqamətini mütəxəssislərin bilik və bacarıqlarını artırmağa yönəldib. Eyni zamanda, təşkilat tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartların yaradılması və tətbiqində mühüm rol oynayıb, ictimai maarifləndirmə kampaniyaları təşkil edib və cəmiyyət arasında bu mövzuda məlumatlılığın artırılmasına töhfələr verib. Bu gün APA Azərbaycanda tibb sahəsində həyata keçirilən fundamental islahatları dəstəkləyir, tibbi xidmətlərin keyfiyyətinin artırılması və elmi-təcrübi biliklərin tətbiqi sahəsində fəal iştirak edir".
Konfransda çıxış edən millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, tibbi qurumların rəhbərləri, alimlər ana və uşaq sağlamlığı sahəsində mövcud problemləri vurğulamaqla yanaşı, yeni yanaşmaları da diqqətə çatdırıblar.
Tədbirdən sonra Azərbaycan Pediatrlar Assosiasiyası "Boulevard Medical Center"də Vətən müharibəsi qaziləri və şəhid ailə üzvləri üçün tibbi aksiya təşkil edib. Tibbi müayinə zamanı pasiyentlər peşəkar pediatrlar tərəfindən hərtərəfli müayinə edilib, sağlamlıq vəziyyətləri ilə bağlı tövsiyələr verilib və onlara ehtiyac duyulan istiqamətlərdə dəstək göstərilib.
APA-nın daha bir tədbiri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Lənkəran şəhərində keçirilib. Konfransda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Mingəçevir şəhərlərindən 200-ə yaxın həkim və mütəxəssis iştirak edib.
APA-nın sədri Təranə Tağı-zadə açılış nitqində layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakı, Gəncə, Sumqayıt və Lənkəranda təşkil olunan bu konfranslar pediatriya sahəsində aktual problemləri, innovativ həlləri və yeni yanaşmaları geniş şəkildə müzakirə etmək üçün mühüm platforma rolunu oynayır, eyni zamanda region həkimlərinin təcrübə və bilik mübadiləsi aparmasına, o cümlədən milli səhiyyənin inkişafına töhfə verir.
Alim "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekologiyanın, ətraf mühitin uşaq sağlamlığına təsiri”, “Uşaqlarda kəskin bağırsaq infeksiyası” və “Susuzlaşmanın dərəcələrinin pediatrik praktikada diferensasiyası” mövzularında təqdimatlarla çıxış edib.
Konfransda çıxış edənlər – professor Mir Eldar Babayev "Uşaqlarda kəskin leykozun klinik manifestasiya formaları, diaqnostik səhvlər. Praktikadan çıxarış", dosentlər – Ülviyyə Hacıyeva “Uşaqlarda pnevmoniyaların diaqnostika və müalicəsinə müasir yanaşma”, “Pediatrik praktikada EKQ-nin interpretasiyası”, Fəxriyyə Məmmədova “Uşaqlarda respirator xəstəliklərin atipik gedişi: diaqnostika və müalicəyə yeni baxış”, “Kardioloji patologiya üzrə risk qrupuna daxil olan uşaqlarda pediatrın taktikası”, Lalə Hidayətova “Postinfeksion sindromunun qastrointestinal təzahürləri”, “Qastrointestinal allergiyalar: pediatrın təcrübəsində həll yolları”, Nigar Hacıyeva “Kəskin respirator viruslar və ətraf mühit. Əlaqə varmı?”, Səbinə Cəfərova “COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji təzahürləri və gediş xüsusiyyətləri”, həkim İlahə Hacıyeva "Neyroinkişaf geriliyi olan uşaqlara yanaşma" və digər mövzularda məruzələr səsləndiriblər.
Həmçinin konfransda ana və uşaq sağlamlığını səhiyyə xidmətlərində daha vacib edən mühüm səbəblər, hamiləlik, böyümə və inkişaf prosesləri zamanı xəstəlik və ölüm hallarına səbəb olan bioloji xüsusiyyətlər, uşaqlarda xronik xəstəliklər, yetkinlik dövründə fiziki, psixi sağlamlıq və son illərdə doğum nisbətində və əhalinin artımında müşahidə olunan tendensiyalardan bəhs edilib, master-klass keçirilib.
Konfransın ikinci günü müxtəlif sahələrdə çalışan uşaq həkimləri ilə “Sağlam həyat tərzinin təşviqində pediatrların rolu” mövzusunda dəyirmi masa təşkil olunub, bu sahədəki çətinliklər və onların həll yolları müzakirə edilib.
Sonda iştirakçılara Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilmiş sertifikatlar təqdim olunub.