Rektor, professor Gəray Gəraybəyli: Bu faciənin mahiyyətini gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur
Fevralın 26-da Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Toplantı iştirakçıları əvvəlcə faciə qurbanlarının və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Xocalı soyqırımını dünya tarixində ən qəddar və amansız terror hadisələrindən biri kimi qiymətləndirib: “Bu gün biz Azərbaycan xalqının faciələrindən birini anmağa yığışmışıq. Ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də Xocalı faciəsi xalqımızın hüzn günü kimi qeyd edilir. Bildiyiniz kimi, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi sayəsində biz artıq neçə ildir ki, tarixi faciələrimizi əvvəlki dövrlərdən fərqli formatda qeyd edirik. Yaşlı nəsil yaxın tariximizdə baş vermiş bütün hadisələrin canlı şahididir. Bu faciə də onların yaddaşından heç zaman silinməyəcək. Bununla yanaşı, bizim borcumuzdur ki, tariximizin bu qanlı səhifələrini müxtəlif təbliğat vasitələrindən istifadə etməklə gənc nəslin qan yaddaşına həkk edək. Bu faciənin mahiyyətini gənclərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Rektor üzünü tələbələrə tutaraq davam edib: “Təbii ki, biz sizin hər birinizi gələcəkdə peşəkar həkimlər olaraq görmək istəyirik. Amma bundan da vacibi odur ki, sizlər ilk növbədə yaxşı vətəndaş olmalısınız. Xocalı soyqırımı, digər faciələrimzlə bağlı kitablar yazmaq, filmlər çəkmək kifayət deyil. Gələcəkdə bəziləriniz mütəxəssis kimi xarici ölkələrdə çalışacaqsınız. O zaman tariximizi, yaşadığımız faciələri həmin ölkələrdə də insanlara çatdırmalı, Azərbaycan həqiqətlərini təbliğ etməlisiniz. Tədbirimizdə Qazaxıstandan hörmətli professor iştirak edir. Bizim az əvvəl onunla görüşümüzdə Xocalı soyqırımından da söhbət düşdü və hiss etdim ki, qardaş ölkədən gəlmiş alim bu barədə heç bir məlumata malik deyil. Bu onların deyil, bizim günahımızdır və gələcəkdə bu səhvləri nəzərə almalıyıq. Bir daha demək istəyirəm ki, sizlər qan yaddaşımız olan Xocalı soyqırımını heç vaxt unutmamalı və əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlinizdən gələni etməlisiniz”.
Professor G.Gəraybəyli bildirib ki, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımına tarixi qiymətin verilməsi məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra mümkün olub: “Düz 33 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri ağır artilleriya ilə müharibə qanunlarına zidd olaraq silahsız, əliyalın sakinləri hədəfə almışdı. Bir sözlə, Xocalıda baş verənlər dinc əhaliyə qarşı genosid aktı idi. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq, Xocalı faciəsini erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi adlandırıb. Tariximizə nəzər yetirdikdə görürük ki, Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları bəlkə də dünyada heç bir xalq yaşamayıb. Bütövlükdə xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində az-az rast gəlinən bir vəhşilik aktıdır. Xocalı soyqırımı, əslində bütün bəşəriyyətə qarşı olan cinayətdir. Bu faciədə düşmənlərimizin əsas məqsədi xalqımızın gözünü qorxutmaq, bizi mənən sındırmaq idi. Lakin zaman yetişdi və tarixdə görünməmiş bir fədakarlıqla xalqımız əzəli torpaqlarını geri qaytardı. Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi Zəfər nəticəsində nəinki ərazi bütövlüyümüz bərpa edildi, eləcə də başımıza gətirilən faciələrin qisası alındı”.
Sonra Xocalı faciəsi haqda sənədli film nümayiş olunub. Filmdə bir daha nəzərə çatdırılıb ki, müharibə qanunlarına zidd olaraq atıcı silahlar, ağır artilleriya şəhərdə yalnız dinc, əliyalın sakinləri hədəfə almışdı və Xocalıda baş verənlər mülki insanlara qarşı bir genosid aktı idi.
Tədbirdə çıxış edən ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Xocalı sakini Mübariz Allahverdiyev soyqırımı zamanı Xocalı sakinlərinin başına gətirilənlərdən danışıb, əliyalın insanların göstərdiyi şücaətlərdən söz açıb. Professor bildirib ki, o özü Xocalının vətənpərvər, qürurlu, yenilməz övladlarından bəhs edən “Xocalı harayı” adlı kitab yazıb, amma hələ də yazılmamış bir çox məqamlar var. O, çıxışında vurğulayıb ki, qələmə aldığı kitabda el-obasının qeyrətini çəkən qəhrəman insanların öz doğma torpaqları uğrunda necə can verdiyi, başdan-ayağa silahlanmış azğın quldurlara qarşı əliyalın, fədakarcasına üzbəüz vuruşduqları əsaslı faktlarla göstərilib. M.Allahverdiyev bir xocalılı kimi bu faciəni daim qəlbində hiss etdiyindən, həmin günlərdə həmyerlilərinin ölümlə baş-başa qalmasını, qətliamdan qurtulanların sonradan olduqca məşəqqətli həyat yaşamasını ürək ağrısı ilə təsvir etməyə çalışdığını söyləyib: “Təəssüf ki, dünya bu cür kütləvi insan qırğınına susmaqla münasibətini bildirdi. Sanki bu faciə heç olmamışdı. Ermənistana qarşı hələ də hüquqi tələblər irəli sürülmür. Ümummilli Lider Heydər Əliyev demişdi: “Xocalı soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bu sözlərin mənası çox dərindir".
M.Allahverdiyev vurğulayıb ki, “Xocalı harayı” kitabında dünya ictimaiyyətini bu ədalətsizliyə göz yummamağa, haqqı əzilən, torpaqları işğal olunan, insanları qətl edilən, mənəviyyatı tapdanan, bir sözlə, ölümə məhkum edilən bir ölkənin haqq səsini eşitməyə çağırıb.
Tədbiri yekunlaşdıran rektor, professor G.Gəraybəyli millətimizin tarixində baş vermiş faciələrin ildönümlərinin qeyd edilməsində universitet tələbələrinin aktivliyni təqdirəlayiq hal kimi qiymətləndirib və belə tədbirlərin gənclərə yüksək vətənpərvərlik ruhu aşılamaq baxımından əhəmiyyətini vurğulayıb.