Qlaukoma - ən arzuolunmaz göz xəstəliyi

Professor Paşa Qəlbinur: Bəşəriyyət yaranandan insanlar və həkimlər qlaukoma mübarizə aparır

9-15 mart Ümumdünya Qlaukoma ilə Mübarizə Həftəsi kimi qeyd olunur. Bəs bu həftəni ölkəmizdəki oftalmoloqlar necə keçirir? Hansı tədbirlər təşkil edir, qlaukomadan əziyyət çəkənlərə hansı tibbi yardımlar göstərilir? 

Bu barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Musayevlə (Qəlbinur) əlaqə saxladıq. Professor tibdə çoxsaylı qlaukomaların olduğunu bildirdi: “Qlaukoma” ümumi bir termindir. Çoxsaylı qlaukomalar mövcuddur. Gözdə irili-xırdalı on mindən çox xəstəlik var. Onlar arasında xüsusi arzuolunmayan iki-üç dənəsi var ki, biri, bəlkə də elə birincisi qlaukomadır.

Bəşəriyyət yaranandan insanlar və həkimlər qlaukoma xəstəliyi ilə mübarizə aparıblar. Amma bu xəstəliyi tam şəkildə nə aradan qaldırmaq mümkün olub, nə də ləğv etmək. Həkimlərimiz yalnız fəsadları aradan qaldırmaq üçün xəstəliyi çəpərə ala biliblər. Müalicəsi istər medikamentoz, istər cərrahi olsun, bunlar yalnız xəstəliyi dayandırmağa, fəsadların qarşısını almağa xidmət edir. Məqsəd gözün görmə qabiliyyətinin tam itməsinə imkan verməməkdir. Gözlərində narahatlıq hiss edən xəstələr dərhal həkimə müraciət etməlidir ki, qlaukoma ilə üzləşməsinlər. Tutaq ki, 50 faiz görmə itibsə, həkim qalan 50 faizin saxlanılması üçün mübarizə aparır”.

Oftalmoloq-cərrah qlaukomaya şübhə yaradan çoxsaylı əlamətlərin mövcud olduğunu bildirib. Buna nümunə kimi, işığın mənbəyinə baxan zaman orada göyqurşağına bənzər həlqələrin yaranmasını qeyd edib: “Bəzən insanların ürəyi ağrıyır, o ağrını gözündə də hiss edir, bu, bir şikayətdir. Xəstələr bəzən deyir, “gözümü hiss edirəm”, “gözümdə təzyiq hiss edirəm”. Biz tələbə olan illərdə göz üçün 4-5 damcı preparatı var idi ki. İndi onların sayı 200-ü keçib. İllər ərzində aparılan tədqiqatlar bu dərmanların effektivlik gücünü artırıb. Həm də qlaukomanın xeyli sayda formaları kəşf olunub. Əslində həmin xəstəliklər mövcud idi, sadəcə həkimlər bu barədə məlumatsız olublar.

Doktorluq işim qlaukomadan olub deyə, bu barədə danışmaq mənim üçün çox asandır. Dünyanın məşhur oftalmoloqları bu qənaətdədir ki, damlalarla gözün görmə qabiliyyətini uzun müddət saxlamaq olmur, əməliyyata üstünlük verilir.

Mənim doktorluq işim 1983-cü ildə sovetlər birliyi zamanı elm sahəsində verilən yüksək mükafata - Ümumittifaq Komsomol Mükafatı Laureatına layiq görülüb. O zaman bu mükafat oftalmologiya sahəsində mənimlə birgə iki nəfərə verilmişdi. Mənim üsulum “Qlaukomada Musayev üsulu” adı ilə məşhurdur və dünyanın hər yerində tətbiq olunur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qlaukomada gözün içərisində bir trabekula var. Yəni trabekulyar sahə, bioloji tor. Bu, gözdaxili mayenin axmasına mane olur.

Apardığım tədqiqat zamanı məlum oldu ki, gözün bir hissısində elə bir təbiət var ki, başqa bir hissəni əvəz edə bilər. Doğrudur, funksiyası başqadır, amma onun yerinə əvəzləyici hesab etdiyimizi qoyduqda, bu funksiyanı da yerinə yetirir. Sən demə, gözün billur qişasının kapsulası ilə trabekula eyni imiş. Birini o biri ilə əvəzləyəndə, müsbət nəticə alındı. Bu kəşf orqan və toxuma transplantasiyasında yeni bir istiqamət oldu. Bundan sonra müxtəlif ölkələrdə kardiocərrahlar da bu tip əməliyyatlar həyata keçirməyə başladılar. Onlar ürəyin arxa divarının hissəsinin kürəkdə olan bir əzələ qrupu ilə eyniliyini aşkarladılar. Bununla da ölüm riski xeyli azaldı.

Sonra analoji transplantasiyalar tibbin başqa sahələrində də tətbiq olunmağa başladı. “Musayev üsulu” dünyanın məşhur oftalmoloqları tərəfindən ən effektli üsul hesab olunur. Çünki büllur qişanın kapsulasını gözün sıradan çıxan nahiyəsinə köçürməklə lazımi nəticəni əldə edirsən”.

Professor bildirib ki, bu üsul başqa üsullardan fərqli olaraq, idarəolunandır və əməliyyatdan sonra yarana bilən fəsadların qarşısını almaq mümkündür: “Maraqlı bir məsələni də diqqətinizə çatdırım. Qlaukomanın bir forması da eksfoliativ sindromlu qlaukomadır. Bu, genetik yaranan bir xəstəlikdir. Apardığım araşdırmalar zamanı məlum oldu ki, bu xəstəlik dünyada ən çox bizim ölkəmizdə və Norveçdə qeydə alınıb.

Tanınmış norveçli səyyah Azərbaycana səyahət edən zaman Qobustan qayaüstü abidələrini görəndə heyrətlənmiş, bildirmişdi ki, bu cür təsvirlər onun ölkəsində də var. Mən eksfoliativ sindiromlu qlaukoma xəstəliyinin statistikasını və ona ən çox Azərbaycanla Norveçdə təsadüf edildiyini səyyahın diqqətinə çatdırdım. Onun Norveç əhalisinin Azərbaycandan köçməsi ilə bağlı ilk baxışdan inanılmaz olan fikirlərini bu fakt da təsdiqləyirdi”.

P.Qəlbinur söyləyib ki, dünyada, o cümlədən Azərbaycanda Qlaukoma ilə Mübarizə Həftəsinin qeyd olumasında məqsəd xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyəti məlumatlandırmaqdır: “Elə sizin məndən müsahibə götürməyiniz də bu problemin əhəmiyyətini vurğulamağın bir nümunəsidir”.