İlhamə Hüseynova: Yuxu pozğunluğu bir çox xəstəliklərin səbəbidir
Ümumdünya Yuxu Günü 2008-ci ildə ABŞ-da Dünya Yuxu Cəmiyyəti (World Sleep Society) tərəfindən təsis edilib və ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyd olunub. Sonralar isə Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə yuxu və sağlamlıq problemləri çərçivəsində hər il yaz gecə-gündüz bərabərliyindən öncəki cümə günü (bu il 14 mart) tibbi təqvimə daxil edilib.
Bu barədə məlumat verən ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müəllimi t.ü.f.d. İlhamə Hüseynova əlavə edib ki, bu əlamətdar gün 70-dən çox ölkədə Ümumdünya Yuxu Günü kimi qeyd olunur və bu hələ rəsmi bayrama çevrilməsə də, onun populyarlığı ildən-ilə artır: “Ümumdünya Yuxu Günü üçün tarix təsadüfən seçilməyib. Bu, gecənin qısalması və təbiətin yeni dövrə keçidi ilə insanların özlərini yenidən həyatın bahar ritminə kökləməyə başlamasını simvollaşdırır. Bu xüsusi günün əsas məqsədi sağlam yuxunun insan həyatı üçün vacibliyini vurğulamaq, sağlam yuxu vərdişlərini təşviq etmək, yuxu problemləri və onların həlli yolları istiqamətində əhalini maarifləndirməkdir.
Yuxu insan sağlamlığının, psixoloji balansın və ümumi həyat keyfiyyətinin əsas şərtlərindən olan mürəkkəb və dinamik bir prosesdir. Hələ qədim zamanlarda bir çox mütəfəkkirlər yuxunun faydaları haqqında dəyərli fikirlər söyləyiblər. Məsələn, Hippokrat “əgər yuxu xəstənin vəziyyətini yüngülləşdirirsə, o zaman xəstəlik müalicə olunur. Yuxu rahatlıq vermirsə, xəstəlik ölümcül olur” - deyə bildirmişdi. İbn Sina “sağlamlığın qorunmasında ən vacib şey fiziki məşqdir, daha sonra pəhriz və yuxu rejimidir” deyərək yuxu haqqında fikirlərini açıqlamışdı”.
1925-ci ildə dünyanın ilk yuxu tədqiqat laboratoriyasına ev sahibliyi edən Çikaqo Universitetinin alimləri yuxunun bioloji funksiyaları, eləcə də yaddaşın möhkəmləndirilməsində və immunitet sisteminin qorunmasında əhəmiyyəti, o cümlədən yuxu çatışmazlığının mənfi təsirləri ilə bağlı ətraflı məlumatlar vermişdilər. 1939-cu ildə professor Nathaniel Kleitman (Çikaqo Universiteti) tərəfindən nəşr olunan “Yuxu və oyanıqlıq” dərsliyi uzun müddətdir ki, bütün dünyada yuxu tədqiqatçıları üçün əsas vəsait hesab olunur.
İ.Hüseynovanın sözlərinə görə, yuxunun əsas funksiyalarına enerji və psixi sağlamlığın bərpa olunması, immun sisteminin aktivləşməsi, şüur səviyyəsinin qorunması, termorequlyasiya və neyronların yetişməsi daxildir. Bu funksiyanın pozulması isə stress, diqqət dağınıqlığı, depressiya və hətta ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Alimlərin fikrincə, yaşlı insanın ideal yuxu dövrü sutkada 7-8 saat, körpələrdə 16-18 saat, uşaqlarda isə (yaşdan asılı olaraq) 10 saat təşkil etməlidir. Tam normal yuxu onlarda diqqətsizlik təzahürlərini azaltmağa və davranışı yaxşılaşdırmağa kömək edir.
Həkim vurğulayıb ki, statistikaya görə, bütün dünyada insanların 24%-dən çoxu yuxu pozğunluğundan əziyyət çəkir: “Mütəxəssislər iddia edirlər ki, yuxusuzluq həyat keyfiyyətini aşağı salmaqla yanaşı, həm də fiziki fəallığın azalması və əsəb gərginliyinə gətirib çıxarır. Bununla yanaşı, yuxusuzluq metabolik sindrom, insulinə cavab vermək qabiliyyətinin azalması, hipertoniya, insult, infarkta və bir çox ürək xəstəliklərinə səbəb ola bilir. Uşaqlarda yuxunun pozulması həm sinir-psixi, həm də fiziki inkişafdan qalma, ürək-damar sistemi xəstəlikləri, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, xroniki xəstəliklərin inkişaf riskinin artmasına və s. səbəb olur. Lakin alimlərin uzunmüddətli araşdırmalarına baxmayaraq, yuxu ilə bağlı bəzi məqamlar hələ də tam aydınlaşdırılmayıb. Ümumdünya Yuxu Günü bizə yuxu rejimimizi nəzərdən keçirməyi, texnologiyalardan bir qədər uzaqlaşıb orqanizmimiz üçün rahat bir mühit yaratmağı və bədənimizə ehtiyac duyduğu istirahəti verməyi xatırladır. Bu gün yuxu vərdişlərinizi yaxşılaşdırmaq üçün bir addım atın - erkən yatın və sağlam yuxunun həyatınızı necə dəyişdirdiyini hiss edin”.