“Azərbaycanda yaşamağa və təhsil almağa dəyər”

Türkiyəli tələbələrimiz deyir ki, ölkəmizin insanları da, təbiəti də, mətbəxi də çox gözəldir

Azərbaycan Tibb Universiteti dünyanın müxtəlif ölkələrindən olan gənclərə qucaq açaraq, onları tibbin müxtəlif sahələri üzrə dərin biliklərlə təmin edir.
Rubrikamızın bu dəfəki qonaqları qardaş Türkiyədən gəlmiş tələbələrimizdir. Onlar universitetimizdəki şəraitdən, təhsil  səviyyəsindən, öz müəllimlərindən, eləcə də Bakıda olmaqdan, milli yeməklərimizdən razılıqla danışırlar. Azərbaycan,
nə üçün ATU-nu seçmələri və s. məqamlarla bağlı gəlin, onları dinləyək. Egehan Arslantürk I Müalicə-profilaktika fakültəsinin 1-ci kursunda oxuyur. Universitetimizi bir qohumunun məsləhəti ilə seçib: “Ailəm Kuşadasında yaşayır. Qrup nümayəndəsiyəm. Mənim Azərbaycana üz tutmağıma səbəb buranın təkcə qardaş ölkə olması deyil, həm də həkim olmaq arzumla əlaqədar idi. Doğrudur, ilk günlər bir az çətinliklərimiz olsa da, xeyirxah müəllimlərimizin sayəsində aradan qaldıra bildik. Dekanımız Natiq Bayramov, dekan müavinlərindən Nüşabə İsgəndərova, Elnarə Nəbiyeva, Niyazi Hacızadənin göstərdiyi dəstəyi unuda
bilmərəm. Məhz onların və digər müəllimlərimizin sayəsində qısa müddətdə Azərbaycana adaptasiya ola bildik. Azərbaycanlı tələbələrin dəstəyi də çox yerinə düşdü. İstər dərslərimiz, istərsə də hansısa başqa bir sıxıntı ilə üzləşəndə həmişə
azərbaycanlı qardaşlarımın yardımını görmüşəm. Onların qayğısı və isti münasibəti məni duyğulandırıb”.
Egehan Bakını gəzib, paytaxtımızı bəyənib, Azərbaycanın bəzi bölgələrində də olub: “Bakı çox xoşuma gəldi. Təmiz və yaraşıqlı şəhərdir. Sanki Avropanın hansısa bir şəhərindəsən. Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edənlərin məzarlarını ziyarət etdim, ruhlarına dualar oxudum. Qənimətlər Parkında da oldum. Parkı gəzdikcə Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin cəsurluğu, mərdliyi gözlərim önündə canlandı. Düşündüm ki, görün onlar nələrin bahasına bu qədər silah-sursatı qənimət kimi əldə edə bilib. Yeməkləriniz də çox dadlıdır. Yarpaq dolması, üç bacı dolmasını yeməklə doymaq olmur. Qurutlu yarpaq xəngəlinin də ayrı bir ləzzəti var. Mədəniyyətlərimiz oxşar
olduğu üçün mətbəximiz də bir-birinə çox bənzəyir”.
Lənkərana səyahət etməyə macal tapmış Egehan deyir ki, oranın bir başqa gözəlliyi və havası var: “Lənkəran çayının xüsusi dadı və ətri adamı məst edir. Türkiyəyə gedəndə evimizə alıb aparmışdım. Dəmlədilər, içdilər, çox xoşlarına gəldi. Atam tapşırıb ki, nə vaxt gəlsəm, yenə alım aparım”.
Selin Sena Çinarın ailəsi isə Ankarada yaşayır. O da 1-ci kurs tələbəsidir və qrup nümayəndəsidir: “Ailəmizin Azərbaycandan olan dost-tanışları çoxdur. Qohumlarımızdan da burada yaşayanlar var. Həm də Azərbaycan qardaş ölkə olduğu üçün ali təhsilimi burada almaq istədim. Qərarımı verdim və Azərbaycan Tibb Universitetini seçdim. Doğrudur, ailədən uzaqda yaşamaq çətindir. Amma mən Azərbaycanda özümü sanki evimizdəki kimi hiss edirəm. Dil məsələsində bəzən sıxıntılarımız olanda, müəllimlərimiz ətraflı izah edir, bizi çətinlik çəkməyə qoymurlar. Universitetdə də, ondan kənarda da hara getsək, hər kəs çalışır ki, kömək etsin. Bu olduqca gözəl bir haldır. Müəllimlərimizdən Səbinə Şadlinskaya sanki bizimlə doğma bir insandır. Həmişə maraqlanır, əlindən gələn köməkliyi göstərir ki, sıxıntı çəkməyək. Leyla müəllimənin də zəhmətini unutmaq olmaz. İlk gündən isti münasibətini görmüşük. Ümumiyyətlə bütün müəllimlərimdən razıyam. Hər kəsdən özümüzə qarşı hörmət və ehtiram gördüm”.
Selin ingilis dili bölməsində təhsil alır. Deyir ki, bu onun təkcə Azərbaycandan deyil, Pakistan və digər ölkələrdən də çoxlu rəfiqələr qazanmağına səbəb olub:
“Bir problem yarandıqda hamımız bir-birimizə kömək edirik. Universitetimiz də güvənlidir. Tələbə yoldaşlarımla yaxşı  münasibətlərim var. Hətta bəzilərinin evlərinə də getmişəm. Bakı təhlükəsiz şəhərdir. Ankarada gecə saat 11-dən sonra
qızlar təkbaşına gəzə bilməz. Amma burada elə bir narahatlıq yoxdur. Nə zaman şəhərə çıxsan, kimsənin səninlə işi olmaz. Bu çox gözəldir. Azərbaycanı seçməyimdən peşman deyiləm”.
Selin milli yeməklərimizdən, toylarımızdan ağızdolusu danışdı: “Ətli yeməkləriniz çox dadlıdır. Bizdə ətə ədviyyat çox vurulur. Sizdə isə çox istifadə edilməz. Ona görə də ətin öz dad-tamı qalır. Yeyəndə bunu hiss edirsən. Xüsusilə kabablarınız
çox dadlıdır. Sizin toylarda da olmuşam. Türkiyə toylarından çox fərqlidir. Yeməyi bol verirsiniz. Süfrədə nədən başlayıb, nədən qurtaracağını bilmirsən. İlk dəfə toyda olanda bunu görüb, çox çaşdım. Fikirləşdim ki, bu qədər yemək nə üçündür?
Gördüm hamı yeyir, mən də yedim (gülür). Yeməklər, salatlar – hamısı çox dadlı idi”.
Selin Bakının görməli yerlərində olub, Heydər Əliyev Mərkəzinə, Dağüstü Parka baş çəkib: “Dağüstü Parkdan Bakını seyr etmək ruhuma bir dinclik verir. Türkiyədən yanıma gələnlər olanda ora aparıram ki, Bakını seyr edib, heyran qalsınlar”.
Həmsöhbətimiz gələcəkdə ya plastik cərrah, ya da dermatoloq olmaq fikrindədir.
Hələ ki qərar verməyib: “Hər dərsə qatıldığımızda yeni şeylər öyrənirik. Ona görə gələcəkdə fikrim dəyişə də bilər”.
Daha bir tələbəmiz Muhammed Furkan Han Stomatologiya fakültəsinin 1-ci kursunda oxuyur. O da qrup rəhbəridir. Gələcəkdə implantoloq, üz-çənə cərrahı sahəsində uzman olmaq istəyir.
Muhammed Bakını daha yaxşı tanıyır. Çünki iki ildir Azərbaycandadır: “Universitetin diplomu başqa ölkələrdə tanındığı üçün seçdim. ATU-nu bitirdikdən sonra Almaniyada təhsilimi davam etdirmək niyyətindəyəm. Bizə dərs keçən müəllimlərdən çox razıyam. Hər məsələdə kömək edirlər. Dekanımız, dekan müavinləri hər an yanımızdadırlar. O səbəbdən də özümü burada tənha hiss etmirəm”.
İndiyədək Şəhidlər Xiyabanında, Dənizkənarı bulvarda, ticarət mərkəzlərində olub, Bakını bəyənib. Üzgüçülüyü çox sevir. Bunun üçün adətən Mərdəkana gedir:
“Naxçıvanda da olmuşam. Ora da çox gözəl və qədim bir məkandır. Sanki insan ecazkar bir aləmə düşür. Qədimiliyi insanı çox çəkir. Yeməklərdən isə yarpaq dolması xüsusilə xoşuma gəldi. Qazlı sularınızdan da içirəm. Bir sözlə, Azərbaycanın insanları da, təbiəti də, yeməkləri də çox gözəldir. Burada yaşamağa və təhsil almağa dəyər”.