Əməkdaşımız Moskvada nadir xəstəliklər üzrə konfransda iştirak edib

Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində nadir xəstəliklər üzrə mütəxəssislərin konfransı keçirilib. Lomonosov Klasterində təşkil olunan iki günlük "Nadir xəstəliklər: Akademik dinləmələr" adlı tədbirə MDB ölkələrindən 900-ə yaxın iştirakçı toplanıb və 1200-dən çox iştirakçı onlayn qoşulub.

Konfransda ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə və tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərva təmsil ediblər.

Tədbirdə nadir xəstəliklər sahəsində ekspertlər bir araya gələrək, terapiyanın klinik effektivliyinin qiymətləndirilməsi, müşahidəli çoxmərkəzli tədqiqatların təşkili, müalicənin əlçatanlığının qanunvericilik və sosial aspektləri kimi məsələlər ətrafında müzakirələr aparıblar. Müxtəlif ixtisaslı həkimlərin - cərrahlar, onkoloqlar, allerqoloq-immunoloqlar, genetiklər, hematoloqlar, anestezioloq-reanimatoloqlar, klinik laboratoriya mütəxəssisləri, nadir xəstəliklərin müalicəsi sahəsində mütəxəssislər, tibbi yardımın təşkili sahəsində ekspertlər və səhiyyə orqanlarının regional nümayəndələrinin iştirak etdiyi konfrans nadir xəstəlikləri olan xəstələrə qayğının inkişafı sahəsində prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi yüksək qiymətləndirilib.
Alimlərimiz elm, biznes və istedadları birləşdirən məkan - Lomonosov Klasterində təqdimatla çıxış ediblər. Təranə Tağı-zadə rəhbərlik etdiyi assosiasiyanın tarixi və nailiyyətlərindən danışıb. O vurğulayıb ki, 95 illik fəaliyyəti dövründə APA ölkə miqyasında ana və uşaq sağlamlığının qorunmasına böyük töhfələr verib. Bu illər ərzində təşkilat mütəxəssislərin peşəkar inkişafına xüsusi diqqət ayıraraq, çoxsaylı təlimlər həyata keçirib. Bununla yanaşı, tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə müvafiq standartların hazırlanması və tətbiqi işində də aparıcı rol oynayıb. Assosiasiya, həmçinin ictimai maarifləndirmə kampaniyaları təşkil edərək cəmiyyətin bu sahədə məlumatlılığının artmasına və sağlamlıq mövzusunda şüurun formalaşmasına mühüm töhfələr verib.
Alimlərimiz təqdimatlarında genetik tədqiqatlar, fərdi genetik diaqnostikanın inkişafı, süni intellekt və bioinformatika texnologiyalarının tibdə tətbiqi kimi innovativ yanaşmalardan geniş bəhs ediblər. Onlar bu texnologiyaların köməyi ilə nadir patologiyaların mahiyyətini daha dərindən anlamağın, erkən diaqnostikanın dəqiqliyini artırmağın və daha effektiv müalicə üsullarının tətbiqinin mümkün olduğunu vurğulayıblar.

T.Tağızadə bildirib ki, mindən çox alim, mühəndis, proqram tərtibatçıları və digər mütəxəssisləri birləşdirən, rezidentlərin yüksək texnologiyalı layihələrin inkişafı üçün hərtərəfli dəstəyə, geniş xidmətlərə çıxış əldə etdiyi Lomonosov Klasteri Moskva Dövlət Universitetinin Texnoloji Vadisi bazasında inşa edilmiş dünyanınm ən tanınmış elmi və texnoloji mərkəzlərindən biridir.
O, ölkəmizdə son illərdə genetik xəstəliklərin erkən aşkar olunması və qarşısının alınmasına yönəlmiş genetik diaqnostika və prenatal müayinə metodlarının inkişaf etdirildiyini bildirib: “Nadir xəstəliklərdən əziyyət çəkən bəzi xəstələrin həyati vacib tibbi müdaxilələrə ehtiyacı var. Bəzi hallarda orqan transplantasiyası qaçılmazdır. Məsələn, bəzi autoimmun xəstəliklər var ki, onların müalicəsi üçün mütləq qaraciyər transplantasiyası tələb olunur. Bununla yanaşı, elə nadir xəstəliklər mövcuddur ki, onların müalicəsi yalnız kompleks və uzunmüddətli tibbi prosedurların tətbiqi ilə mümkündür. Bu sahədə Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək istərdim. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, xüsusilə azyaşlı uşaqlara mütəmadi olaraq yardım göstərir və onların müalicəsinə dəstək olur. Məqsəd nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə
və tibbi təminat imkanlarını artırmaqdan ibarətdir”.

Səfər çərçivəsində MDB-yə üzv dövlətlərin Konsorsiumu ilə Azərbaycan Pediatrlar Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.