Prorektor Nazim Pənahov: Struktur dəyişiklikləri, həm də qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni bir yoldur
Tədris işlər üzrə prorektor, professor Nazim Pənahov, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və İnformasiya Texnologiyaları Departamentinin müdiri Rəmzi Əliyev AT-nun bütün fakültələri üzrə imtahan suallarını tərtib edən ekspertlərlə görüş keçiriblər.
Görüşdə çıxış edən professor N.Pənahov imtahan prosesi və onun həyata keçirilməsində baş verən yeniliklər, bu istiqamətdə ekspertlərin üzərinə düşən məsuliyyətlə bağlı məlumat verib: “Elmi Şuranın qərarı və rektorun əmri ilə İmtahan Mərkəzi bir qurum kimi ləğv edilib. Bu səbəbdən də imtahan sistemində və imtahanların keçirilmsində bəzi dəyişikliklər olub. İndən sonra adıçəkilən qurum İnformasiya Texnologiyaları Departamentinin nəzdində bir şöbə kimi fəaliyyət göstərəcək. Şöbəyə Cəmilə Quliyeva rəhbərlik edir. İmtahanların koordinasiyası isə İT departamenti tərəfindən həyata keçiriləcək. Məlumunuz olsun ki, bu, sadəcə bir struktur dəyişikliyi deyil, eyni zamanda qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni bir yoldur”.
Prorektor xatırladıb ki, bu il İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq: “Gələn ildən etibarən Müalicə-profilaktika fakültələrinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər. Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər. Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdə keçiriləcək, nəzəri və praktik hissədən ibarət olacaq”.
N.Pənahov ekspertlərə münasibətdə də dəyişikliklər olacağını diqqətə çatdırıb: “Siz kafedra müdirinin təqdimatı ilə ekspert kimi fəaliyyət göstərirsiniz. Sizin bal qiymətləriniz də artırılacaq. Əməyinizin dəyərləndirilməsi prinspinə keçəcəyik. Sualların yazılışına, yoxlanılmasına, məxfiliyinin qorunmasına, keyfiyyətinə ekspert kimi cavabdeh olacaqsınız. Sizin tərəfinizdən hazırlanan suallar imzalandıqdan sonra sual formatında tələbəyə veriləcək. Bu da istər-istəməz apellyasiya şikayətlərinin almasına səbəb olacaq. Ona görə test hazırlayan zaman diqqətli olmalısınız ki, hansısa səhv sual sistemə düşməsin. İmtahan zamanı suallarla bağlı hansısa problem yaranacaqsa, biz bunun səbəbini artıq kafedra müdirlərindən deyil, imtahan ekspertlərindən soruşacağıq. Ona görə də qüsurlu hesab etdiyiniz testlər varsa, indidən dəyişə bilərsiniz”.
Dosent K.Yaqubov öz çıxışında aprelin 12-dən etibarən Müalicə-profilaktika fakültəsində, daha sonra isə digər ixtisaslar üzrə kollokviumların başlayacağını bildirib: “Ekspertlərimizin fəaliyyəti ilə bağlı bəzi məqamlar kollokviumdan və ildə iki dəfə imtahanlardan sonra müzakirə olunur. Amma buna baxmayaraq, hər semestrdə testlərlə bağlı fərqli-fərqli problemlər ortaya çıxır. Əvvəllər cərrahi və daxili xəstəliklərlə bağlı hazırlanmış suallarda problemlər yaşayırdıq. Bu zaman kafedralar edilmiş səhvə görə bir-birini günahlandırırdılar. İndi həmin problem aradan qalxıb. Lakin buna baxmayaraq, yenə də xoşagəlməz məqamlara rast gəlinir. Ona görə də hər görüşümüzdə tövsiyə edirik ki, hansı mübahisə doğuran test olarsa, sistemə daxil edilməsin. Testlər tədris proqramı və sillabuslara uyğun hazırlanmalıdır”.
K.Yaqubov təkrar dinləmə fənləri ilə bağlı da diqqətli olmağı məsləhət görüb: “Çünki tələbələr arasında köhnə və yeni standartlarla təhsil alanlar var. Suallar onlara tədris olunan fənnə uyğun hazırlanmalıdır. Bildiyiniz kimi, universitetimizdə tədris üç dildə aparılır. Ona görə də hazırlanan testlərin sayı hər üç dildə eyni olmalıdır”.
İT departamentinin müdiri Rəmzi Əliyev də ekspertləri hazırladıqları testin düzgünlüyünə tam əmin olduqdan sonra imza atmağa çağırıb. Bildirib ki, əgər hansısa suallarda şübhəli və qaranlıq məqamlar varsa, onu imtahanlar başalayanadək dəyişə bilərlər: “Məqsədimiz imtahan zamanı suallarla bağlı problemlərin ortaya çıxmamasıdır. İstəyirik ki, apellyasiya şikayətlərinin sayı minimuma endirilsin. Hazırladığınız suallarla bağlı imtahanlardan sonra dəyərləndirmə aparmaq imkanlarımız olacaq. O zaman qərar vermək mümkün olacaq ki, hansı ekspertlə fəaliyyətimizi davam etdirək, ya yox. Aralıq imtahanlarından sonra suallar və ədəbiyyatlarla bağlı hazır şablonlar göndəriləcək. Tədris olunan ədəbiyyatlar indidən elektron sistemə salınmalıdır ki, sonra tələbələr “başqa ədəbiyyatlardan oxumuşuq” deyə bəhanə gətirə bilməsinlər”.