Aprelin 8-də ATU-nun Tədris Terapevtik Klinikasında I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib. Açılış nitqi ilə çıxış edərək öncə professor-müəllim heyətini salamlayan fakültənin dekanı, dosent Elşad Novruzov tələbələrin gələcəkdə alim kimi yetişməsində Tələbə Elmi Cəmiyyətinin rolunu xüsusi vurğulayıb. O, elmi məruzələrin təqdimatı üçün rəqabət mühitinin yaradıldığını və universitetin rektoru, professor Gəray Gəraybəylinin TEC-in fəaliyyətini daim diqqətdə saxlaması sayəsində bu sahəyə maraq göstərən tələbələrin sayının ildən-ilə artdığını bildirib. Terapevtik paneldə 25, cərrahi paneldə 32, təməl elmlər panelində isə 14 məruzə olmaqla, ümumilikdə 71 məruzənin dinləniləcəyini xatırladan fakültənin dekanı, fakültə üzrə qiymətləndirmədə aparılan islahatların əhəmiyyətindən də danışıb. Həmçinin maraqlı tədqiqat işlərin ərsəyə gəlməsində elmi rəhbərlərin əməyini yüksək qiymətləndirərək, onların etimadını doğruldacaqlarına əmin olduğu tədqiqatçı tələbələrə uğurlar arzulayıb.
TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov həm tələbələri, həm də müəllimləri Tələbə Elmi Cəmiyyəti Şurası adından salamlayaraq bu cür konfransların ənənəvi olaraq hər il keçirildiyini, ən bacarıqlı, ən layiqli tələbələrin bu prosesə cəlb edildiyini və seçilən tədqiqat işlərinin nüfuzlu elmi jurnallarda dərc olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə təhsilimizdə, elmimizdə qazanılan nəticələrə nəzər saldıqda, həqiqətən də, böyük bir inkişafın şahidi oluruq: “Bu inkişafın başlanğıcı və ünvanı ilk növbədə Ulu Öndərin adı ilə bağlıdır. Elmi fəaliyyət istiqamətində görülən işlər bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bizim də əsas məqsədimiz bu qayğıya cavab olaraq istedadlı, bacarıqlı, intellektual səviyyəsi yüksək olan tələbələri aşkar etməkdir. Fakültə Tələbə Elmi Cəmiyyətində iştirakçı sayının çox olması da bir göstəricidir. Tələbələrimizin beynəlxalq konfranslarda da uğur qazanması sevindirici haldır. Bu baxımdan I Müalicə-profilaktika fakültəsinin tələbələrinin Səmərqənddə keçirilən beynəlxalq olimpiadanın qalibi olması yüksək nəticədir və bu münasibətlə Fakültə Tələbə Elmi Cəmiyyətinin rəhbərliyini ürəkdən təbrik edirəm”.
Elmi tədqiqat işləri ilə bağlı əsas hədəflərə də toxunan TEC-in elmi rəhbəri gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini deyib və bunu hörmətli rektorumuzun tədqiqatçı tələbələri daim diqqətdə saxlaması, elmi araşdırmalar üçün universitetimizdə əlverişli şəraitin yaradılması ilə əlaqələndirib.
6-8 may 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalının keçiriləcəyi haqqında da tədbir iştirakçılarına məlumat verən M. Həsənov hər fakültədən seçilmiş ən yaxşı məruzələrin həmin festivala təqdim ediləcəyini söyləyib.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Vəsadət Əzizov da konfransda çıxış edərək, öz təəssüratlarını bölüşüb. Uzun illər Tələbə Elmi Cəmiyyətində fəaliyyət göstərdiyini xatırladan professor, bügünkü konfransa bu qədər maraq göstərilməsindən məmnunluğunu dilə gətirib və təşkilati işi yüksək qiymətləndirib. Bildirib ki, elmi tədqiqat işinin formalaşdırılması əslində insanın özünü formalaşdırır, nitq qabiliyyətini inkişaf etdirir və fikrini qısa müddətdə tam ifadə etmək imkanı yaradır. Eyni zamanda hər bir tələbənin tədqiqat işinin məqsədinə, məramına uyğun nəticələr əldə etməsinə zəmin hazırlayır.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransında qürur hissi ilə iştirak etdiyini deyib. Ölkəmizdə gedən dinamik inkişafın bütün sahələri, o cümlədən elm sahəsini əhatə etdiyini bildirərək, bu inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin və müzəffər Ali Baş Komandan İlham Əliyevin töhfəsi kimi dəyərləndirib.
Təməl elmlər səviyyəsində hazırlanan bütün məruzələrlə yaxından tanış olduğunu söyləyən kafedra müdiri, tələbələrin ən müasir mövzularda məruzələr hazırladığına diqqət çəkərək bildirib ki, biz də vaxtilə tələbə elmi konfranslarında çıxışlar etmişik, həyəcanlanmışıq. İndi o həyəcanı yaşayan tələbələrimizin böyük uğurlar qazanacaqlarına inanıram və bu əminliyə elmi tədqiqat üçün universitetimizdə hər cür şəraitin yaradılması əsas verir.
Bundan sonra konfrans öz işini terapevtik paneldə davam etdirib. Xatırladaq ki, cərrahi panel üzrə məruzələr aprelin 9-da, təməl elmlər paneli üzrə məruzələr isə aprelin 10-da təqdim olunacaq. Konfrans hər panel iclasından sonra tələbə və müəllmlərin mükafatlandırılması mərasimi ilə öz işini yekunlaşdıracaq.