Azərbaycan Tibb Universitetində aprelin 14-dən Javeriana Universitetinin (Kolumbiya) İnteqrativ Təbabət kafedrasının müdiri, t.e.d., professor Arturo O'Byrnenin iştirakı ilə start götürən silsilə seminarlar davam edir. Əczaçılıq fakültəsinin korpusunda baş tutan ilk seminarda “İnteqrativ Təbabət Konsepsiyasına giriş” mövzusunda mühazirə oxuyan kolumbiyalı alimin bu gün “Sistemli biologiyadan sistemli təbabətə qədər” mövzusunda məruzəsi dinlənilib.
Seminarı giriş sözü ilə açan Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva əvvəlcə inteqrativ təbabətin tarixi inkişaf yolundan danışıb. O, interativ təbabəti elmi, akademik təbabətə dəstək verən köməkçi bir elm sahəsi kimi xarakterizə edərək bildirib ki, dünyanın bir çox ölkələrində inteqrativ təbabətin mərkəzləri, klinikaları, universitetləri fəaliyyət göstərir. Azərbaycanda inteqrativ təbabətin hələ VIII əsrdən inkişaf etdiyini deyən professor M. Vəliyeva dərman bitkiləri, eləcə də gülüşlə, rənglə, arı və zəli ilə müalicənin bəzi vacib aspektlərinə toxunub. Eyni zamanda inteqrativ təbabətə Azərbaycan Tibb Universitetində də xüsusi diqqət yetirildiyini, bu sahə üzrə peşəkar kadrların çalışdığını, ona görə də seqmentar-metamer biopunktura üsulunun banisi, Bioloji Təbabət üzrə mütəxəssis Arturo O’Birnenin mühazirəsinə bu qədər böyük maraq göstərildiyini söyləyib.
Qonağa və tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdıran ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan seminarın əsas məqsədi və məramı haqqında məlumat verib. İnteqrativ təbabətin tibbin bütün sahələrində, o cümlədən xəstəliklərin həm müalicəsində, həm reabilitasiya tədbirlərinin aparılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Bugünkü tədbirdə kolumbiyalı professorun iştirakının gələcəkdə beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə, dar çərçivədə də konkret məsələlərə həsr olunmuş konfransların keçirilməsinə zəmin yaradacağını söyləyən prorektor, konfransın işinə uğurlar arzulayıb.
ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov xarici mütəxəssislərin əməkdaşlarımız və tələbələrimiz qarşısında çıxışlarının əhəmiyyətini diqqətə çatdırıb. Bu nöqteyi-nəzərdən kolumbiyalı professorun mühazirəsinin əməkdaşlarımız üçün faydalı olacağına əminliyini ifadə edərək, konfransın işinə uğurlar diləyib.
Bioloji təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti, professor, Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki Fikriyyə İbrahimli xroniki xəstəliklərin müalicəsinə yeni yanaşmalardan söz açıb. Qeyd edib ki, inteqrativ təbabət xroniki xəstəliklərin müalicəsi üçün 21-ci əsrin təbabətidir.
Bundan sonra mühazirəsini təqdim edən Arturo O'Byrne əvvəlki çıxışında inteqrativ təbabətin təkamlündən danışdığını, yeni mühazirəsində isə inteqrativ təbabətin əsas prinsiplərinin necə dəyişməsinə diqqət çəkib. Xatırladıb ki, 7 min illik tarixi olan bu sistemin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilk tibbi sistem kimi qəbul edildiyini söyləyib. Xatırladıb ki, 7 min əvvəl xəstəlik deyil, xəstənin quruluşu əsas götürülürdü. Onun sözlərinə görə, uzun illər bu yanaşmanın elmi əsasının olmadığı qəbul edilsə də, hazırda sistemli təbabət formalaşıb. Tanınmış mütəxəssis inteqrativ təbabətin ənənəvi tibb və Qərb təbabəti ilə əlaqələri haqqında fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb.
Seminarın sonunda kolumbiyalı alim tədbir iştirakçılarının suallarını da cavablandırıb.