Tibbi tədqiqata necə başlamaq mövzusunda geniş konfrans keçirilib

Tədbirdə ölkə və xarici tibb mərkəzlərindən 120-dən çox mütəxəssis iştirak edib

Aprelin 14-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılığı ilə ATU-da «Tibbi tədqiqata necə başlamaq və onu necə aparmaq olar: ideyadan dərcə və nəzarətə qədər» mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransdan sonra iki gün ərzində Health and Science Initiatives nəzdində Elmi Araşdırmalara Dəstək Mərkəzi tərəfindən “Good Clinical Practice (GCP) – Etibarlı Klinik Təcrübə” təlimi təşkil olunub. Təlimdə uğurla iştirak edən tədqiqatçı həkimlərə beynəlxalq dərəcəli, ISO standartlarına uyğun, üç illik sertifikat verilib.

Konfransda Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d., əməkdar həkim Rauf Bəylərov, həmçinin ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev moderator qismində fəaliyyət göstəriblər. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun böyük elmi işçisi, yerli Etik Komitənin katibi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti və Health and Science Initiatives MMC-nin direktoru Mərziyyə Məmmədova, Almaniyada fəaliyyət göstərən klinik tədqiqatlar üzrə mütəxəssis, GCP və dərman təhlükəsizliyi üzrə tibbi ekspert Jalə Ağayeva və qulaq-burun-boğaz həkimi, allerqoloq, GCP üzrə ekspert, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin sədr müavini Elşən Ağayev məruzəçi qismində geniş təqdimatlarla çıxış ediblər.

Məruzələr zamanı iştirakçılara ideya mərhələsindən başlayaraq tədqiqat sualının formalaşdırılması, metodologiyanın müəyyənləşdirilməsi, tibbi tədqiqatların dizaynı və planlaşdırılması, etik prinsiplərin tətbiqi, məlumatların toplanması və təhlili, elmi məqalə yazılışı, klinik tədqiqatların beynəlxalq standartlara uyğun aparılması ilə bağlı Good Clinical Practice qaydaları, farmakonəzarət prinsipləri və Contract Research Organisation (CRO) ilə əməkdaşlıq imkanları haqqında faydalı məlumatlar təqdim olunub.
Tədbirdə Səhiyyə Nazirliyi, ATU, ADHTİ, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutlarından 120-dən çox mütəxəssis, etik komitə üzvləri, elmi işçilər, müxtəlif ixtisaslar üzrə həkimlər, tədqiqatçılar, o cümlədən ictimai birliklərin nümayəndələri və Almaniya, İngiltərədən olan rezident və mütəxəssislər iştirak edib.

Konfransın sonunda prorektor O.İsayev tədbirin təşkilatçılarına - Səhiyyə Nazirliyinə, Health and Science İnitiatives şirkətinə, ATU-nun əməyi keçən əməkdaşlarına, eləcə də sponsorlara – ROXALL Group, Materia Medica, Remedi və Avromed şirkətlərinə universitet rəhbərliyinin təşəkkürünü çatdırıb.