Universitetimizin əməkdaşı beynəlxalq konqresdə sədrlik edib

Aprelin 10-13-də Türkiyənin Bursa şəhərində 21-ci Ulusal Uludağ Qış Pediatriya  Konqresi keçirilib

Pediatriyanın aktual problemlərinə  həsr olunan konqresdə uşaqlar arasında  son illər geniş yayılmış infeksion xəstəliklər, eləcə də endokrin, revmatoloji, qastroenteroloji xəstəliklər, sidik-ifrazat sistemi xəstəlikləri, xronik öskürəklərin səbəbləri, vizinq sindrom, obstruktiv yuxu apnoesi, ətraf mühitin, ekologiyanın, tütünün uşaq yaşı  xəstəliklərinə təsiri barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda  bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, qida və dərman allergiyası və s. allergik xəstəliklərin uşaqlarda gedişi, diaqnostikası və müalicəsində son yeniliklər, uşaqlarda immun çatışmazlıqlar, tənəffüs yollarının anadangəlmə anomaliyaları, kistik fibroz, təcili və təxirəsalınmaz yardım tələb edən patologiyalar və s. aktual mövzularda bir- birindən maraqlı məruzələr dinlənilib. Geniş diskussiya şəraitində keçən konqresdə ölkəmizi universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova təmsil edib və  “Bronxial astma ”  bölümünə sədrlik ona həvalə olunub.