Hərbi tibb fakültəsində TEC-in konfransı keçirilib

Hərbi tibb fakültəsində Azərbaycan Tibb Universitetinin 95, adıçəkilən fakültənin isə 25 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin VII konfransı keçirilib

Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu ehtiramla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.

Hərbi tibb fakültəsinin şəhid həkimlərindən bəhs edən video-rolikin nümayişindən sonra fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxış edib. O, 2000-ci ildə fakültənin yaradılmasını Ümummilli Liderin Azərbaycan hərbi təbabətinə ən dəyərli töhfəsi kimi qiymətləndirib. Onun davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan gəncliyinə, o cümlədən gənclərin hərbiyə və elmə olan marağının gücləndirilməsinə hərtərəfli diqqətindən danışıb.

TEC-in konfransının əhəmiyyətini vurğulayan fakültə rəisi, tələbələrin bir-birindən maraqlı 16 elmi işlə çıxış edəcəyini bildirib, onların gələcəkdə elmi araşdırmalarını davam etdirməsini arzulayıb.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan öz çıxışında fakültə rəhbərliyinə və konfrans iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb. Bildirib ki, bu cür konfransların keçirilməsi gələcəkdə tələbələrimizin elmi araşdırmalar aparmaları istiqamətində bir bünövrə rolunu oynayır: “Mən özüm də Hərbi tibb fakültəsinin tələbələrinə mühazirə deyirəm. Praktiki dərslərdə tələbələrlə ünsiyyətdə oluram. Çox sevindiricidir ki, onlardakı Vətən sevgisi, vətənpərvərlik hissi tamamilə fərqlidir. Bu da bizi tədris zamanı onlara münasibətdə spesifik yanaşmağa vadar edir. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfərimizin qazanılmasında hərbi həkimlərimizin böyük və qürurverici xidmətləri oldu. Biz həmişə olduğu kimi, bu konfransda da şəhid həkimlərimizi böyük ehtiramla yad etdik. Qəhrəman şəhidlərimizi heç zaman unutmayacaq, gələcək nəsillərin yetişdirilməsində onlardan nümunə götürəcəyik”.

Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, 1-ci dərəcəli kapitan Nurulla Əliyev də çıxışı zamanı 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bu müharibənin qələbə ilə nəticələnməsinə zabitlərimizin, əsgərlərimizin, bütünlüklə xalqımızın öz töhfəsini verdiyini qeyd edib. Azərbaycan Tibb Universitetinin yetirmələrinin müharibədə qəhrəmanlıq nümunələri göstərmələrindən qürur duyduğunu və fəxr etdiyini dilə gətirən N.Əliyev, bu konfransın kursantların həyatında elmə doğru önəmli addımlardan biri olacağını deyib.

Sonra kursantlar elmi məqalələrlə çıxış edib. Sual-cavab əsnasında öz işini başa çatdıran tədbirin sonunda fakültə rəisi M.Rzayev iştirakçılara və çıxış edənlərə minnətdarlığını bildirib. Münsiflər heyəti isə qalibləri elan edib.