TEC-in konfransları bayram əhval-ruhiyyəsində keçib

II Müalicə-profilaktika fakültəsi ilə Tələbə Elmi Cəmiyyətinin konfranslarına yekun vurulub

Aprelin 22-də II Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş konfransı keçirilib. Konfransın açılış mərasimində əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və xalqımızın azadlığı və müstəqilliyi uğrunda öz canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin moderatoru, II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Leyla Səfərli bu konfransın gənc tədqiqatçıların, elmə maraq göstərən tələbələrin öz bilik və bacarığını nümayiş etdirə bildiyi önəmli bir platforma olduğunu söyləyərək, sözü fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyliyə verib. Bayram əhval-ruhiyyəli konfransda Tələbə Elmi Cəmiyyətinin “köynəyindən çıxmış” alimlərin iştirakından məmnunluğunu dilə gətirən dekan, onların hər birinə və bütün qonaqlara təşəkkürünü bildirib. O, TEC-in fəaliyyətinin ildən-ilə daha da canlandığını, tədqiqat sahələrinin genişləndiyini söyləyərək qeyd edib ki, 84 tələbəmiz çıxışa yazılıb və ümumilikdə 180-ə yaxın məqalə təqdim olunub. Bütün bunlar tələbələrin elmə marağının göstəricisidir. Təcrübə də göstərir ki, ən yaxşı klinisistlər araşdırmaçı həkimlərdir. Bu baxımdan araşdırmalar aparan tələbələrə uğurlar arzulayan fakültənin dekanı təşkilati işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.

Açılış tədbirində çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan istedadlı tələbələrin elmi işə cəlb olunmasının çox vacib məsələlərdən biri olduğunu vurğulayıb. Konfransın işinə uğurlar arzulayan prorektor tələbələrin tədqiqat işinə maraq göstərməsinin hər zaman hiss edildiyini söyləyib: “Fakültələr üzrə TEC-in sonuncu konfransı keçirilir. Hər dəfə bu zalda bir həyəcan, bir coşqu hiss olunur. Ən maraqlısı da odur ki, tələbələrlə bərabər bizi də həyəcan bürüyür, tələbəlik dövrünü xatırlayırıq”.

Universitetin rektoru, professor Gəray Gəraybəylinin TEC-in bütün konfranslarını nəzarətdə saxladığını, nəticələrlə maraqlandığını və qazanılan nailiyyətləri yüksək qiymətləndirdiyini diqqətə çatdıran prorektor, hər bir tələbənin gələcəkdə həkim kimi formalaşmasında elmi fəaliyyətin böyük əhəmiyyət daşıdığını deyib. Eyni zamanda universitetin həm nəzəri, həm də kliniki kafedralarının müəllimlərinin tədqiqatçı tələbələrə hər zaman dəstək göstərməsini yüksək qiymətləndirib.

Həm tələbələri, həm də müəllimləri Tələbə Elmi Cəmiyyəti Şurası adından salamlayan TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov bildirib ki, rəhbəri olduğu təşkilatın həyata keçirdiyi fəaliyyət təhsil prosesinin ayrılmaz hissəsidir: “Təhsil prosesində tələbələr öz bacarıqlarını, yaradıcılıq və tədqiqat işlərini nümayiş etdirməklə elmin inkişafı yolunda universitetimizə, ölkəmizə töhfə verməkdədirlər. Bu baxımdan görürük ki, sadədən mürəkkəbə doğru böyük bir inkişafa nail olmuşuq. Bu inkişaf ilk növbədə Azərbaycan tibb elminə, tibb təhsilinə xüsusi töhfə verən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Elmi fəaliyyət istiqamətində görülən bu işlər möhtərəm prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir”.

M.Həsənov tələbə elmi-tədqiqat işlərinin formalaşmasında vahid bir platforma qurulduğunu, konkret məqsəd və vəzifələrin müəyyənləşdirildiyini vurğulayıb. Universitetin rektoru tərəfindən gənc tədqiqatçılara xüsusi qayğı göstərildiyinə diqqət çəkən natiq qeyd edib ki, əsas məqsəd istedadlı, bacarıqlı tələbələri TEC-ə cəlb edərək onların potensialını üzə çıxarmaqdır.

Konfransin işinə onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin Elmi və innovasiya işləri üzrə prorektoru Elsevər Əsədov elmi-tədqiqat işləri aparmaq üçün resursların artmasını müsbət hal kimi dəyərləndirərək, beynəlxalq arenaya çıxmağın heç də asan olmadığını bildirib. Bu nöqteyi-nəzərdən Naxçıvan Dövlət Universitetinin digər ali məktəblərlə, o cümlədən Azərbaycan Tibb Universiteti ilə elmi əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub və konfransın işinə uğurlar arzulayıb.

II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə məlumat verərək bildirib ki, təqdim edilən tədqiqat işləri ildən-ilə artır. Belə ki, əgər 2017-2018-ci illərdə təqdim edilən işlərin sayı 80 idisə, keçən il 150-yə çatıb, bu il isə daha çoxdur: “Ona görə də kafedralardan xahiş edirik ki, ən yaxşılarını seçib göndərsinlər. Onu da qeyd edim ki, elmi işləri artıq qəbul olunan, konfransın materiallarında dərc olunan tələbələr, hansı yeri tutmalarından asılı olmayaraq artıq qalibdirlər”.

ATU TEC-in sədri Həmid Səfərli, fakültə TEC-in sədri Fidan Seyfullayeva, II Müalicə-profilaktika fakültəsinin tələbə-dekanı Eldar Baxşəliyev də açılış mərasimində çıxış edərək öz təəssüratlarını bölüşüblər. Konfransın reqlamenti, proqramı və münsiflər heyətinin tərkibi haqqında tədbir iştirakçılarına məlumat verilib. Həmçinin münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblərə diplom və sertifikatların təqdim olunacağı bildirilib.

Açılış mərasimindən sonra konfrans öz işini panellər üzrə davam etdirib.