Yeniliklər əmək bazarının tələbi əsasında həyata keçirilir
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə komissiya yaradılıb. Aprelin 24-də Azərbaycan Tibb Universitetində komissiyanın tərkibində formalaşdırılmış təhsil ixtisasları qrupu üzrə işçi qrupunun geniş tərkibdə iclası keçirilib.
İclasda işçi qrupun üzvləri ilə yanaşı, digər müvafiq qurumların təmsilçiləri də iştirak ediblər.
Universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov işçi qrupun qarşısında duran prioritet məsələlərdən danışıb və indiyədək görülmüş işlər barədə məlumat verərək, həm əczaçılıq, həm də ictimai səhiyyə fənləri üzrə ixtisaslaşmaya dair ilkin müzakirələrin aparıldığını deyib.
Tədris Departamentin müdiri, dosent Kamandar Yaqubov işçi qrupun daxilində alt işçi qrupu səviyyəsində 3 iclas keçirdiklərini, Elm və Təhsil Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi ilə birgə təşkil edə biləcəkləri ixtisaslaşmalarla bağlı təkliflərini müvafiq qurumlara göndərdiklərini diqqətə çatdırıb: “Rektor göstəriş vermişdi ki, auditoriya və müəllim fondumuzu nəzərə almaqla, hazırlaya biləcəyimiz tədris proqramlarını nazirliklərə təqdim edək. Əczaçılıqla bağlı bütün təkliflərimizi vermişik. Menecment ixtisası və biologiya ixtisaslar qrupu ilə bağlı da əlavə təklifimiz yoxdur. Əsas problem fizioterapevt və tibbi reabilitasiya, tibb bacısı və tibb qardaşı ixtisasları ilə bağlıdır. Bizə tutulan bir irad da ondan ibarətdir ki, ixtisasla ixtisaslaşmanın adı eyni ola bilməz. Bu nöqteyi-nəzərdən geniş tərkibdə yığışıb müzakirələri davam etdirmək qərarına gəldik”.
İclasda çıxış edən Elm və Təhsil Nazirliyində universitetimizin yeni təhsil proqramlarının təsdiq olunması üzrə komissiyanın həmsədri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib ki, əczaçılıqla bağlı nazirliyin təklifi ATU-nun təklifindən fərqli deyil. Ona görə də bu məsələdə problem yoxdur: “Amma düşünürük ki, fizioterapiya üzrə magistratura pilləsində “reabilitasiya” sözü olmasın. Fizioterapiya niyə yalnız nevrologiyada tədris olunmalıdır? Təklifimiz odur ki, kardiovaskulyar cərrahiyyənin inkişaf etdiyi vaxtda fizioterapiya kardiologiyada, həmçinin travmatologiyada tədris edilsin və cərrahiyyədə tibb bacısı və tibb qardaşı ixtisası üzrə magistraturanı bitirən şəxslər çalışsın”.
İclasın gedişində magistratura təhsil səviyyəsi üzrə ixtisaslaşmaların yekun siyahısının təsdiqi də müzakirəyə çıxarılıb və əczaçılıq sahəsi üzrə əczaçılıq kosmetologiyası, ədliyyə toksikologiyası, farmakologiya, əczaçılıq fitoterapiyası, klinik əczaçılıq, sənayedə əczaçılığın analizi ixtisaslaşmalarının açılması təklif olunub.
Qeyd edilib ki, əsas məqsəd əmək bazarındakı tələbatı nəzərə almaqla tələbə və magistr yönümlü tədris proqramlarının hazırlanmasıdır.