Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasının müdiri, dosent Samir Cavadlı TUFH (The Network Towards Unity For Health) şəbəkəsinin təşkil etdiyi HWEPG (“Səhiyyə işçilərinin təhsilinin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması”) adlı beynəlxalq təqaüd proqramını uğurla başa vurub
Regional mərkəzlər üçün keçirilən TUFH HWEPG Teaching Fellowship 2025 Proqramının məqsədi təhsil liderləri ilə tərəfdaşlıq şəklində işləyərək onların mövcud HWEPG kursunu öz regionlarına uyğunlaşdırmasını və həyata keçirməsini təmin etməkdir. Proqramda iştirakçıların digərləri ilə paylaşa biləcəkləri kurrikulum dizaynı və tədris bacarıqları yer alır. Mövcud HWEPG kursunun materialları iştirakçılara dəyişdirilmək və ya olduğu kimi istifadə edilmək üçün sərbəst şəkildə təqdim olunub.
Bu kurs dəyişiklik alətləri – qiymətləndirici sorğu, liderlik, birgə iş alətləri – cəmiyyətlə əlaqə, sektorlararası komanda işi, layihənin hazırlanması və qiymətləndirilməsi, yekun təqdimatlar: öz regionlarına uyğunlaşdırılmış kursun inkişafı, həyata keçirilməsi və qiymətləndirilmə planı olmaqla, 6 moduldan ibarətdir. Akademik heyətin effektiv inkişafı, cəmiyyətin ehtiyaclarının müəyyənləşdirilməsi, səhiyyə professionallarının təhsilinin davamlı şəkildə bu ehtiyaclara görə uyğunlaşdırmasını əsas götürülür.
Proqram qlobal akademik heyətin bilik və bacarıqlarını gücləndirmək məqsədi ilə onlayn və hibrid kursların hazırlanması və tətbiqinə fokuslanmışdı. Səkkiz həftəlik intensiv sessiyalar ərzində iştirakçılar regionları üçün uyğunlaşdırılmış HWEPG kurslarının planlaşdırılması, aydın məqsədlərin müəyyənləşdirilməsi və dəstəkləyici onlayn sessiyaların keçirilməsi kimi bacarıqları öyrəniblər. Samir Cavadlı proqramın yekun layihəsi çərçivəsində Azərbaycan kontekstinə uyğun bir kursun inkişaf, tətbiq və qiymətləndirmə planını hazırlayaraq təqdim edib.
Təqaüd proqramı iştirakçılara təkcə peşəkar biliklərini artırmağa deyil, həm də beynəlxalq həmkarları ilə təcrübə mübadiləsi aparmağa, yerli səhiyyə və təhsilin inkişafı üçün yeni perspektivlər kəşf etməyə imkan verir. Əldə edilən təcrübənin universitetimizdə tətbiq olunmaqla tələbələrimizə və müəllim heyətinə daha effektiv və cəmiyyətyönümlü təhsil təklif etməsi hədəflənir.
Bu təcrübə səhiyyə təhsilində innovasiyaların təşviqi yolunda mühüm addımdır.