Rektor, professor Gəray Gəraybəyli: Məzunlarımızın Almaniyada böyük uğurlara imza atması qürurvericidir
Aprelin 26-da Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (Deutsch-Aserbaidschanischer Medizinverband - DAMV) təşkilatçılığı ilə Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib. Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən qurultayda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli başda olmaqla, universitetin nümayəndə heyəti də iştirak edib.
Almaniyada və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 200-dən çox həkimin qatıldığı tədbirdə çıxış edən rektor Gəray Gəraybəyli qurultayın əhəmiyyətini vurğulayaraq, bu ölkədə çalışan həmkarlarına görə qürur duyduğunu bildirib və Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin fəaliyyətini Azərbaycanda tibb elminin inkişafına böyük töhfə kimi qiymətləndirib.
Rektor qeyd edib ki, Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi, tibb sahəsində də aparılan islahatlar ölkəmizdə səhiyyə sisteminin inkişafına zəmin yaradıb: “Son illər ərzində tibb təhsilində də mühüm dəyişikliklər baş verib. Hazırda ölkəmizdə 4 ali məktəb - Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Qarabağ Universitetinin Tibb fakültəsi tibb təhsili verir. ATU bu ali məktəblərin hər biri ilə əməkdaşlıq edir”.
Ömrü boyu Tibb Universitetində çalışdığını və bununla fəxr etdiyini deyən professor G.Gəraybəyli ATU məzunlarının Almaniyada sayılıb-seçilməsindən, böyük uğurlara imza atmasından çox sevindiyini diqqətə çatdırıb.
Açılış çıxışlarından sonra panel iclaslarına start verilib. ATU-nun rektoru “Tibb təhsilinin praktik hissəsinin təşkili və dünya təcrübəsi” mövzusunda I panel müzakirəsində çıxış edib.
ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev “Həkimlərin təşkilatlanması” adli II panel sessiyasında, Oftalmologiya kafedrasının dosenti, t.e.d. Tural Qəlbinur “Xaricdə çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsində iştirakı” mövzusunda III panel müzakirəsində, Psixiatriya kafedrasının dosenti İkram Rüstəmov və Tədris Cərrahiyyə Klinikasının uroloq-androloqu, t.ü.f.d. Vasif İsmayıl isə IV panel çərçivəsində keçirilən açıq müzakirələrdə iştirak ediblər.
Qurultay çərçivəsində təşkil olunan müzakirələrdə Azərbaycan səhiyyəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, tibb təhsilindəki problemlər diqqət mərkəzində olub, beynəlxalq əməkdaşlıq imkanları araşdırılıb.
Qeyd edək ki, DAMV 2021-ci ilin yanvarında Almaniyada çalışan azərbaycanlı həkimlər tərəfindən qurulub. Berlin qurultayı Azərbaycan və Avropadakı həkimlər üçün təcrübə mübadiləsinin aparıldığı, səhiyyənin inkişafına dair yeni tendensiyaların bölüşüldüyü önəmli bir platformadır.