Böyük Britaniyanın Essex Universitetinin magistrı və doktorantı, Debrecen Universitetinin Postgraduate Certificate in Higher Education Practice proqramının məzunu Aygün Ağayeva ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasında “İngiltərənin ali təhsil sistemində kurrikulum modelləri və strategiyalar” mövzusunda məlumatlandırıcı seminar keçirib. Kafedranın müdiri, dosent Samir Cavadlı seminarın mövzusu və əhəmiyyəti haqqında məlumat verərək, məruzəçini əməkdaşlara təqdim edib. A.Ağayeva əvvəlcə İngiltərənin ali təhsil sistemi, kurrikulumlar, o cümlədən tibb təhsili sahəsində kurrikulum modelləri, ali təhsil sistemində strategiyalardan danışaraq, təhsil sisteminin təşkili, araşdırma yönümlü təhsil haqqında məlumat verib və hazırda Essex Universitetində təhsil sahəsində araşdırdığı mövzu da daxil olmaqla bu sahədə öz təcrübələrini bölüşüb.
Daha sonra məruzəçi tədris və öyrənmə metodları, öyrədərək öyrənmə, ölçmə-qiymətləndirmə, formativ və summativ qiymətləndirmə üsulları, eləcə də süni intellektin tədrisdə rolu, təhsilə inteqrasiyası haqqında danışıb. Maraqla qarşılanan seminarın sonunda müzakirələr aparılıb, Essex Universitetinin digər mütəxəssisləri ilə əməkdaşlığın qurulması təklifləri səsləndirilib. Seminarda adıçəkilən kafedranın əməkdaşları ilə yanaşı, I Uşaq xəstəlikləri, Normal fiziologiya və Yoluxucu xəstəliklər kafedralarının da bəzi əməkdaşları iştirak edib.
Sonda Aygün Ağayeva seminarın təşkili və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.