Aprelin 24-27-də Türkiyənin Antalya şəhərində uşaq allerqologiyası, immunologiyası və astması üzrə 19-cu beynəlxalq konqres keçirilib
Pediatrik allerqologiya və immunologiyanın aktual problemlərinə həsr olunmuş konqresdə Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının təmsilçiləri də iştirak ediblər. Uşaqlarda xronik öskürəklərin səbəbləri, vizinq sindrom, hava kirliliyinin allergik xəstəliklərə təsiri, bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, övrə, anafilaksiya, qida və dərman allergiyası kimi allergik xəstəliklərin uşaqlarda gedişi, patogenezi, diaqnostikası və müalicəsində son yeniliklər, uşaqlarda immun çatışmazlıqlar və onlara müasir yanaşma kimi aktual mövzularda bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb. Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının təmsilçilərinin (professor İbon Eguiluz-Gracia, professor Mohamed Shami, professor Sophia Tsabouri) “Pediatrik allerqologiyanın yeni horizontları” bölümündəki çıxışları konqres iştirakçıları tərəfindən daha böyük maraqla qarşılanıb. Konqresin keçirildiyi günlər “22-29 aprel - Anadangəlmə (birincili) immundefisit həftəsi”nə təsadüf etdiyindən, konqres çərçivəsində “İmmundefisitli xəstə uşaqlara dəstək” şüarı ilə xüsusi tədbir də baş tutub.
Bu konqresə ölkəmizin təmsilçisi qismində qatılan universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova “IgE-dən asılı yumurta ağı allergiyası olan uşaqlarda tolerans dəyərləndirmə məqsədilə aparılan qida yükləmə testinin nəticələri” adlı bölümə moderatorluq edib.