23-27 aprel 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində ağciyər xəstəlikləri üzrə beynəlxalq konqres keçirilib. Türk Toraks Dərnəyinin təşkilatçılığı ilə keçirilən konqresdə 1200 nəfər iştirak edib.
Avropa Respiratorlar Cəmiyyəti, Amerika Torokal Cəmiyyəti və s. beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı konqresdə hava çirklənməsi və tütünçəkmənin tənəffüs orqanlarına zərərli təsiri, bronxial astma, ağciyər vərəmi, interstisial ağciyər xəstəlikləri, ağciyərlərin xronik obstruktiv xəstəliyi və digər ağciyər patologiyalarının diaqnostika və müalicəsinə müasir yanaşmalara həsr olunmuş məruzələr dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Konqresdə ölkəmizi təmsil edən ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov ağciyər vərəmi işçi qrupunun “Klinik təcrübədə vərəmin müalicəsi, müşahidəsi və yan təsirlər” toplantısında moderator və müzakirəçi kimi iştirak edərək, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıb.