Aprelin 29-da Azərbaycan Tibb Universitetinin “Təbib” Tədris İdman Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat” səyyar layihəsi çərçivəsində universitetin 95 illik yubileyinə həsr olunmuş idman festivalı keçirilib
Festivalın əsas məqsədi tələbələr və universitet əməkdaşları arasında sağlam həyat tərzinin təbliği, kütləvi bədən tərbiyəsinin təşviqi və idmanın gündəlik həyata inteqrasiyasına dəstək vermək olub. Mərkəzin rəhbəri Qələndər Aslanovun verdiyi məlumata görə, tədbirdə universitetin 500-ə yaxın tələbə və əməkdaşı iştirak edib: “Festival çərçivəsində iştirakçılar üçün həm əyləncə xarakterli idman yarışları, həm də müxtəlif yaş qruplarına uyğun fiziki hazırlıq normativlərinin yoxlanılması təşkil olunub. Hər bir iştirakçı əvvəlcədən qeydiyyatdan keçib, öz yaş kateqoriyasına uyğun normativlərlə tanış edilib və “Təbib” Tədris İdman Mərkəzinin peşəkar məşqçi-müəllimlərinin dəstəyi ilə bu normativləri yerinə yetirib”.
Tədbirə xüsusi rəng qatan məqamlardan biri də “Ana məktəbi” uşaq bağçasından dəvət edilmiş 10 nəfər azyaşlının iştirakı olub. Onların enerjili və şən çıxışları alqışlarla qarşılanıb. Festivalın sonunda uğurla iştirak edən 145 nəfər Gənclər və İdman Nazirliyinin sertifikatları ilə təltif olunub.