Əməkdaşlarımız Özbəkistanda yubiley tədbirində iştirak ediblər

ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov, bu kafedranın dosenti Vüqar Məhəmmədov, Rezidentura və magistratura şöbəsinin müdir müavini, kafedranın assistenti Namiq Xəlilov Özbəkistanın Əndican Dövlət Tibb İnstitutunun 70 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak ediblər

Konfransın rəsmi hissəsində rektor, professor M.Mədəzimov institutun keçdiyi inkişaf tarixindən, həmçinin əldə etdiyi nailiyyətlərdən danışıb. Tədbirdə Özbəkistanın səhiyyə nazirinin iştirakçılara ünvanlanmış təbriki oxunub. Əməkdaşlarımız R.Poluxov və N.Xəlilov isə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının təbrik məktublarını səsləndiriblər.

Üç gün davam edən yubiley tədbirində “Profilaktik təbabətdə yüksək innovativ texnologiyaların istifadəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Cərrahiyyə bölməsində N.Xəlilov "Uşaqlarda oma-büzdüm nahiyəsinin anomal törəmələrinin cərrahi müalicəsi" mövzusunda çıxış edib.

Qeyd edək ki, konfrans çərçivəsində təşkil olunmuş plenar, master-klass, poster təqdimatlar və 6 bölmədən ibarət iclaslarda müxtəlif ölkələrdən gəlmiş 140-dan çox mütəxəssis məruzə ilə çıxış edib, tibbin aktual problemləri və yeniliklər müzakirə olunub. Çıxışlarda bildirilib ki, gənc həkimlər və tələbələr bu cür tədbirlər sayəsində öz bilik və təcrübələrini bölüşmək, eləcə də dünya səviyyəli alimlərlə tanış olmaq imkanı əldə edirlər.

Əməkdaşlarımız konfrans çərçivəsində Əndican Tibb İnstitutunda həyata keçirilən tədris prosesi ilə də tanış olub, müəllim və tələbələrlə görüşüb, Uşaq cərrahlığı və Mama-ginekologiya kafedralarının əməkdaşları ilə fikir mübadiləsi aparıblar.

Sonda institutun rəhbərliyi tərəfindən konfransda fəal iştirakına görə əməkdaşlarımıza təşəkkür edilib və sertifikatlar verilib.