ATU-nun əməkdaşı 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2025 sərgidə çıxış edib

Bu günlərdə Bakıda “Suveren Azərbaycan naminə!” şüarı ilə 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2025 sərgisi keçirilib. Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici ölkələrdən 600-ə yaxın mütəxəssis iştirak edib.

 Üç gün davam edən 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun Elmi Panellərində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriya şöbəsinin müdiri Dr. Leyla Həşimova iştirak edib.  O, “Sürətli antibiotik həssaslıq testi ilə əldə edilən nəticələrin avtomatlaşdırılmış sistem nəticələri ilə müqayisəsi” mövzusunda şifahi məruzə ilə çıxış edib. ATU əməkdaşının təqdim etdiyi elmi-tədqiqat işi “Azərbaycan Laborator” Tibb Jurnalının xüsusi buraxılışında dərc olunub.

 Konqresdə biokimya, mikrobiologiya, immunologiya, patologiya, genetika sahələrini əhatə edən simpozium, panel məruzələr və konfranslar təşkil edilib. Həmçinin, Azərbaycanda laborator tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli elm xadimlərinin xatirəsi yad edilib, gənc mütəxəssislərin elmi işlərinin tezisləri təqdim olunub. Qeyd edək ki, konqres çərçivəsində keçirilən elmi panel, simpozium və kurslar Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 31 DTT balı ilə akkreditasiyaya olunub.